Camaat namazı
Hökmü:
Üzürlü hallar istisna olmaqla, camaat namazı fərdi şəkildə hər bir namazqılana vacibdir:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Nəfsim əlində olana and olsun, istəyirəm bir nəfərə odun toplamağı, sonra azan verib camaatı namaza çağırmağı əmr edim. Sonra öz yerimə bir nəfəri imam təyin edib, gedib bəzi kişilərin evlərini yandırım. Nəfsim əlində olana and olsun, əgər onlardan bir namaza gəlməklə ətli sümük və ya yaxşı heyvan dırnağı əldə edəcəyini bilsəydi İşa namazını camaatla qılardı»[1].
Əbu Hureyrə deyir ki, bir nəfər kor kişi Peyğəmbərin (S.A.V.) yanına gəlib: «Ey Allahın elçisi, məni məscidə gətirən bir kimsə yoxdur – deyib, namazı evində qılmaq üçün Peyğəmbərdən (S.A.V.) rüsxət istədi. Peyğəmbər (S.A.V.) də ona icazə verdi. Kişi üzünü çevirib getmək istədikdə Peyğəmbər (S.A.V.) onu çağırıb: Sən azanı eşidirsənmi? – deyə soruşdu. Kişi: Bəli – deyə cavab verdi. Peyğəmbər (S.A.V.) dedi: Onda çağırışa cavab ver»[2].
Abdullah deyir ki, kim sabah Allahın qarşısına müsəlman kimi çıxmaq istəyirsə, çağırılan bu beş vaxt namaza davamiyyətli olsun. Allah, Peyğəmbəriniz (S.A.V.) üçün hidayət yolu qoymuşdur. Camaat namazları da hidayət yolundandır. Əgər siz də namazları, müxalif çıxan bu adam kimi evinizdə qılsanız Peyğəmbərinizin (S.A.V.) yolunu tərk etmiş olarsınız. Peyğəmbərinizin (S.A.V.) yolunu tərk etdikdə isə yolunuzu azarsınız. Əgər kimsə öz evində gözəl şəkildə dəstəmaz alıb sonra bu məscidlərdən birinə üz tutarsa Allah, onun atdığı hər addıma savab yazar, dərəcəsini qaldırar və günahını bağışlar. Bizim vaxtımızda yalnız ikiüzlülüyü ilə tanınan münafiqlər camaat namazından yayınardılar. Hətta ayaq üstə dayana bilməyən kimsə namaza gələr və iki nəfərin arasına daxil olub onlara söykənərək səfdə dayanardı[3].
İbn Abbas, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim azanı eşidib, üzürü olmadan camaat namazına gəlməzsə onun namazı naqis olar»[4].
Fəziləti:
İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür»[5].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kişinin camaat ilə qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə üstündür. Demək kimsə gözəl şəkildə dəstəmaz alar, sonra yalnız namaza getmək məqsədi ilə evindən çıxıb məscidə gedərsə, atdığı hər addımla bir dərəcə yüksələr, bir günahı bağışlanar. O namaz qıldığı müddətdə mələklər də onun üçün dua edər və deyərlər: Ey Allahım, ona xeyir-bərəkət ver və onu bağışla. Siz namazı gözlədiyiniz müddətdə namazda olmuş kimi sayılırsınız»[6].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim məscidə gedib qayıdarsa Allah onun üçün cənnətdə ziyafət qurar. Hər dəfə gedib-gəldikdə bu təkrarlanar»[7].
Qadınlar camaat namazına getməlidirlərmi?
Qadınlar, şəhvət oyandıran və fitnəyə səbəb olan bər-bəzək və ətirlərdən istifadə etməmək şərti ilə, məscidə gedib camaat namazında iştirak edə bilərlər[8].
İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qadınlarınıza məscidə getməyi qadağan etməyin. Lakin evləri onlar üçün daha xeyirlidir»[9].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ətir vuran qadınlar bizimlə İşa namazını qılmasınlar»[10].
Digər hədisdə Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allahın qadın bəndələrini, Allahın evlərinə getməyi qadağan etməyin. Qoyun getsinlər, amma ətirlənməsinlər»[11].
Evləri onlar üçün daha xeyirlidir:
Qadının məscidə getməsinə icazə var. Lakin namazını evində qılması daha yaxşıdır. Ummu Humeyd əs-Saidiyyə Peyğəmbərin (S.A.V.) yanına gəlir və deyir: «Ey Allahın elçisi, mən səninlə namaz qılmağı xoşlayıram. Peyğəmbər (S.A.V.) dedi: Bilirəm, sən mənimlə namaz qılmağı xoşlayırsan. Amma evində namaz qılmağın otağında namaz qılmağından daha xeyirlidir. Otağında namaz qılmağın isə həyətində namaz qılmağından daha xeyirlidir. Həyətində namaz qılmağın öz tayfanın məscidində namaz qımağından daha xeyirlidir. Öz qövminin məscidində namaz qımağın mənim məscidimdə namaz qılmağından daha xeyirlidir»[12].
Məscidə getməyin ədəb qaydaları:
Əbu Qatadə deyir ki, «biz Peyğəmbərlə (S.A.V.) namaz qılırdıq. Bu vaxt kişilərin hay-küyünü eşitdi. Namazını bitirdikdən sonra üzünü onlara tutub dedi: Nə olub? Onlar dedilər: Biz namaza tələsirdik. Peyğəmbər (S.A.V.) dedi: Bir daha belə etməyin. Namaza gəldiyiniz zaman təmkinli olun. Yetişdiyiniz rükətləri qılın, fövtə gedən rükətləri isə tamamlayın»[13].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İqaməni eşitdiyiniz zaman hay-küy qaldırmadan, təmkinlə namaza gedin, tələsməyin. Yetişdiyiniz rükətləri qılın, fövtə gedən rükətləri isə tamamlayın»[14].
Kəəb ibn Ucrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz gözəl şəkildə dəstəmaz alaraq evindən çıxıb məscidə gedərsə əl barmaqlarını bir-birinə keçirilmiş halda tutmasın. Çünki o namazdadır»[15].
Evdən çıxıb məscidə gedərkən edilən dua:
Ənəs Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim evindən çıxarkən bu duanı, “bismilləh, təvəkkəltu aləllah, vələ hovlə vələ quvvətə illə billəh” (Allahın adı ilə çıxıram, artıq Allaha təvəkkül etdim. Həqiqətən Allahdan başqa qüdrət və qüvvət sahibi yoxdur!) - deyərsə ona belə cavab verilər: Sən artıq hidayətə qovuşdun, işlərində müvəffəq oldun, şərdən qorundun. Beləliklə şeytan ondan uzaq olar»[16].
İbn Abbas bir gün Peyğəmbərin (S.A.V.) yanında yatdığını deyir. Demək o, Peyğəmbərin (S.A.V.) gecə namazını vəsf edir və sonra deyir: Müəzzin azan verdi və Peyğəmbər (S.A.V.) bu sözləri deyə-deyə namaz qılmaq üçün evindən çıxdı:
»اللَّهُمَّ اجْعَلْ فيِ قَلْبِي نُورًا، وَفيِ لِسَانِي نُورًا، و اجْعَلْ فيِ سَمْعِي نُورًا، و اجْعَلْ فيِ بَصَرِي نُورًا، وَاجْعَلْ مِنْ خَلْفِي نُورًا، وَمِنْ أَمَامِي نُورًا، وَاجْعَلْ مِنْ فَوْقِي نُورًا، وَمِنْ تَحْتِي نُورًا، اللَّهُمَّ أَعْطِنيِ نُورًا «.
«Allahummə-c’al fi qalbi nuran, va fi lisəni nuran, vacəl fi səmi nuran, vacəl fi basarı nuran, vacəl min xəlfi nuran, va min əməmi nuran, vacəl min fauqi nuran, va min təhti nuran, Allahummə atini nuran». (Allahım! Qəlbimi və dilimi, qulağımı və gözümü nurlu et, önümü və arxamı nurlu et, üstümü və altımı nurlu et. Mənə nur ver)[17].
Məscidə daxil olarkən edilən dua:
Abdullah ibn Amr ibn əl-As deyir ki, Peyğəmbər (S.A.V.) məscidə daxil olarkən belə deyərdi:
«أَعُوذُ بِاللهِ الْعَظِيمِ ، وَبِوَجْهِهِ الْكَرِيمِ ، وَسُلْطَانِهِ الْقَدِيمِ مِنَ الشَّـيْطَانِ الرَّجِيمِ »
«Əuzu billəhil azım, va bivachihil kərim, va sultanihil qadim, minəş şeytanir racim».
«Lənətlənmiş şeytandan Uca Allaha, Onun kəramətli üzünə və Əzəli hökmdarlığına sığınıram»[18].
Peyğəmbərin qızı Fatimə deyir ki, Peyğəmbər (S.A.V.) məscidə daxil olarkən belə deyərdi:
«بِسْمِ اللهِ ، وَالصَّـلاَةُ وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ اغْفِرلِي ذُنُوبيِ و افْـتَحْ ليِ أَبْوَابَ رَحْمَتِكَ»
«Bismilləh, vassalətu vassələmu alə rasulilləh. Allahummə-ğfirli zunubi, vəftəh li əbvabə rahmətikə».
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun Allahım! Mənim günahlarımı bağışla, mənə rəhmətinin qapılarını aç».
Daha sonra Fatimə deyir ki, o, məsciddən çıxdıqda isə belə deyərdi:
«بِسْمِ اللهِ ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ اللَّهُمَّ اغْفِرلِي ذُنُوبيِ و افْـتَحْ ليِ أَبْوَابَ فَضْلِكَ»
«Bismilləh, vassalətu vassələmu alə rasulilləh. Allahummə-ğfirli zunubi, vəftəh li əbvabə fadlikə».
«Allahın adı ilə, salavat və salam Allahın Rəsuluna olsun Allahım! Mənim günahlarımı bağışla, mənə fəzilət (lütf) qapılarını aç»[19].
