Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?

    04.04.2015
Sual: 
Salam aleykum.2 sualim var in saa Allah. 1)Kisiler ucun ince belli Huriler. Bes qadinlar ucun?2)belke Cennetde,in saa Allah,qadin heyat yoldasini qisqanir Hurilerden?!neynemelidi...
Cavab: 

Aleykum salam. Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!" (əl-Əraf, 43).
Cənnətdə həmçinin insanın istədiyi bütün nemətlər dünyadakından daha üstün formada, həmçinin ağlına gəlməyən nemətlər də olacaq. Uca Allah buyurur: "Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır". (Yə Sin, 57)"Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir". (əs-Səcdə, 16-17).

Cənnətdə evlilik də olacaq. Dünyada ikən evlənə bilmədən vəfat edən mömin kişi və qadınlar, Cənnətdə evləndiriləcək və orada evlənməmiş kimsə qalmayacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382).
Hurilər isə Uca Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır, amma dünya qadınları gözəllikdə onları da ötüb keçəcəklər. Daha ətraflı: Cənnətdəki hurilər nə üçündür? 

Həmçinin bilmək lazımdır ki, Uca Allah hər bir quluna qarşı ədalətlidir, buna qətiyyən şübhə etmək olmaz. Uca Allah buyurur:
"Sənin Rəbbin qullara zülm edən deyil". (Fussilət, 46).
"Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (əl-Məidə, 50).
"Məgər Allah hakimlərin ən üstünü deyilmi?" (ət-Tin, 8).

Ona görə də Uca Allahın və Onun elçisinin hökmlərini eşitdikdə itaət etmək lazımdır. Uca Allah buyurur: "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!" - demələridir. Nicat tapanlar da məhz onlardır". (ən-Nur, 51).

Paylaş: