Hansı hallarda qüsl almaq bəyənilir?

    10.03.2015

1. Hər cinsi yaxınlıqdan sonra: Əbu Rafi (A.R.O.) deyir ki, bir gecə Peyğəmbər (S.A.V.) bütün zövcələrinin yanına daxil oldu və hər birinin yanında da qüsl aldı. Mən Peyğəmbərə (S.A.V.) dedim: Ey Allahın elçisi, məgər bir dəfə qüsl alsan olmaz?! O, dedi: «Bu daha yaxşı, daha xoş və daha təmizdir»[1].

2. İstihazə[2] olanda hər namaz üçün, yaxud Zöhr və Əsr namazları üçün bir, Məğrib və İşa namazları üçün bir, Sübh namazı üçün isə bir qüsl almaq: Aişə (A.R.O.) deyir ki, «Peyğəmbərin (S.A.V.) vaxtında, Ummu Həbibə istihazə olmuşdu və Peyğəmbər (S.A.V.) ona hər namaz üçün qüsl almasını əmr etmişdi...»[3] Aişənin (A.R.O.) digər rəvayətində isə deyilir ki, «Peyğəmbərin (S.A.V.) vaxtında bir nəfər qadın istihazə olmuşdu. Ona, Zöhr namazını gecikdirib və Əsr namazını vaxtından əvvələ çəkib bir qüsllə ikisini qılmaq, Məğrib namazını gecikdirib və İşa namazını vaxtından əvvələ çəkib bir qüsllə ikisini qılmaq, həmçinin Sübh namazını bir qüsllə qılmaq əmr olunmuşdu»[4].

3. Huşunu itirdikdən sonra, özünə gələndə: Aişə (A.R.O.) deyir ki, «Peyğəmbərin (S.A.V.) xəstəliyi ağırlaşdıqda o dedi: «Cammat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər.
O dedi: Mənim üçün bir qabda su hazırlayın.
Aişə deyir: Biz onun dediyini etdik və o həmin su ilə çimdi, sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi: «Camaat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər.
O dedi: Mənim üçün bir qab su hazırlayın.
Aişə deyir: Biz yenə onun dediyini etdik və o həmin su ilə çimdi, sonra getmək istədikdə huşunu itirdi və yenidən ayılıb dedi: «Camaat namaz qıldımı?»
Biz dedik: Xeyr. Ey Allahın elçisi, onlar səni gözləyirlər...»[5] (Hədisin davamında Əbu Bəkrə xəbər göndərməsi və s. Haqqında danışır).

4. Müşriki dəfn etdikdən sonra: Əli ibn Əbu Talib (A.R.O.),  Peyğəmbərin (S.A.V.) yanına gəlib deyir: «Əbu Talib öldü. Peyğəmbər (S.A.V.) deyir: «Ged onu basdır». Mən onu basdırıb gəldikdə Peyğəmbər (S.A.V.) mənə, qüsl almağı əmr etdi»[6].

5. İki bayrama və ərafa[7] gününə görə qüsl almaq: Beyhəqi, Şafiinin (Allah onlara rəhmət etsin) sənədi ilə Zazandan rəvayət edir ki, «bir nəfər Əlidən (A.R.O.) qüsl almaq barədə soruşur və Əli deyir: İstəyirsən hər gün qüsl et.
Həmin adam deyir: Xeyr, mən lazımlı qüsl haqqında soruşuram.
Əli deyir: Onda, Cümə və Ərafa günləridə, Qurban və Ramazan bayramlarında qüsl et»[8].

6. Meyit yuduqdan sonra: Belə ki, Peyğəmbər (S.A.V.) demişdir: «Kim ölü yuyarsa özü də yuyunsun»[9].

7. Həcc və ya ümrə ehramına girəndə: Demək, Zeyd ibn Sabit deyir ki, «Peyğəmbər (S.A.V.) ehrama girmək üçün əynindəki tikili paltarları çıxartdı və çimdi»[10].

8. Məkkəyə daxil olmaq üçün qüsl almaq: Belə ki, İbn Ömər hər dəfə Məkkəyə gələndə “Zu Tuva” adlı yerdə səhərə qədər gecələyər, sonra qalxıb qüsl alar, sonra gündüz vaxtı Məkkəyə daxil olardı. O, Peyğəmbərin (S.A.V.) də belə etdiyini deyirdi[11].

9. Ərəfa günü qüsl almaq: Bunun dəlili, az öncə Əlidən (A.R.O.) rəvayət olunan hədisdir. Demək ondan qüsl haqqında soruşanda, demişdir ki, «Cümə və Ərafa günləridə, Qurban və Ramazan bayramlarında qüsl et»[12].


[1] Hədis həsəndir. Səhih Sünən ibn Macə: № 480. Əbu Davud: 1/ 370/ № 216. İbn Macə: 1/ 194/ № 590.
[2] Heyz (aybaşı) və nifas (doğuş) qanından əlavə, qeyri adəti günlərdə gələn qan istihazə qanı adlanır. (tərc.)
[3] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 269. Əbu Davud: 1/ 483/ №279.
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 273. Əbu Davud: 1/ 487/ №291. Nəsai: 1/ 184.
[5] Buxari: 1/ 172/ № 687. Müslim: 1/0311/0 № 418.
[6] Hədisin sənədi səhihdir. Albaninin, Cənaiz Kitabı: 134. Nəsai: 1/ 110. Əbu Davud: 9/ 32/ №3198.
[7] Kitabın orijinal variantında “Ərəfa” gününü qeyd edilir, amma mənə elə gəlir ki, burada “Cümə” günü qeyd olunmalıdır. Çünki qarşıda 9-cu bənddə Ərəfa günü qeyd edilir. (tərc.)
[8] Beyhəqi, Sünənul Kubra: 3/ 278.
[9] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1159. İbn Macə: 1/ 470/ № 1463.
[10] Hədis həsəndir. əl-İrva: 149. Tirmizi: 2/ 163/ № 831.
[11] Buxari: 3/ 435/ № 1573. Müslim: 2/ 919/ № 1259. Əbu Davud: 5/ 318/ № 1848. Tirmizi: 2/ 172/ № 854.
[12] Beyhəqi, Sünənul Kubra: 3/ 278.