Xöfflərin (ayaq üçün, dəridən hazırlanmış geyim) üzərinə məsh etmək

    10.03.2015

İmam Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin şərhində (3/ 164) deyir:
«İcmada sözü keçən alimlər, səfərdə və ya qeyri səfərdə xufflərin üzərinə məsh çəkməyin icazəli olmasını yekdil olaraq qəbul etmişlər. Burada ehtiyaclı və ya ehtiyacsız arasında fərq yoxdur. Hətta evində oturan qadın, heç bir hərəkət etməyən insan da xufflərin üzərinə məsh çəkə bilər. Bunu yalnız xəvariclər və bəzi bidətçilər inkar etmişlər, amma onların müxalif olmasının məsələyə heç bir təsiri yoxdur.
Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) deyir ki,Peyğəmbərin (S.A.V.) yetmiş nəfər səhabəsi, onun xuff üzərinə məsh çəkdiyi haqqında mənə xəbər veriblər».
Xufflərin üzərinə məsh çəkməyin icazəli olmasına dəlalət edən ən yaxşı dəlil Müslimin Əməşdən, o da İbrahimdən, o da Həmmamdan onun belə dediyini rəvayət edir: «Cərir (adlı səhabə) yüngül subaşı edib, dəstəmaz aldı və xufflərinin üzərinə məsh etdikdə ona dedilər: Sən belə edirsən? Cərir dedi: Bəli, mən Peyğəmbərin (S.A.V.) yüngül subaşı etdikdən sonra dəstəmaz alıb xufflərinin üzərinə məsh etdiyini görmüşəm.
Əməş deyir ki, İbrahim deyərdi ki, bu hədis onların çox xoşuna gələrdi. Çünki Cərir əl-Maidə surəsi nazil olandan sonra İslamı qəbul etmişdi»[2].
İmam Nəvəvi deyir[3]: «Bunun mənası o deməkdir ki, Uca Allah əl-Maidə surəsində buyurur ki: «üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məhs edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun». Əgər Cərir, əl-Maidə surəsi nazil olmamış İslamı qəbul etsəydi o zaman onun, xufflərin üzərinə məsh çəkmək haqqında qeyd etdiyi rəvayətin əl-Maidə surəsinin bu ayəsi ilə nəsx olunduğu ehtimal edilərdi. Amma biz onun əl-Maidə surəsi nazil olandan sonra İslama gəldiyini bildikdə, qeyd etdiyi hədisə əməl olunduğuna yəqin olduq. Onun rəvayəti göstərir ki, ayədə ayaqların yuyulması əmri ayağında xuff olmayanlara aiddir. Beləliklə, sünnə ayəni xüsusiləşdirmiş sayılır. Allah daha yaxşı bilir!»
 
Xöfflərin üzərinə məsh etməyin şərtləri:
Xufflərin üzərinə məsh etmək üçün onları dəstəmazlı halda geyinmək lazımdır. Muğirə ibn Şöbə deyir ki, «bir gecə Peyğəmbərlə (S.A.V.) yol-yoldaşı idim. Dəstəmaz alması üçün qabdan su tökdüm və o, üzünü və qollarını dirsəklərə qədər yudu, sonra başına məsh etdi. Sonra mən əyilib onun xufflərini çıxarmaq istədikdə o, «Qoy qalsın. Mən onları dəstəmazlı geyinmişəm»[4] - deyib, xuflərinin üzərinə məsh etdi».
 
Məshin müddəti:
Əli ibn Əbu Talib (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) xuffun üzərinə məsh etməyin müddətini, müsafir üçün üç gün üç gecə (yəni, üç sutka), qeyri müsafir üçün isə bir gün bir gecə (yəni, bir sutka) təyin etmişdir».[5]
 
Məsh edilən yerin və məshin vəsfi:
Məsh ediləsi yer xuffun üst hissəsidir. Belə ki, Əli ibn Əbu Talib (A.R.O.) demişdir: «Əgər din ağıl ilə olsaydı o zaman xuffun üstünə yox, altına məsh etmək daha uyğun olardı. Amma mən Peyğəmbəri (S.A.V.) xuffun üzərinə məsh edən görmüşəm»[6]. Məsh etmək, məsh adına uyğun tərzdə olunmalıdır[7].
 
