Allahın "ət-Tayyib" adının mənası
ət-Tayyib sözü xoş, yaxşı, pak olan deməkdir. ət-Tayyib olan Allah pakdır və pak olanı sevir. Allahın ət-Tayyib adı Peyğəmbərin hədisində zikr edilir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – demişdir: “Həqiqətən, Allah pakdır və (ona görə də) yalnız pak olanı qəbul edir. Allah öz elçilərinə əmr etdiyini möminlərə də əmr edərək belə buyurur: «Ey elçilər! Halal nemətlərdən yeyin və yaxşı işlər görün! Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!» (əl-Muminun, 51).
Həmçinin, O belə buyurur: «Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!» (əl-Bəqərə, 172).
Sonra Peyğəmbər uzun səfərə çıxan, saçları dağınıq və üst-başı toz-torpaq içində olan bir kişini misal çəkdi və dedi: “O, yediyi haram, içdiyi haram, geydiyi haram olduğu və haram qazancla qidalandığı halda əllərini göyə qaldırıb: “Ey Rəbbim, Ey Rəbbim!” - deyir. Belə olan təqdirdə bu dua necə qəbul olunar?!” (Muslim, 2393).
ət-Tayyib olan Allah bütün nöqsanlardan uzaq və hər bir pislikdən pak olandır.