Təhiyyətul məscid:
Məscidə daxil olub oturmadan öncə iki rükət namaz qılmaq vacibdir. Əbu Qatadə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz məscidə daxil olduqda iki rükət namaz qılmamış oturmasın»[20].
Təhiyyat namazının qılınması haqqında deyilən əmr, zahirən onun vacibliyini bildirdiyi üçün mən də bu fikri qeyd etdim. Bu əmri zahiri mənadan başqa mənaya keçirməyə heç bir əsas yoxdur. Yalnız Talha ibn Ubeydullahın hədisi buna əsas ola bilər. Demək rəvayətdə deyilir ki, saçları pırtlaşıq bir nəfər bədəvi Peyğəmbərin (S.A.V.) yanına gəldi və dedi: Ey Allahın elçisi, Allahın mənə fərz buyurduğu namazları mənə de. Peyğəmbər (S.A.V.) dedi: «(fərz buyurulan) Beş vaxt namazdır. Amma özün istəsən əlavə nafilə namazları qıla bilərsən...»[21].
Fikrimcə təhiyyat namazının vacib olmamasına dair, bu hədisi əsas gətirmək bir qədər müəmmalıdır. Çünki ibtidai təlim zamanı deyilənlər, ondan sonra deyilənlərə təsir etməməlidir. Əgər belə olsaydı onda şəriətin vacib buyurduğu bütün əməlləri kənara qoyub, yalnız beş vaxt namazla kifayətlənmək olardı. Amma bu, müsəlmanların vahid düşüncəsinə ziddir. Bu, şəriətin əksər hissəsini ləğv etməkdir. Ən doğru fikir, varid olan sonuncu səhih dəlilə əsaslanmaq, həmin dəlilə əsasən deyilən vacibə və ya müstəhəbə əməl etməkdir. Məsələ ətrafında fikir ayrılığı olsa da iki rəydən daha üstün olanı budur[22].
Həmçinin bu namazın vacib olmasını təkid edən məqam, Peyğəmbərin (S.A.V.) bu namazı hətta imam xütbə verən zaman əmr etməsidir.
Demək, Cabir ibn Abdullah deyir ki, «Peyğəmbər (S.A.V.) cümə günü camaata xütbə verən vaxt bir nəfər kişi gəldi və Peyğəmbər (S.A.V.) ondan: “Ey filankəs, namaz qıldınmı?” – deyə soruşdu. Kişi dedi: Xeyr. Peyğəmbər (S.A.V.) ona: “Dur, namaz qıl” – deyərək, əmr etdi»[23].
İqamə verildikdə fərz namazdan başqa heç bir namaz qılınmaz:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İqamə verildiyi zaman fərz namazdan başqa heç bir namaz qılınmaz»[24].
Malik ibn Buheynə deyir ki, Peyğəmbər (S.A.V.) iqamə verildikdən sonra bir nəfər kişinin iki rükət namaz qıldığını gördü. Peyğəmbər (S.A.V.) namazını bitirdikdən sonra camaat onun ətrafına toplaşdı və Peyğəmbər həmin kişiyə dedi: «Sübh namazını dörd rükət qılırsanmi?! Sübh namazını dörd rükət qılırsanmi?!»[25]
İmamla namaz qılarkən “Təkbirətul İhram”a yetişməyin fəziləti:
Ənəs ibn Malik Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim birinci təkbirə yetişərək qırx gün camaatla namaz qılarsa iki şeydən bəraət qazanar: Cəhənnəm atəşindən və münafiqlikdən»[26].
İmam namazı bitirdikdən sonra məscidə gələnlər:
Səid ibn əl-Museyyib deyir ki, bir nəfər ənsarlı ölüm ayağında olarkən belə dedi: Mən sizə bir hədis danışacağam. Bunu yalnız savab qazanmaq üçün danışıram. Demək mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Biriniz gözəl şəkildə dəstəmaz alıb namaza gələrsə, o, sağ ayağını qaldırmamış, izzət və cəlalət sahibi Allah onun üçün bir savab yazar. Sol ayağını isə yerə qoymamış izzət və cəlalət sahibi Allah, onun bir günahını silər. İstəyən evini məscidə yaxın, istəyən də uzaq etsin. Əgər o məscidə gəlib camaatla namaz qılarsa, günahları bağışlanar. Həmçinin camaat namazın bir hissəsini qıldıqdan sonra gələr və yetişdiyini onlarla qılar, qalanını isə tamamlayarsa, deyilən savaba nail olar. Eləcə də, camaat namazı bitirdikdən sonra məscidə gələr və namazı qılarsa yenə də deyilən savabı qazanar»[27].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim gözəl şəkildə dəstəmaz alıb məscidə gedər və camaatın namazı bitirdiyini görərsə, Allah ona camaat namazı qılanların və orada iştirak edənlərin savabı kimi savab verər. Lakin bu onların savabını azaltmaz»[28].
İmamın hansı vəziyyətdə olmasına baxmadan, dərhal imama qoşulmaq:
Əli ibn Əbu Talib və Muaz ibn Cəbəl, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edirlər: «Biriniz namaza gəldikdə imam hansı vəziyyətdədirsə o da imamın vəziyyətini alsın»[29].