Corabın və ayaqqabının üzərinə məsh etmək:
Xuffun üzərinə məsh etməyə icazə verildiyi kimi, corab və ayaqqabının üzərinə də məsh etməyə icazə verilir. Demək, Muğirə ibn Şöbə (A.R.O.) deyir ki, «Peyğəmbər dəstəmaz alıb corabların və ayaqqabının üzərinə məsh etdi»[8].
Ubeyd ibn Cureyc deyir ki, İbn Ömərə belə bir sual verirlər: Biz görürük ki, sən heç kəsin etmədiyi bir şey edirsən? İbn Ömər dedi: O, nədir elə? Onlar dedilər: Sən tüksüz dəridən hazırlanmış ayaqqabı[9] geyinirsən? İbn Ömər dedi: «Mən Peyğəmbərin (S.A.V.) bu ayaqqabıları geyindiyini, onlarda dəstəmaz aldığını və üzərinə məsh etdiyini görmüşəm»[10].
 
Məshi batil edən amillər:
Məshi aşağıdakı üç haldan biri batil edir:

  1. Vaxtın bitməsi: Əvvəldə qeyd etdiyimiz kimi, məshin vaxtı məhduddur. İcazə verilən vaxtdan sonra məsh etmək olmaz.
  2. Cənabətli olmaq: Demək, Səfvan ibn Əssal (A.R.O.) deyir ki, «biz səfərdə olarkən, Peyğəmbər (S.A.V.) bizə, cənabət halı istisna olmaqla, yüngül və ya ağır subaşına getdiyimizə, yaxud yuxuya daldığımıza görə üç gün xuflərimizi[11] çıxarmamağı əmr edərdi»[12].
  3. Məsh edilmiş xuflərin çıxarılması: Əgər məsh edilmiş xufləri ayağından çıxarıb yenidən geyinərsə, bu halda xufləri dəstəmazlı halda geyinmiş olmur.

 
Faydalı məlumat: Vaxtın bitməsi və ya məsh edilmiş xuffun çıxarılması, yalnız məsh etməyi batil edir. Yenidən xuffun üzərinə məsh etmək üçün dəstəmaz almalı, ayaqlarını yumalı, sonra xufləri geyinməlidir. Əgər kimsə, xuffu ayağından çıxararkən, yaxud məshin müddəti bitərkən dəstəmazlıdırsa onun dəstəmazı doğru sayılır. Dəstəmazı pozulana qədər, onunla istədiyi qədər namaz qıla bilər.
Faydalı məlumat: Kim dəstəmazlı ayağına iki ədəd corab geyinib, onlara məsh etdikdən sonra üstdəki corabı çıxararsa, qalan müddət ərzində altdakı corabın üzərinə məsh edə bilər. Çünki o, hər iki corabı dəstəmazlı geyinmiş sayılır.
Əgər dəstəmazlı ayağa bir ədəd corab geyinib, ona məsh etdikdən sonra üzərinə başqa bir corab geyinərsə, üstəki coraba məsh edə bilməz. Çünki bu halda hər iki corabı dəstəmazlı geyinmiş sayılmır[13].

 
[1] Ayaq üçün, dəridən hazırlanmış geyim.
[2] Hədis səhihdir. Müxtəsəri Səhih Müslim: №136. Müslim: 1/ 227/ №272.Tirmizi: 1/ 63/ №93.
[3] Müslimin şərhi: 3/ №164.
[4] Buxari: 1/ 309/ №206. Müxtəsər rəvayət etmişdir. Müslim: 1/ 230/ №274. Əbu Davud: 1/ 256/ №151.
[5] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: №139. Müslim: 1/ 232/ №276. Nəsai: 1/ №84.
[6] Rəvayət səhihdir. əl-İrva: №103. Əbu Davud: 1/ 278/ №162.
[7] Yəni, əl, tam şəkildə xuffun üzərinə sürtülməlidir ki, məsh adlansın. Əgər kimsə bir barmağını xuffun üzərinə sürtsə, o özünün məsh etdiyini deyə bilməz. Çünki bu hal, məsh adını əks etdirmir. (tərc.)
[8] Hədis səhihdir. əl-İrva: №101. Əbu Davud: 1/ 269/ №159. Tirmizi: 1/ 67/ №99. İbn Macə: 1/ 185/ № 559.
[9] O zaman buna "ən-Nial əs-Səbtiyyə" deyirdilər.
[10] əs-Sünənul əl-Kubra, Beyhəqi: 1/ 287. Hədisin sənədi yaxşıdır. Bax, Məhəmməd Cəmaləddin əl-Qasiminin "əl-Məshu aləl covrabeyn vən nəleyn" kitabı. Albaninin tədqiqatı ilə, səhifə 48. (tərc.).
[11] Ayaq üçün, dəridən hazırlanmış geyim.
[12] Hədis həsəndir. əl-İrva: 104. Səhih Sünən Nəsai: 123. Tirmizi: 1/ 65/ 69. Nəsai: 1/ № 84.
[13] Şeyx Albani (Allah ona rəhmət etsin) mənə belə demişdir.