Dəstəmazın bəyənilən əməlləri (sünnələri)

    10.03.2015

1. Dişləri misvakla təmizləmək: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim»[1].

2. Dəstəmazın əvvəlində əlləri üç dəfə yumaq: Osman (A.R.O.) Peyğəmbərin (S.A.V.) dəstəmazını vəsf etdiyi hədisdə deyir ki, o, dəstəmazdan əvvəl əllərini üç dəfə yudu[2].

3. Ağız və burunu birlikdə, bir ovuc su ilə üç dəfə yumaq: Belə ki, Abdullah ibn Zeyd (A.R.O.) Peyğəmbərin (S.A.V.) dəstəmazını başqalarına öyrədəndə demişdir: «O, ağzını və burnunu birlikdə bir ovucdan yudu və bunu üç dəfə təkrarladı»[3].

4. Oruclu olmayan hallarda qğız və burunu dərindən təmizləmək: Demək, Peyğəmbər (S.A.V.) demişdir ki, «...oruclu olmayan vaxtlarda burnunu dərindən təmizlə»[4]

5. Sağ əzaları, sol əzalardan öncə yumaq: Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) ayaqqabısını geyindikdə, saçını daradıqda, dəstəmaznı aldıqda və ümumiyyətlə bütün (yaxşı) işlərində sağ tərəfdən başlamağı xoşlayardı»[5].
Həmçinin Osman (A.R.O.) Peyğəmbərin (S.A.V.) dəstəmazını vəsf edəndə birinci sağ, sonra isə sol əzasını yuduğunu demişdir.

6. Dəstəmaz suyu ilə isladılmış əzaları əl ilə sürtmək: Abdullah ibn Zeyd (A.R.O.) deyir ki, «Peyğəmbərə (S.A.V.) ovucun üçdəbiri qədər su gətirdilər və o, dəstəmaz alıb, əli ilə dirsəklərini sürtdü»[6].

7. Əzaları (iki və ya) üç dəfə yumaq: Osman (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) dəstəmaz alarkən əzalarını üç dəfə yudu». Digər səhih rəvayətlərdə deyilir ki, «Peyğəmbər (S.A.V.) dəstəmaz alarkən bəzən əzalarını bir dəfə, bəzən də iki dəfə yuyardı»[7].
Bəzi hallarda, başa iki dəfə məsh etmək müstəhəb sayılır. Rəvayətdə deyilir ki, «Osman (A.R.O.) dəstəmaz alaraq başına üç dəfə məsh çəkib dedi: Mən Peyğəmbərin (S.A.V.) belə dəstəmaz aldığını görmüşəm»[8].

8. Əzaların ardıcıllıqla yuyulması: Əzaların ardıcıl yuyulması Peyğəmbərin (S.A.V.) adəti idi. Belə ki, onun dəstəmazını vəsf edənlər Peyğəmbərin (S.A.V.) bu ardıcıllıqla dəstəmaz aldığını qeyd edirlər. Lakin Miqdam ibn Mədiykərbdən səhih sənədlə nəql olunur ki, «O, Peyğəmbərin (S.A.V.) dəstəmaz alması üçün su gətirir, Peyğəmbər (S.A.V.) dəstəmaza başlayaraq əllərini, üzünü, sonra qollarını dirsəklərə qədər üç dəfə yuyub, ağzını və burnunu üç dəfə yaxalayıb, sonra başına və qulaqlarına məsh edir...»[9]

9. Dəstəmazdan sonra dua oxumaq: Demək, Peyğəmbər (S.A.V.) deyir ki, «Kim dəstəmaz alıb onu kamil şəkildə edər və sonra bu duanı: «Əşhədu ən lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu» (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriksizdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir) – deyərsə, cənnətin səkkiz qapısı da onun üzünə açılar və o istədiyi qapıdam cənnətə daxil olar»[10].
Tirmizinin rəvayətində bu sözlər əlavə olunur: «Allahummə-calni minə-t-təvvabin vacalni minə-l-mutatahhirin» (Allahım! Məni tövbə edənlərdən və təmizlənənlərdən et[11].
Əbu Səid (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim dəstəmaz alıb bu duanı, «Subhanəkə-l-lahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk» (Ey nöqsansız və pak olan Allahım, Sənə həmd olsun! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlan­ma­ğımı diləyir və Sənə tövbə edirəm) – deyərsə, dəri[12] üzərində yazılıb, xətmi vurular və qiyamətə qədər sınmaz»[13].

10. Dəstəmazdan sonra iki rükət namaz qılmaq: Belə ki, Osman (A.R.O.) Peyğəmbərin (S.A.V.) dəstəmazını vəsf etdikdən sonra demişdir: «Kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alar, sonra qalxıb artıq heç bir şey düşünmədən (tam xüşu vəziyyətində) iki rükət namaz qılarsa, onun keçmiş günahları bağışlanar»[14].
Əbu Hureyrə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) sübh namazından öncə Bulala (A.R.O.) belə dedi: «Ey Bilal, İslamda könüllü etdiyin ən gözəl əməl haqqında mənə xəbər ver. Çünki mən sənin ayaqqabılarının tıqqıltısını cənnətdə öz qarşımda eşitmişəm.»
Bilal dedi: «Mənim könüllü etdyim əməl budur ki, mən, istər gecə, istərsə də gündüz vaxtı hər dəfə dəstəmaz alanda mənim taleyimə yazılan sayda namaz qılıram»[15].


[1] Hədis səhihdir. Səhihul Cami: 5316. Əhməd əl-Fəth ər-Rəbbani: 1/ 294/ 171.
[2] Buxari: 1/ 266/ 164. Müslim: 1/ 204/ 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud: 1/ 180/ 106. Nəsai: 1/ 64.
[3] Müstəsər Səhih Müslim: 125. Müslim: 1/ 210/ 235.
[4] Hədis səhihdir: Səhih Sünən Əbu Davud: 129. Əbu Davud: 1/ 236/ 142.
[5] Buxari: 1/ 269/ 168. Müslim: 1/ 226/ 268 və 11/ 199/ 4122.Nəsai: 1/ 78.
[6] Hədisin sənədi səhihdir. Səhih İbn Xuzeymə: 1/ 62/ 118.
[7] Hədis/ həsən səhihdir. Səhih Sünən Əbu Davud: 124. Buxari: 1/ 258/ 158 bu hədisi Abdullah ibn Zeyddən rəvayət etmişdir. Əbu Davud: 1/ 230/ 136 və Tirmizi: 1/ 31/ 43/ hədisi Əbu Hureyrədən rəvayət etmişlər.
[8] Hədisin hökmü/ həsənun səhih. Səhih Sünən Əbu Davud: 101. Əbu Davud: 1/ 188/ 110.
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 112. Əbu Davud: 1/ 211/ 121.
[10] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 143. Səhih Müslim: 1/ 209/ 234.
[11] Hədis səhihdir. Səhih Sünən Tirmizi: 48. Tirmizi: 1/ 38/ 55.
[12] Qədimdə yazı üçün dəri işlədirdilər və buna "perqament" deyilir.
[13] Hədis səhihdir. Tərğibut Tərhib: 220. Müstədrəkul Hakim: 1/ 564. Dəstəmaz əsnasında dua oxunması haqda heç bir səhih rəvayət yoxdur.
[14] Buxari: 1/ 266/ 164. Müslim: 1/ 204/ 226. və hədis də onun tərtibatında əsasən verilmişdir. Əbu Davud: 1/ 180/ 106. Nəsai: 1/ 64.
[15] Buxari: 3/ 34/ 1149. Müslim: 4/ 1910/ 2458.