Hansı halda rükətə yetişmiş sayılır?
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biz səcdədə olarkən namaza gəlsəniz siz də səcdə edin. Amma bunu namazın hesabına salmayın. Kim rükuya yetişərsə o namaza (yaxud, həmin rükətə) çatmış sayılır»[30].
Səfə çatmamış rüku etmək:
Əbu Bəkrə deyir ki, o Peyğəmbərin (S.A.V.) yanına gəldikdə onun rükuda olduğunu görüb səfə çatmamış rükuya gedir. Sonra etdiyi bu hərəkət haqqında soruşur və Peyğəmbər (S.A.V.) ona deyir: «Allah sənin xeyir işlərə olan hərisliyini artırsın, amma bir daha belə etmə»[31].
Əta, İbn əz-Zubeyrin minbər üzərində belə dediyini eşitmişdir: «Biriniz məscidə daxil olduqda camaatın rükuda olduğunu görsə, o da rüku etsin. Hətta içəri daxil olduqda rüku etsin sonra səfə daxil olana qədər həmin vəziyyətdə addımlasın. Həqiqətən bu sünnədir»[32].
Zeyd ibn Vahb deyir ki, «bir dəfə Abdullah ibn Məsudla birlikdə onun evindən məscidə getdik. Biz məscidin ortasına çatdıqda imam rükuya getdi və Abdullah da təkbir gətirib rüku etdi, mən də onunla bərabər rüku etdim. Sonra addımlayıb irəli getdik və camaat rükudan qalxanda biz səfə qoşulduq. İmam namazı bitirdikdə mən namazımın tamamlanmadığını düşünüb ayağa durdum. Abdullah əlimdən tutub məni oturtdu və dedi: Sən namaza çatmısan»[33].
İmama namazı uzatmamaq əmr olunur:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Camaata namaz qıldırarkən çox uzatmayın. Çünki onların arasında zəiflər, xəstələr və qocalar var. Özü tək qıldıqda namazı istədiyi qədər uzatsın»[34].
İmamın birinci rükəti uzatması:
Əbu Səid deyir ki, «Zöhr namazı başlayanda bir kimsə bəqiyə gedib öz ehtiyacını görər, sonra dəstəmaz alıb gələr və Peyğəmbərin (S.A.V.) hələ birinci rükəti qıldığını görərdi. Çünki Peyğəmbər (S.A.V.) bu rükəti uzadardı»[35].
İmama tabe olmaq vacib, onu ötmək isə haramdır:
Ənəs Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etsə siz də təkbir edin. O səcdə etsə siz də səcdə edin. O duranda siz də durun...»[36].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Başını imamdan öncə qaldırdan şəxs qorxmurmu ki, Allah onun başını eşşək başına, yaxud surətini eşşək surətinə çevirər»[37].
İmam dayanmağa kim daha layiqdir?
Əbu Məsud əl-Ənsari Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Camaata, Allahın kitabını daha çox bilən şəxs imamlıq etsin. Əgər Quran bilikləri eyni səviyyədə olsa onda sünnəni daha çox bilən imam dayansın. Əgər sünnə biliklərində eyni olsalar onda daha öncə hicrət edən imam dayansın. Əgər bunda da bərabər olsalar onda İslamı daha öncə qəbul edən imam dayansın. Heç kəs başqasının sahib olduğu yerdə ona imamlıq etməsin və onun evində, icazəsi olmadan onun yerində oturmasın»[38].
Bu hədisə əsasən ev sahibi və təyin olunmuş imam və bu kimi digər insanlar imam dayanmağa daha layiqdirlər. Yalnız onlar icazə versələr başqaları imam dayana bilərlər. Çünki Peyğəmbər (S.A.V.) hədisdə demişdir: «Heç kəs başqasının sahib olduğu yerdə ona imamlıq etməsin...».
Uşağın imam dayanması:
Amr ibn Sələmə deyir: «Fəth hadisəsi baş verəndə hər bir dəstə İslamı qəbul etmələri haqda xəbəri öz tayfasına çatdırırdı. Atam da bizim tayfamıza İslamı qəbul etmələri haqda xəbəri gətirdi və dedi: Allaha and olsun, mən Peyğəmbərin (S.A.V.) yanından haqq-ədalət ilə gəlmişəm. O, dedi: Filan vaxt filan namazı, filan vaxt isə filan namazı qılın. Namazın vaxtı daxil olanda biriniz azan versin və Quranı daha çox bilən sizə imamlıq etsin. Onlar öz aralarında məndən başqa heç kəsin Quranı çox bildiyini tapmadılar. Çünki mən karvanların qarşısına çox çıxırdım. Onlar məni imam təyin etdilər və o vaxt mənim altı və ya yeddi yaşım var idi»[39].
Fərz namazı qılanın nafilə qılana, nafilə qılanın isə fərz qılana qoşulması:
Cabir deyir ki, «Muaz ibn Cəbəl Peyğəmbərlə (S.A.V.) birlikdə namaz qılır və sonra gedib öz tayfasına namaz qıldırırdı»[40].
