Dəstəmazı pozan amillər

    10.03.2015

1. Ön və arxa ifrazat çıxışlarından xaric olan, sidik, nəcis və ya yel:

Allah təalə buyurur: «... və ya ayaq yolundan gəldiyiniz zaman...»[1]. Ayədəki, «ayaq yolundan» sözü, ifrazat çıxışlarından xaric olan ifrazat mənasını daşıyır.
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir ki, «Hədəs edən, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz».
Hadramovtdan olan bir kişi: Ey Əbu Hureyrə (A.R.O.) «Hədəs» nə deməkdir?
Əbu Hureyrə: Səsli və ya səssiz yel.
 
Dəstəmazı pozan digər amil, məzi və ya vadinin ifraz olunmasıdır:

İbn Abbas deyir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et"[2].
2. Dərin yuxu: Yəni, yatan insan yuxuya tam qapanmalıdır. Bədəninin oturacaq hissəsi yerdə ola-ola oturub yatmaq, digər vəziyyətdə yatmaqdan fərqlənmir, hökmləri eynidir. Səfvan ibn Əssal (A.R.O.) deyir ki, «biz səfərdə olarkən, Peyğəmbər (S.A.V.) bizə, cənabət halı istisna olmaqla, yüngül və ya ağır subaşına getdiyimizə, yaxud yuxuya daldığımıza görə üç gün xuflərimizi[3] çıxarmamağı əmr edərdi»[4]. Bu hədisdə Peyğəmbər (S.A.V.) yuxunu, (dəstəmaza təsir baxımından) sidik və nəcislə bərabər tutmuşdur.
Əli (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Göz, arxa orqanın kəndiridir. Kim yatarsa dəstəmaz alsın»[5].
Hədisdə deyilən, «Oyaq olmaq, arxa orqanın kəndiridir» - sözlərinin mənası belədir ki, oyaq olmaq ifrazatın çıxmasını qoruyur. Belə ki, insan oyaq olduqca bədənindən çıxanları hiss edir[6].

3. Xəstəlik və ya sərxoşluq səbəbi ilə huşunu itirmək: Çünki, yuxuya nisbətən, belə hallarda bədənə hakim olmamaq daha realdır.

4. Cinsiyyət orqanlarına bilavasitə şəhvət hissi ilə toxunmaq:  Peyğəmbər (S.A.V.) demişdir: «Kim cinsiyyət orqanına əl vurarsa dəstəmaz alsın»[7].
Başqa hədisdə (cinsiyyət orqanına əl vurduqda dəstəmazın pozulub-pozulmaması haqqında sual verənə) Peyğəmbər (S.A.V.) deyir ki, «Məgər, o sənin bədəninin bir parçası deyil!»[8]. Bəli, toxunma ilə bərabər şəhvət hissi olmadıqca həmin orqan bədənin bir hissəsi sayılır. Çünki orqana şəhvətsiz toxunmaq, bədnin hər hansı hissəsinə toxunmaq kimidir. Amma şəhvət hissi ilə toxunmaq isə bədənin başqa üzvünə toxunmaq kimi deyil. Çünki adətən başqa orqanlara toxunmaq şəhvət hissi ilə olmur. Gördüyün kimi, məsələ aydındır[9].

5. Dəvə əti yemək: Bəra ibn Azib (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Dəvə əti yedikdən sonra dəstəmaz alın, qoyun əti yedikdən sonra isə dəstəmaz almayın»[10].
Cabir ibn Səmurə (A.R.O.) deyir ki, bir kişi Peyğəmbərdən (S.A.V.) soruşdu: Qoyun əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (S.A.V.) dedi: «İstəsən dəstəmaz al, istəməsən alma». Kişi dedi: Bəs dəvə əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (S.A.V.) dedi: «Bəli dəvə əti yedikdən sonra dəstəmaz al»[11].


[1] əl-Maidə: 6.
[2] Rəvayət səhihdir. Səhih Sünəni Əbu Davud: 190. Beyhəqi: 1/ 115.
[3] Ayaq üçün, dəridən hazırlanmış geyim.
[4] Hədis həsəndir. Səhih Sünən Nəsai: 123. Tirmizi: 1/ 65/ 69. Nəsai: 1/ 84.
[5] Hədis həsəndir. Səhih Sünən İbn Macə: 386. İbn Macə: 1/ 161/ 477. Əbu Davud: 1/ 347/ 200.
[6] Neylul Əvtar: 1/ 242.
[7] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 388. Əbu Davud: 1/ 307/ 179. İbn Macə: 1/ 161/ 479. Nəsai: 1/ 100. Tirmizi: 1/ 55/ 82. Onun rəvayətində/ «... Namaz qılmasın» - sözləri əlavə olunur.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 392. Əbu Davud: 1/ 312/ 180. İbn Macə: 1/ 163/ 483. Nəsai: 1/ 101. Tirmizi: 1/ 56/ 85.
[9] Təmamul Minnə: 103.
[10] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 401. Əbu Davud: 1/ 315/ 182. Tirmizi: 1/ 54/ 81. İbn Macə: 1/ 166/ 494. Müxtəsər şəkildə rəvayət etmişdir.
[11] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 146. Səhih Müslim: 1/ 275/ 360.