Qüslü vacib edən hallar
1. Yuxuda və ya oyaq halda məninin (spermanın) ifraz olunması: Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Məni ifraz olduqda qüsl alınmalıdır[1]»[2]. Ummu Sələmə (A.R.O.), Ummu Suleymin Peyğəmbərə (S.A.V.) belə dediyini rəvayət edir: Ey Allahın elçisi, Allah, haqqı axtarana utanmağı əmr etmir. Qadın, pollyusiya[3] halında qüsl almalıdırmı? Peyğəmbər dedi: «Bəli. Əgər mənini (spermanın əsər-əlamətini) görübsə qüsl etməlidir»[4].
Ayıq olan müddətdə məninin (spermanın) şəhvətlə çıxması şərtdir. Yuxuda isə bu şərt deyil. Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Mənini təzyiqlə ifraz etmisənsə qüsl et. Əks halda isə qüsl etmə»[5].
Şovkani deyir[6]: Hədisdəki «الحذف» sözünün mənası, təzyiq deməkdir. Məninin təzyiqlə çıxması isə yalnız şəhvətlə mümkündür. Ona görə kitabın müəllifi[7] demişdir: «Hədisdə işarə olunur ki, şəhvətsiz, yəni, xəstəlik, soyuqdəymə kimi səbəblərdən, çıxan məniyə görə qüsl almaq vacib deyil».
Kim pollyusiya olub, oyandıqda məninin əsər-əlamətini görməyibsə ona qüsl vacib deyil. Əgər oyanandan sonra məninin əsər-əlamətini görərsə, amma pollyusiya olduğu yadına gəlməsə o zaman qüsl alması vacibdir. Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) belə bir sual ilə soruşuldu: Əgər bir nəfər yuxudan oyandıqdan sonra paltarında nəmlik hiss edir, amma pollyusiya olduğu yadına gəlmirsə nə etməlidir? Peyğəmbər (S.A.V.) dedi: «Qüsl etməlidir». Sualın davamında deyilir: Əgər bir nəfər yuxuda pollyusiya olduğunu xatırlayır, amma oyandıqdan sonra paltarında nəmlik hiss etmirsə, nə etməlidir? Peyğəmbər (S.A.V.) dedi: «Ona, qüsl almaq lazım deyil»[8].
2. Məni ifraz olmayan cinsi yaxınlıq: Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər qadının dörd əzası qarşısında oturub yaxınlığa cəhd edərsə, məni ifraz olunmasa da artıq qüsl vacib olur»[9].
3. İslamı qəbul edən kafir: Qeys ibn Asim (A.R.O.) deyir ki, «o, İslamı qəbul etdikdə Peyğəmbər (S.A.V.) onun su və sidrlə qüsl almasını əmr etdi»[10].
4. Heyz (aybaşı) və nifasın (doğuşdan sonra qanaxmanın) bitməsi: Aişə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) Fatimə bint Əbu Hubeyşə belə demişdir: «Heyz başladıqda namazı tərk et. Qurtardıqdan sonra qüsl al və namazını qıl»[11]. Alimlərin icmasına (yekdil rəyinə) əsasən, nifas (doğuş qanı), heyz (aybaşı) ilə eyni hökmdədir.