Yezid ibn əl-Əsvəd cavan oğlan ikən Peyğəmbərlə (S.A.V.) birlikdə namaz qıldığını deyir. O namazı bitirdikdən sonra məscidin bir kənarında iki nəfərin namaz qılmadığını gördü və onları çağırtdırdı. Onları gətirəndə onlar titrəyirdilər. Peyğəmbər (S.A.V.): “Sizə, bizimlə bərabər namaz qılmağa nə mane oldu?” – deyə, soruşdu. Onlar: “Biz namazı evimizdə qılmışdıq” – deyə, cavab verdilər. Peyğəmbər (S.A.V.) dedi: “Bir daha belə etməyin. Kim namazı evində qılsa və sonra gəlib imamın namazı qılmadığını görsə onunla namaza qoşulsun. Belə ki, onun bu namazı nafilə sayılır”[41].
Yerli adamın müsafirin, müsafirin isə yerli adamın arxasında namaz qılması:
İbn Ömər deyir ki, «Ömər Məkkə camaatına Zöhr namazını qıldırıb ikinci rükətdən sonra salam verdi və dedi: Ey Məkkə camaatı, biz müsafirik, siz namazınızı tamamlayın»[42].
Müsafir yerli adamın arxasında namaz qılarsa, o da namazı tam qılmalıdır:
Musa ibn Sələmə əl-Huzəli deyir ki, mən İbn Abbasdan soruşdum: Mən Məkkədə olarkən imamla namaz qılmasam, özüm necə qılım? O dedi: İki rükət qıl. Bu, Əbul Qasimin (S.A.V.) sünnəsidir[43].
Əbu Micləz deyir ki, mən İbn Ömərə dedim: «Müsafir, yerli camaatın namazının iki rükətinə yetişirsə bu iki rükət onun üçün kifayət edər, yoxsa yerli camaatın qıldığı qədər qılmalıdır? İbn Ömər güldü və dedi: Yerli camaatın qıldığı qədər qılmalıdır»[44].
Ayaq üstə dayanmaq imkanı olan kimsə oturub namaz qılana tabe olaraq oturmalıdır:
Aişə deyir ki, Peyğəmbər (S.A.V.) xəstəliyindən şikayətləndiyi üçün evində namaz qılırdı. Demək o, oturaraq namaz qıldı və arxasında bir neçə nəfər namazı ayaq üstə qıldılar. Peyğəmbər (S.A.V.) onlara oturub qılmağı işarə etdi. Namazı bitirdikdən sonra isə dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O rüku etdikdə siz də rüku edin. O duranda siz də durun. O oturub namaz qılsa siz də oturub qılın...»[45].
Ənəs deyir ki, «Peyğəmbər (S.A.V.) atdan yıxılmış və sağ tərəfi sıyrılmışdı. Biz ona baş çəkmək üçün onun evinə getdik. Namaz vaxtı gəldi və o oturan halda bizə namaz qıldırdı. Biz isə onun arxasında oturub namaz qıldıq. O, namazı bitirdikdən sonra dedi: «İmam, tabe olunmaq üçün təyin edilmişdir. O təkbir etdikdə siz də təkbir edin. O səcdə etdikdən siz də səcdə edin. O duranda siz də durun. O, “səmiəllahu limən həmidəh” deyəndə, siz “Rabbənə va ləkəl həmd” deyin. O oturub namaz qılsa siz hamınız oturub qılın»[46].
İmama tabe olan kimsə tək olarsa o, imamın yanında, eyni sırada dayanır:
İbn Abbas deyir ki, «mən, xalam Məymunənin evində gecələdim. Peyğəmbər (S.A.V.) İşa namazını qılıb evə gəldi və dörd rükət namaz qıldı və yatdı. Sonra oyandı və namaz qıldı. Mən gəlib onun sol tərəfində dayandıqda, o məni sağ tərəfinə çəkdi»[47].
İmama tabe olan iki və daha artıq sayda insan, imamın arxasında səf qurub dayanırlar:
Cabir deyir ki, Peyğəmbər (S.A.V.) namaz qılmaq üçün ayağa qalxdı, mən gəlib onun sol tərəfində dayandım. O isə mənim əlimdən tutub məni sağ tərəfində dayandırdı. Sonra Cabbar ibn Saxr gəlib Peyğəmbərin (S.A.V.) sol tərəfində dayandı. O, bizim hər ikimizin əlindən tutub arxa tərəfə çəkdi və arxasında dayandırdı[48].
İmama tabe olan qadın, imamın arxasında dayanır:
Ənəs ibn Malik, Peyğəmbərin (S.A.V.), ona və anasına, yaxud xalasına namaz qıldırdığını vəsf edərək deyir: «O, məni sağ tərəfində, qadını isə arxamızda dayandırdı»[49].
Səfləri düzəltməyin vacibliyi:
İmam, səflər düzəlmədən namaza başlamamalı, camaata səfləri düzəltməyi əmr etməli, ya özü yaxud da başqasına bu işin icrasını həvalə etməldir.
Ənəs, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Həqiqətən səflərin düzəldilməsi namazın kamilliyindəndir»[50].
