Qüslün müstəhəb qaydası

    10.03.2015

 
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) cənabət qüslü edərkən birinci əllərini yuyar, sonra sağ əli ilə sol əlinə su tökərək övrət yerini yuyar, sonra namaz üçün etdiyi dəstəmazı edər, sonra su götürüb barmaqları ilə suyu saçlarının dibinə çatdırar, saçlarının dibi islandıqdan sonra başına üç dəfə, sonra bədəninin qalan hissələrinə su tökər, axırda isə ayaqlarını yuyardı»[2].
 
Faydalı məlumat: Cənabət qüslü edərkən qadının saçlarını açması vacib deyildir. Amma heyzdən təmizlənəndə isə saçını açması vacibdir.
Ummu Sələmə (A.R.O.), Peyğəmbərə (S.A.V.) belə dediyini rəvayət edir: «Ey Allahın elçisi, mən saçlarımı hörürəm. Cənabət qüslü edəndə hörüklərimi açımmı?» Peyğəmbər (S.A.V.) dedi: «Xeyr. Başına üç dəfə, sonra bədəninin qalan hissəsinə su töküb təmizlənməyin kifayətdir»[3].
Aişə (A.R.O.) deyir ki, Əsma, Peyğəmbərdən (S.A.V.) heyz (aybaşı) qüslü haqqında soruşdu və cavab belə oldu: «(Heyzdən təmizlənmək istəyən qadın) Su və sidr götürüb yaxşıca təmizlənir[4]. Sonra başına su töküb, saçların dibinə çatana qədər bərk ovxalayır və sonra bədəninin qalan hissəsinə su töküb təmizlənir. Daha sonra ətirli bir əsgi ilə təmizlənir. Əsma dedi: Əski ilə necə təmizlənir? Peyğəmbər (S.A.V.) (təccüblə) dedi: Sübəhəllah, təmizlənsin də!» Aişə (A.R.O.) deyir: Mən Əsmanın bilməməzliyini gördükdə dedim ki, əsgi ilə qan dəyən yerləri təmizləyir. Sonra cənabət qüslü haqqında Peyğəmbərdən (S.A.V.) soruşdu və cavab belə oldu: «Su götürüb yaxşı təmizlənir, sonra başına su töküb, saçların dibinə çatana qədər ovxalayır, sonra  bədəninin qalan hissəsinə su tökür»[5].
Bu hədis, qadının heyzdən təmizlənməsi üçün qüsl alması ilə, cənabətdən qüsl alması arasında açıq-aşkar fərq olduğunu göstərir. Belə ki, heyzdən təmizlənən qadına başını bərk ovxalamaq və həddindən artıq təmizlənmək əmr olunmuşdur. Amma cənabət qüslündə isə belə təmizlənmə əmr olunmamışdır. Həmçinin Ummu Sələmənin hədisi, cənabət qüslü alan qadının hörüklərini açmasının vacib olmadığını göstərir[6].
Əslində qadın saçının dibinə su çatdırmaq üçün saç hörüklərini açmalıdır. Lakin cənabət qüslü tez-tez təkrarlandığından və hər dəfə hörükləri açmağın məşəqqətli olmasından dolayı, hörükləri açmadan cənabət qüslü etmək rüsxət edilmişdir. Heyz qüslü isə ayda bir dəfə olduğundan bu rüxsət ona aid edilməmişdir[7].
 
Faydalı məlumat: Ərlə arvad birlikdə, eyni yerdə çimə və bir-birilərinin övrətini görə bilərlər. Aişə (A.R.O.) deyir ki, «mən və Peyğəmbər (S.A.V.) cənabətli olduğumuz halda bir qabdan qüsl alırdıq»[8].

 
[1] Buna müstəhəb qüsl deyirlər. (tərc.)
[2] Buxari və Müslim.
[3] Hədis səhihdir. əl-İrva: № 136. Müslim: 1/ 259/ № 330. Əbu Davud: 1/ 426/ № 648. Nəsai: 1/ № 131. Tirmizi: 1/ 71/ № 105. İbn Macə: 1/ 198/ № 603.
[4] Bu təmizlik haqqında alimlərin iki rəyi mövcuddur. Birinci rəyə görə bu təmizlik nəcisdən və bədənə dəymiş qandan olmalıdır. İkinci rəyə görə isə bu təmizlik dəstəmaz mənasındadır. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) digər hədislərdə qüslün qaydasını bəyan edəndə ilk təmizliyini dəstəmaz etmişdir. Daha doğrusunu Allah bilir, lakin ikinci hal həqiqətə daha uyğundur, yəni bu təmizlik dəstəmaz anlamındadır. (tərc.)
[5] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 172. Müslim: 1/ 261/ № 332.
[6] İbn Qeyyimin, Təhzib Sünən Əbu Davud, kitabı: 1/ 166. Məlumat müxtəsər verilmişdir.
[7] İbn Qeyyimin, Təhzib Sünən Əbu Davud, kitabı: 1/ 167. Məlumat müxtəsər verilmişdir.
[8] Buxari: 1/ 374/ № 263. Müslim: 1/ 256/ 321. Nəsai: 1/ № 129.