Hansı hallarda dəstəmaz almaq müstəhəb sayılır (bəyənilir)
1. Uca Allahı zikr etdikdə: Muhacir ibn Qunfud (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) dəstəmaz alarkən ona salam verdim, amma Peyğəmbər (S.A.V.) dəstəmazını bitirənə qədər salamı qaytarmadı. Dəstəmazdan sonra salamı qaytarıb dedi: Sənə cavab verməməyimin səbəbi, dəstəmazsız Allahı zikr etməmək arzumdur»[1].
2. Yatmazdan əvvəl: Bəra ibn Azib (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Yatağına gəldikdə, namaz üçün dəstəmaz aldığın kimi dəstəmaz al və sağ tərəfin üstə uzanıb de: «Allahummə əsləmtu nəfsi ileykə, va vaccəhtu vachi ileykə, va fəvvadtu əmri ileykə, va əlcətu zahri ileykə, rağbətən va rahbətən ileykə, lə məlcəə va lə məncə minkə illə ileykə, Allahummə əməntu bikitəbikə-l-ləzi ənzəltə va bi nəbiyyikə-l-ləzi ərsəltə». (Allahım! Nəfsimi Sənə təslim etdim. İşimi Sənə həvalə etdim. Üzümü Sənə çevirdim. Sənə ümid edərək və Səndən qorxaraq Sənə kürəyimi çevirərək Sənə arxalandım. Sənə pənah gətirmək və Səndən çəkinmək ancaq Sənə üz çevirməkdədir. Endirdiyin Kitaba və göndərdiyin Peyğəmbərə iman gətirdim).
Əgər bunu deyib ölsən, fitrət üzərə (müsəlman kimi) öləcəksən. Bunu, ən axırda oxu»[2].
3. Cənabətli olanda: Boynunda cənabət qüslü olan şəxsin, yemək, içmək, yatmaq və ya təkrar cinsi yaxınlıq etmək istədikdə dəstəmaz alması yaxşıdır.
Aişə (A.R.O.) deyir ki, «»Peyğəmbər (S.A.V.) cənabətli olarkən yemək və ya yatmaq istədikdə namaz üçün aldığı dəstəmazı alardı»[3].
Ammar ibn Yasir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.), yemək, içmək və ya yatmaq istəyən cənabətli insana, namaz üçün aldığı dəstəmazı alıb sonra bu əməlləri etməsini rüsxət etmişdir»[4].
Əbu Səid (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz ailəsi ilə yaxınlıq edib, sonra yenidən istəsə dəstəmaz alsın»[5].
4. Vacib və ya müstəhəb (qeyri vacib) qüsldən öncə:
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) cənabət qüslü aldıqda birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su töküb cinsiyyət orqanını yuyar, sonra namaz üçün aldığı dəstəmazı alardı»[6].
5. Odda bişmiş yeməkdən sonra: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini deyir: «Odda bişmiş yeməkdən sonra dəstəmaz alın»[7]. Hədisdə qeyd olunan əmr, digər hədisə görə, müstəhəb mənasına yozulur. Demək, Amr ibn Umeyyə əd-Damri deyir: «Mən, Peyğəmbəri (S.A.V.), qoyunun qolundan kəsib yediyini gördüm. Sonra o namaza çağırıldıqda qalxıb bıçağı yerə qoydu və dəstəmaz almadan namaz qıldı»[8].
6. Hər namaz üçün dəstəmaz almaq: Bureydə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) hər namazdan öncə dəstəmaz alardı. Amma Məkkənin Fəthi günü dəstəmaz alıb xöflərinin üzərinə məsh çəkdi və namazları bir dəstəmaz ilə qıldı. Ömər ona dedi: Ey Allahın elçisi, sən əvvəllər etmədiyin bir işi edirsən. Peyğəmbər (S.A.V.) dedi: Ey Ömər, mən bunu bilərəkdən edirəm»[9].