Əbu Məsud deyir ki, biz namaz üçün dayananda Peyğəmbər (S.A.V.) əli ilə çiyinlərimizə sürtər və deyərdi: «Bərabər dayanın, (əyri-üyrü dayanıb) ayrılmayın ki, qəlbləriniz də ayrılmasın...»[51].
Noman ibn Bəşir deyir ki, Peyğəmbər (S.A.V.) səflərimizi düzəldərdi. Sanki bu səflər ox ucluqlarına taxılacaqdı. Sonra biz səfləri tam düzəltməyə alışdıq. Amma bir gün o namaza durduqda, təkbir etməyə az qalmış bir nəfərin sinəsinin səfdən önə çıxdığını gördü və dedi: «Ey Allah bəndələri, səflərinizi düzəldin, əks halda Allah sizin üzlərinizi bir-birinizdən ayıracaqdır»[52].
İbn Ömər, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, çiyinlərinizi bərabər tutun, boşluqları doldurun, qardaşlarınızla qarşılıqlı şəkildə mülayim davranın, şeytan üçün boş yer saxlamayın. Kim səfi birləşdirərsə Allah da ona Öz rəhmətini çatdırar. Kim səfi ayırarsa Allah da onu Öz rəhmətindən ayırar»[53].
Ənəs, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin, səflərin arasını yaxınlaşdırın, çiyinlərinizi də bərabər tutun. Nəfsim əlində olana and olsun, mən şeytanın səflərin boşluqlarından necə keçdiyini görürəm. O, sanki qara rəngli kiçik qoyuna bənzəyir»[54].
Səflər necə düzəldilir:
Ənəs, Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Səflərinizi düzəldin. Mən sizi arxamda da görürəm». Ənəs deyir ki, bizim hər birimiz çiynini yanındakının çiyninə, ayağını da yanındakının ayağına birləşdirərdi.[55]
Noman ibn Bəşir isə belə deyir: «Bizi (namaza durarkən görsəydin) görərdin ki, hər kəs topuğunu yanındakının topuğuna birləşdirərdi»[56].
Kişi və qadınların səfləri:
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kişilərin ən xeyirli səfi birinci, ən şəri isə axırıncı səfdir. Qadınların ən xeyirli səfi axırıncı, ən şəri isə birinci səfdir»[57].
Öndəki səfflərin və onların sağ tərəfinin daha fəzilətli olması:
Bəra ibn Azib deyir ki, Peyğəmbər (S.A.V.) belə deyərdi: «Həqiqətən Allah və mələkləri öndəki səflərə salavat edərlər»[58].
Həmçinin o başqa rəvayətdə deyir ki, biz Peyğəmbərin (S.A.V.) arxasında namaz qılarkən onun sağ tərəfində olmağı xoşlayardıq. Çünki o üzünü bizə tərəf çevirərdi. Sonra rəvayətçi deyir ki, mən onun belə dediyini eşitmişəm: «Ey Rəbbim, bəndələrini dirildib həşr etdiyin gün məni əzabından qoru»[59].
İmamın arxasında kim dayanır?
Əbu Məsud əl-Ənsari deyir ki, Peyğəmbər (S.A.V.) belə deyərdi: «Mənim arxamda aranızda ən dərrakəli olanlar dayansınlar. Sonra onlardan bir az aşağı səviyyəlilər, sonra da bir az aşağı səviyyəlilər dayansınlar[60]»[61].
Sütunlar arasında səf qurmaq məkruhdur:
Müaviyə ibn Qurra atasının belə dediyini rəvayət edir: «Peyğəmbərin (S.A.V.) vaxtında bizə sütunların arasında səf qurmaq qadağan edilir və orada dayanarkən qovulurduq»[62].
Bu qadağa, camaatla namaz qılanlara aiddir. Amma təkbaşına namaz qılan kimsənin iki sütun arasında dayanması eyb etməz. Əsas odur ki, qarşısına sütrə qoysun.
İbn Ömər deyir ki, Peyğəmbər (S.A.V.) Usamə ibn Zeyd, Osman ibn Talha və Bilal ilə Kəbəyə daxil oldu və orada namaz qıldı və çıxdı. Mən ondan sonra içəri daxil olan ilk adam oldum. Bilala yaxınlaşıb Peyğəmbərin harada namaz qıldığını soruşdum? Bilal: Qarşıdakı iki sütunun arasında – deyə cavab verdi[63].
Camaat namazına gəlməmək üçün məqbul sayılan üzürlər:
- Şiddətli soyuq və yağış halında: Nafi deyir ki, İbn Ömər (A.R.O.) küləkli və soyuq bir gündə namaz üçün azan verdi və camaata dedi: Namazı evinizdə qılın. «Çünki Peyğəmbər (S.A.V.) soyuq və yağışlı gecədə müəzzinə: “Namazı evdə qılın” – deməsini əmr edərdi[64]».
- Yemək başında oturduqda: İbn Ömər Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Namaza iqamə oxunduğu zaman yeməyiniz gətirilsə ilk olaraq yeməyinizi yeyin və yeməyi qurtarmamış namaza tələsməyin». İbn Ömərin yeməyi gətirilər, digər tərəfdən namaz başlayardı. O isə imamın qiraətini eşidə-aşidə, yeməyini bitirmədən namaza getməzdi”[65].
