Ov heyvanını öldürməyin cəzası

    12.03.2015

Uca Allah buyurur: «Ey iman gətirənlər! İhramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədələtli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır. Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar. Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir!»[1].
İbn Kəsir (Allah ona rəhmət etsin) Təfsir kitabında (2/ 98) deyir:
Bu, uca Allah tərəfindən, ihramda olan kimsənin ov heyvanını öldürməsinin haramlığı və bu işdə ona köməklik göstərməyin qadağan olması barədə verilən hökmdür.
Bu qadağa öz mənasına görə birbaşa əti yeyilən heyvanlara aiddir. Quruda yaşayıb əti yeyilməyən heyvanlara gəldikdə, İmam Şafii ihramda olan kimsənin belə heyvanları öldürməsinin icazəli olduğunu demişdir. Amma əksər alimlər (cümhur) belə heyvanların da öldürülməsinin haram olduğunu demişlər. Bu qadağadan yalnız aşaqda, Buxari və Müslimin səhih əsərlərindən nəql olunan hədisdəki heyvanlar istisna edilir. Demək Zuhri Urvədən rəvayət edir ki, möminlərin anası Aişə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Beş heyvan vardır və onlar zərərli heyvanlardır. Bu heyvanlar ihramda olarkən və ihramda olmayarkən öldürülür. Bunlar: Qarğa, çalağan, əqrəb, siçan və quduz itdir»[2].
Əksər alimlərin rəyinə əsasən ovu qəsdən öldürənin cəzası ilə, bilmədən öldürənin cəzası eynidir.
Zuhri deyir: Ovu qəsdən öldürənin cəzasını Quran, bilməyərəkdən öldürənin cəzasını isə Sünnə isbatlamışdır. Yəni, bu o deməkdir ki, ihramda olarkən qəsdən ov heyvanı öldürən kimsənin günah qazanması ilə bərabər cəzalandırılması da vacibdir. Uca Allah buyurur: «...gördüyü işin zərərini, acısını dadsın deyə,... Allah keçmişdə olanları bağışlamışdır. Hər kəs bundan sonra belə bir iş görsə, Allah ondan intiqam alar...». Ov heyvanını bilərəkdən öldürənin cəzası Quranda necə deyilirsə, eləcə də ov heyvanını bilmədən öldürənin cəzasının vacib olması, sünnədə, Peyğəmbərin (S.A.V.) və səhabələrinin qərarlarında öz əksini tapır. Həmçinin ov heyvanının öldürülməsi zərər verməkdir. Zərərin qarşılığı isə həm qəsdən, həm də bilmədən zərər vuranın boynundadır. Lakin fərq ondadır ki, qəsdən edən günah qazanır, bilmədən edən isə buna görə qınanmır.
Uca Allahın bu sözləri: «...öldürdüyünə bənzər bir heyvanı kəssin...» - öldürdüyü heyvanın əvəzinə, ona bənzər bir ev heyvanı kəsməsinin vacibliyini vurğulayan, Malik, Şafii, Əhməd və əksər alimlərin rəyinə dəlildir. Amma əgər öldürülən heyvanın ev heyvanları arasında tayı olmazsa belə halda, İbn Abbasın qərarına əsasən, onun dəyərini Məkkə miskinlərinə çatdırmalıdır. Bu rəvayəti Beyhəqi qeyd etmişdir[3].
 
Peyğəmbərin (S.A.V.) və səhabələrinin ovlanmış heyvanların misli haqqında verdikləri qərarlardan misallar:
Cabir (A.R.O.) deyir ki, mən Peyğəmbərdən (S.A.V.) kaftar haqqında soruşdum və o belə cavab verdi: «O, ov heyvanıdır. İhramda olan şəxs onu ovlayarsa əvəzində bir qoyun kəsməlidir»[4].
Cabir deyir ki, Ömər ibn əl-Xəttab kaftar öldürənin cəzasını bir qoyun, cüyür ovlayanın cəzasını bir keçi, dovşan ovlayanın cəzasını yaşı tamam olmamış bir dişi çəpiş, ərəbdovşanı ovlayanın cəzasını isə dördaylıq çəpiş təyin etmişdi[5].
İbn Abbasdan (A.R.O.) rəvayət olunur ki, o, əl-Həram məscidinin göyərçinlərini öldürən, ihramda olan və ya olmayan kimsənin cəzasını bir qoyun təyin etmişdir[6].
İbn Kəsir (2/ 100) deyir:
Uca Allahın: «bir heyvanı Kəbəyə çatası qurban etmək» - sözlərinin mənası, Kəbəyə çatmaqdır. Kəbəyə çatmaq, kəffarə heyvanı orada kəsmək və ətini Məkkənin fağırlarına paylamaqdır. Məsələnin deyilən qaydada həlli, yekdilliklə qəbul edilmişdir.
Həmçinin uca Allahın bu sözü: «(öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəsi üçün bir gün olmaq şərtilə yedirəcəyi yoxsulların sayı qədər) oruc tutmaqdır...» - o deməkdir ki, əgər ihramda olan, öldürdüyü heyvanın ev heyvanlarından olan tayını tapa bilməsə, yaxud öldürdüyü heyvanın mislində ev heyvanı əsla yoxdursa, yaxud ayədəki ardıcıllığın “yaxud” bağlayıcıları ilə birləşdirildiyinə əsaslanıb seçim müxtəlifliyi baxımından məsələdən çıxış yolu axtararsa, o zaman öldürülən heyvan, yaxud onun mislində olan heyvanın dəyəri hesablanır və həmin məbləğə yemək alınır və hər yoxsula bir ovuc miqdarında sədəqə olaraq paylanır. Əgər buna da imkanı çatmasa yaxud seçim etmək istəsə onda hər yoxsulu yedizdirmək əvəzində bir gün oruc tutmalıdır. (Məlumat İbn Kəsirin təfsirindən müxtəsər şəkildə nəql edilmişdir).

 
[1] əl-Maidə: 95.
[2] Buxari: 4/ 34/ № 1829. Müslim: 2/ 856/ № 1198. Tirmizi: 2/ 166/ № 839.
[3] İbn Kəsir, “Təfsirul Quran əl-Azim”: 2/ 99. İkrimə deyir ki, «biz əl-Əzrəq vadisində olarkən Mərvan, İbn Abbasdan soruşdu:Əgər ev heyvanları arasında, ovladığımız heyvanın tayını tapa bilməsək necə edək? İbn Abbas dedi: Onun dəyərinə baxır və o miqdarda da Məkkə fağırlarına sədəqə paylayırsan».
[4] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3226. Əbu Davud: 10/ 274/ № 3783.
[5] Rəvayət səhihdir. əl-İrva: № 1051. Malik: 285/ 941. Beyhəqi: 5/ 183.
[6] Rəvayətin sənədi səhihdir.əl-İrva: № 1056. Beyhəqi: 5/ 205.