7. Hər dəfə dəstəmaz pozulduqda: Bureydə (A.R.O.) deyir ki, bir gün səhər Peyğəmbər (S.A.V.) oyanıb Bilalı çağırdı və dedi: «Ey Bilal, sən hansı əməllə məndən öncə cənnətə girmisən. Çünki, mən dünən cənnətə daxil olduqda orada sənin ayaq səslərini önümdə eşitmişəm? » Bilal dedi: Ey Allahın elçisi, mən hər azan verdikdən sonra iki rükət namaz qılır, hər dəfə dəstəmazım pozulanda dərhal dəstəmaz alıram. Peyğəmbər (S.A.V.) dedi: «Demək buna görə!»
8. Qusduqdan sonra: Mədan ibn Əbu Talha, Əbu Dərdadan (A.R.O.) rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) qusdu, sonra orucunu açıb dəstəmaz aldı» Mədan deyir ki, mən Dəməşq məscidində Sövbanı gördüm və bu hədisi ona danışdım. O dedi: «Düz deyib. Onun dəstəmaz alması üçün suyu mən tökürdüm»[10].
9. Meyiti daşıyan: Peyğəmbər deyir ki, «Ölünü yuyan qüsl, onu daşıyan isə dəstəmaz alsın»[11].
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 280. Əbu Davud: 1/ 34/ № 17. İbn Macə: 1/ 126/ № 350. Nəsai: 1/ № 37. Onun rəvayəti mərfu deyil/ yəni/ birbaşa Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) istinad olunmur.
[2] Buxari: 11/ 109/ № 6311. Müslim: 4 / 2081/ № 2710.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 162. Müslim: 1/ 248/ №305. Nəsai: 1/ №138. Əbu Davud: 1/ 374/ № 221.
[4] Hədis səhihdir. Əbu Davud: 1/ 375/ № 222.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 263. Müslim: 1/ 249/ №308. Əbu Davud: 1/ 371/ №217. Tirmizi: 1/ 94/ №141. Nəsai: 1/ № 142.İbn Macə: 1/ 193/ №587.
[6] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: №155. Səhih Müslim: 1/ 253/ №316.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: №147. Səhih Müslim: 1/ 272/ №352. Nəsai: 1/ №105.
[8] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: №148. Səhih Müslim: 1/ 274/ №355. Bu onun tərtibatıdır. Buxari: 1/ 311/ №208.
[9] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: №142. Səhih Müslim: 1/ 232/ №277. Əbu Davud: 1/ 292/ №171. Tirmizi: 1/ 42/ №61. Nəsai: 1/ 86. Bu onun tərtibatıdır. Buxari: 1/ 311/ №208.
[10] Hədisin sənədi səhihdir. Təmamul Minnə: səh. 111. Tirmizi: 1/ 58/ №87. Əbu Davud: 7/ 8/ №2364. Amma orada dəstəmaz alması qeyd olunmur.
[11] Hədis səhihdir. Albaninin, əl-Cənaiz kitabı: səh. 53. Müsnədi Əhməd: 2/ 145/ №486. İbn Hibban: məvarid əz-zəməan, 751. Beyhəqi: 1/ 300. Tirmizi: 2/ 231/ №998, buna oxşar mənada. Hədisin zahiri vacibliyi bildirir. Lakin biz, İbn Abbasın (Allah ondan razı olsun) Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisə görə vacib demirik. Hədisdə deyilir ki, «Ölünüzü yuduğnuz üçün qüsl almağınız gərək deyil. Ölünüz murdar deyil. Əllərinizi yumağınız kifayətdir». Bu hədisi Hakim: 1/ №386. Beyhəqi: 3/ №398 – də rəvayət etmişlər. Bu məlumatlar, Şeyx Albaninin "Əhkamul Cənaiz" adlı kitabından (səh. 53) müxtəsər şəkildə iqtibas edilmişdir.