- Böyük və kiçik subaşı qısnadıqda:
Aişə deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Yemək hüzurunda, həmçinin kiçik və böyük subaşı qısnadıqda namaz qılınmaz»[66].
Müsafir namazı:
Müsafirin Zöhr, Əsr və İşa namazlarını qısaltması vacibdir.
Uca Allah buyurur: «Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz...»[67].
Yəla ibn Umeyyə bu ayə haqqında Ömər ibn əl-Xəttabdan soruşmuş və demişdir: «kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa...» - ayəsini necə başa düşək, axı bu gün insanlar əminamanlıqdadırlar (yəni, elə çıxır ki, bu gün səfər namazı qılınmalı deyil). Ömər isə cavabında demişdir: Mən də sənin kimi təəccüblənmişdim deyə bu haqda Peyğəmbərdən (S.A.V.) soruşdum və o dedi: «Bu, Allahın sizə bəxş etdiyi sədəqədir. Siz də onun sədəqəsini qəbul edin»[68].
İbn Abbas deyir ki, «Allah, Peyğəmbərin (S.A.V.) dili ilə namazı sizə qeyri səfərdə dörd, səfərdə iki, qorxu anında isə bir rükət fərz etmişdir»[69].
Ömər deyir ki, «səfər və cümə namazı iki rükətdir. Fitrə və qurban bayramlarında qılınan namaz da iki rükətdir. Bu namazlar qısaldılmış deyil, tamdır. Bunu Muhəmməd (S.A.V.) öz dili ilə demişdir»[70].
Aişə deyir ki, «ilk vaxtlarda namaz iki rükət fərz buyurulmuşdu. Sonra səfər namazı bu sayda qaldı, qeyri səfər namazı isə artırıldı»[71].
İbn Ömər deyir ki, mən Peyğəmbərlə (S.A.V.) səfərdə yoldaşlıq etmişəm. O, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Həmçinin Əbu Bəkrlə səfərdə yoldaşlıq etmişəm. O da vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Ömərlə də səfərdə yoldaşlıq etmişəm. O da həmçinin, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Osmanla da səfərdə yoldaşlıq etmişəm. O da, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Belə ki, Uca Allah buyurmuşdur: «Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!»[72].
Hansı məsafədən sonra namazı qısaltmaq olar?
Alimlər, namazın qısaldılmasını müəyyən edən məsafənin təyini haqda çoxlu müxtəlif fikirlər irəli sürmüşlər. Hətta İbn əl-Munzir və başqa alimlər bu məsələ haqqında danışarkən iyirmidən çox rəy nəql etmişlər. Lakin ən doğru rəyə görə əslində səfərin təyini üçün müəyyən məsafə həddi yoxdur. Peyğəmbərin (S.A.V.) insanlara xitab etdiyi ərəb dilindəki səfər məfhumu, bu haqda yetərlidir. Çünki əgər səfərin təyin edilməsi üçün dediyimizdən başqa hansısa hədd olsaydı o zaman Peyğəmbər heç vaxt bundan bixəbər olmaz və səhabələri də bu haqda soruşmağı unutmazdılar. Nə də ki, onu bildikləri halda hamısı onu bizdən gizlətməzdilər[73].
Hansı məsafədən sonra namaz qısaldılır?
Əksər alimlərin rəyinə əsasən insan yaşadığı yerdən çıxdıqda artıq namazı qısaltmalıdır. Bu, zəruri bir şərtdir. Həmçinin səfərdən qayıdarkən yaşadığı yerin ilk evlərini keçmədikcə namazı tam qılmamalıdır. İbn əl-Munzir deyir: Mənim bildiyim qədər, Peyğəmbər (S.A.V.) bütün səfərlərində namazları yalnız Mədinədən çıxdıqdan sonra qısaldardı. Ənəs deyir ki, «mən Peyğəmbərlə, Zöhr namazını Mədinədə dörd rükət, Zül-Huleyfədə isə (Əsr namazını) iki rükət qılmışam»[74].
Müsafir yad diyarda işlərini görmək üçün daimi deyil, müvəqqəti qalarsa, oradan çıxana qədər namazları qısaldıb qılmalıdır:
Cabir deyir ki, «Peyğəmbər (S.A.V.) Təbukda iyirmi gün qaldı və bu müddətdə namazları qısaldıb qıldı»[75].
İbn əl-Qeyyim deyir: Peyğəmbər (S.A.V.) ümmətinə, filan müddətdən çox qalsanız namazı tam qılarsınız – deyərək xitab etməmişdir. Lakin onun bu müddətdə namazı qısaltması dəqiqdir[76].
Əgər müsafir həmin yerdə qalmağı qərarlaşdırarsa, o zaman on doqquz gündən sonra namazları tam qılmalıdır. Necə ki, İbn Abbas demişdir: «Peyğəmbər orada on doqquz gün qalıb namazı qısaltmışdır. Biz də on doqquz gün qaldığımız müddətdə namazları qısaldar, bundan çox qaldıqda isə tamamlarıq»[77].
