Dəstəmazın fərz əməlləri

    10.03.2015

 

  1. Üzü bir dəfə yumaq. Bura, ağız və burunun yuyulması da daxildir.
  2. Əllərin dirsəklərə qədər bir dəfə yuyulması[1].
  3. Başın hər tərəfinə bir dəfə məsh etmək. Qulaqlara məsh etmək də buraya daxildir.
  4. Ayaqları topuqlara qədər yumaq.

 
Allah təala buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun...»[2].

  • ­Ağız və burunun üzlə birlikdə yuyulmasını belə açıqlamaq olar ki, Uca Allah Öz kitabında üzü yumağı əmr etmiş və rəvayətlərdə təsdiq olunmuşdur ki, Peyğəmbər (S.A.V.) dəstəmaz alarkən daim üzü ilə birlikdə ağız və burnunu da yuyardı. Onun dəstəmazını vəsf edən bütün səhabələr bunu qeyd etmişlər. Bu isə o deməkdir ki, Quranda üzün yuyulmasının əmr olunması, onunla birlikdə ağız və burunun yuyulmasını da əhatə edir[3].

Ağız və burunun yuyulması Peyğəmbərin (S.A.V.) aşağıdakı hədislərində əmr olunmuşdur:
«Biriniz dəstəmaz alarkən burnuna su çəkib sonra onu geri çıxartsın»[4].
«Oruclu olmadığın vaxtlar, burnunu dərindən təmizlə»[5].
«Dəstəmaz alanda ağzını da yaxala»[6].

  • Başa məsh edərkən bütün başı əhatə etməyin vacib olması məsələsinə gəlincə məsələnin açıqlaması belədir. Demək Qurani Kərimdə başa məsh çəkmək haqqında olan əmr ümumi məna daşıdığı üçün onun açıqlamasını hədislərdən götürmək lazımdır. İki Səhih və digər hədis kitablarında, Peyğəmbərin (S.A.V.) başının bütün hissələrinə məsh etməsi səhih rəvayətlərdə qeyd olunur. Bu isə başın bütün hissələrinə məsh etməyin vacibliyini bildirir.

Ola bilər, kimsə desin ki, Muğirənin səhih hədisində deyilir ki, Peyğəmbər (S.A.V.) başının ön hissəsinə (kəkilinə), qalanını isə əmmamənin üzərinə məsh etdi. Buna nə deyirsiniz?
Cavab: O əmmamənin üzərinə məsh etməklə başın qalan hissəsinə olan məshi tamamladığı üçün, kəkilinə məsh etməklə kifayətlənmişdir. Biz də bunu dəstəkləyirik. Lakin hədis, əmmamə olmadan, kəkilə və ya başın bir hissəsinə məsh edib bununla kifayətlənməyə dəlil deyil[7].
Demək, başın hər tərəfini məshlə əhatə etmək vacibdir. Məsh edən istəsə yalnız başa, yaxud ancaq əmmaməyə məsh edər. Yaxud da başa və əmmaməyə məsh edər. Bütün bu hallar doğru sayılır.

  • Qulaqlar başdan sayıldığı üçün onları da məsh etmək vacibdir. Peyğəmbər (S.A.V.) demişdir: «Qulaqlar, başdan sayılır»[8].
  • Saqqalın dibinə su çatdırmaq:[9] Ənəs ibn Malik (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) dəstəmaz alarkən bir ovuc su alar və onu çənəsinin altına sürtüb, saqqalının dibinə yeridər və deyərdi: «İzzət və cəlal sahibi Rəbbim, mənə belə əmr etmişdir»[10].
  • Əl və ayaq barmaqların arasını yumaq: Bunun sübutu Peyğəmbərin (S.A.V.) bu hədisidir: «Dəstəmazı tam al, barmaqların arasını yu, oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[11].
 
[1] İmam Şafii əl-Umm kitabında (1/ 25) demişdir: «»
[2] əl-Maidə: 6.
[3] əs-Seylul Cərrar: 1/ 81.
[4] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 443. Əbu Davud: 1/ 234/ 140. Nəsai: 1/ 66.
[5] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: 129. Əbu Davud: 1/ 236/ 142.
[6] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: 131. Əbu Davud: 1/ 236/ 144/.
[7] Təfsiri İbn Kəsir: 2/ 24. Sitat müxtəsər şəkildə nəql edilmişdir.
[8] Hədis səhihdir. Səhih Sünən İbn Macə: 357. İbn Macə: 1/ 152/ 443.
[9] Əgər saqqal seyrəkdirsə onun dibinə su çatdırmaq vacibdir. Yox əgər saqqal sıxdırsa onun dibinə su çatdırmaq vacib sayılmır (tərc.).
[10] Hədis səhihdir. əl-İrva: 92.  Əbu Davud: 1/ 243/ 145. Beyhəqi: 1/ 54.
[11] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: 129. Əbu Davud: 1/ 236/ 142.