İki namazı bir vaxtda qılmaq:
Bunun üçün müəyyən səbəblər olmalıdır. Onlar aşağadakılardır:
- Səfərdə olmaq: Ənəs deyir ki, «Peyğəmbər (S.A.V.) günəş zenit xəttini keçmədən öncə yola çıxardısa zöhrü əsrin vaxtına qədər gecikdirər, sonra düşüb iki namazı bir vaxtda qılardı. Günəş zenit xəttini keçdikdən sonra yola düşdükdə isə, zöhrü qılar sonra yola düşərdi»[78].
Muaz deyir ki, «Peyğəmbər (S.A.V.) Təbuk döyüşündə günəş zenit xəttini keçmədən öncə yola düşdükdə Zöhrü Əsrlə qılmaq üçün saxlayar və hər iki namazı bir vaxtda qılardı. Günəş zenit xəttini keçdikdən sonra yola düşdükdə Zöhr və Əsr namazlarını qılar sonra yola düşərdi. Məğribdən öncə yola düşdükdə Məğribi İşa namazı ilə qılmaq üçün gecikdirərdi. Yox əgər Məğribdən sonra yola düşsəydi onda İşanı önə çəkib Məğriblə qılardı»[79].
Muaz başqa rəvayətdə deyir: «Biz Təbuk döyüşü zamanı Peyğəmbərlə birlikdəydik. Peyğəmbər Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birləşdirdi. Bir gün o, namazı gecikdirdi. Sonra iqamətgahından çıxıb Zöhrlə Əsri qıldı. Sonra yenə iqamətgahına qayıtdı və yenidən çıxıb Məğriblə İşanı qıldırdı»[80].
- Yağış yağması: Nafi deyir ki, «əmirlər yağış yağan zaman Məğrib və İşa namazlarını bir vaxtda qıldıqda İbn Ömər də onlarla birlikdə qılardı»[81].
Hişam ibn Urvə deyir ki, «atası Urvə, Səid ibn əl-Museyyib və Əbu Bəkr ibn Əbdürrəhman ibn əl-Haris ibn Hişam ibn əl-Muğirə əl-Məxzumi iki namazı bir vaxtda qılmaq istəyəndə, yağışlı gecədə Məğrib və İşa namazlarını bir vaxtda qılar və başqaları buna etiraz etməzdilər»[82].
Musa ibn Uqbə deyir ki, Ömər ibn Əbdüləziz yağışlı günlərdə Məğrib və İşa namazlarını bir vaxtda qılardı. Səid ibn əl-Museyyib, Urvə ibn əz-Zubeyr, Əbu Bəkr ibn Əbdürrəhman və o vaxtın şeyxləri onlarla bu namazı qılar və etiraz etməzdilər.[83]
İbn Abbas deyir ki, «Peyğəmbər (S.A.V.) heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsri, Məğriblə İşanı bir vaxtda qıldı[84]».
Başqa bir rəvayətdə İbn Abbas deyir: «Peyğəmbər (S.A.V.) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı»[85].
«İbn Abbasın hədisindən də başa düşülür ki, Peyğəmbərin (S.A.V.) zamanında da yağış, iki namazın bir vaxtda qılınması üçün səbəb idi. Əgər belə olmasaydı onda İbn Abbas namazların birləşdirilməsinə açıqlama verərkən yağış amilini qeyd etməzdi[86]»
- Qəfil iş çıxdıqda: İbn Abbas deyir ki, «Peyğəmbər (S.A.V.) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı». Hədisin rəvayətçisi Əbu əz-Zubeyr deyir ki, mən Səiddən: “Bunu nə üçün etdi?” - deyə soruşdum. O isə dedi: Mən də bu haqda sənin kimi İbn Abbasdan soruşdum və o belə dedi: «O, ümmətindən heç kəsi çətinliyə salmamaq üçün belə etmişdi»[87].
Başqa bir rəvayətdə İbn Abbas deyir ki, «Peyğəmbər (S.A.V.) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı. İbn Abbasdan: “Bunu nə üçün etdi?” - deyə soruşdular. O isə belə cavab verdi: «O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi»[88].
İmam Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin Səhih əsərinin şərhində (5/ 219) deyir:
«Bir qrup alim, qeyri səfərdə olarkən ehtiyac üzündən, amma adət halını almadan, iki namazı bir vaxtda qılmağın icazəli olduğunu demişlər. Bu, İbn Sirinin və Malikin tərəfdarlarından olan Əşhəbin rəyidir. Həmçinin Xəttabi adlı alim bu rəyi, Qəffaldan, Şafiinin tərəfdarlarından olan əş-Şaşi əl-Kəbirdən, Əbu İshaq əl-Mərvəzidən və bir çox hədis alimlərindən nəql etmişdir. İbn əl-Munzir də bu rəyi seçmişdir. İbn Abbasın: «O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi» - sözləri zahiri baxımdan deyilən rəyə əsas verir. Çünki İbn Abbas burada xəstəlik və ya başqa bir səbəb qeyd etməmişdir. Daha doğrusunu Allah bilir».