İki Hərama aid qadağalar
İki səhih kitabda və digərlərində Abbad ibn Təmimin hədisi qeyd olunur. Onun əmisi Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həqiqətən İbrahim Məkkəni həram saymış və ora üçün dua etmişdi. İbrahim Məkkəni həram saydığı kimi, mən də Mədinəni həram sayıram».
Bu iki torpağın həram sayılması uca və nöqsansız Allahdan, iki kəramətli peyğəmbəri və elçisinə göndərdiyi vəhy əsasında edilmişdir. Onların hər ikisinə Allahın salavatı və salamı olsun. “əl-Hərameyn” yəni, “İki Həram” deyildikdə Məkkə və Mədinə nəzərdə tutulur. Şəriət qaydalarına görə bu iki şəhərdən başqasına həram adı vermək olmaz. Hətta şəriət qaydalarına görə nə “əl-Əqsa”, nə də “İbrahim əl-Xəlil” məscidlərinə həram adını vermək olmaz. Çünki şəriət həram adını yalnız Məkkə və Mədinə şəhərlərinə aid etmişdir. Bu bir şəriət qərarıdır və bəşər ağılı buna müdaxilə edə bilməz.
Əl-Hərameyn torpaqlarında bəzi əməlləri etmək qadağandır. Orada müvəqqəti yaşayanlar, yaxud həcc və ümrə ziyarəti, yaxud başqa iş üçün gələn bu əməlləri edə bilməz. Bunlar aşağadakılardır:
- Heyvan və quş ovlamaq, ov üçün qovmaq və ya kömək etmək.
- Ot və ağacları yolmaq və ya kəsmək. Yalnız zərurət yarandıqda bunu etmək olar.
- Silah daşımaq.
- Məkkə həramında həcilərin itən əşyaları götürməsi. Amma məkkədə yaşayanlar bunu götürə və sahibini araşdıra bilərlər. Hər halda məkkədə yaşayanla həci arasında qoyulan fərqin səbəbi aydındır[2].
Kitabın müəllifi deyir: Bu qadağaların dəlili Peyğəmbərin (S.A.V.) Məkkənin fəthi günündə dediyi sözləridir:
«Allah bu torpağı, göyləri və yeri yaratdığı gündən həram etmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər həram olaraq qalacaqdır. Məndən öncə heç kəsə orada savaşmağa icazə verilməmişdir. Mənə günün yalnız bir hissəsində (məkkəni fəth etmək üçün) halal edilmişdir. Bu torpaq Allahın əmri ilə qiyamətə qədər həram olaraq qalacaqdır. Oranın ağacları kəsilməz, ovu qovulmaz, yaş otları yolunmaz, itən əşyanın sahibini axtaran insandan başqa, kimsə burada itən əşyaları götürə bilməz». Bu zaman İbn Abbas (A.R.O.) dedi: Ey Allahın elçisi, yalnız ətirli qamışdan başqa. Çünki camaat onu dəfndə və evlərin tikintisində istifadə edirlər. Peyğəmbər (S.A.V.) dedi: «Yalnız ətirli qamışdan başqa»[3].
Cabir (A.R.O.) deyir ki, mən Peyğəmbərin (S.A.V.) belə dediyini eşitmişəm: «Sizlərdən heç kəsə Məkkədə silah gəzdirmək halal deyildir»[4].
Əli (A.R.O.) Peyğəmbərin (S.A.V.) (Mədinə şəhəri haqqında) belə dediyini rəvayət edir: «Buranın göy otları dərilməz, ovu qovulmaz, itən əşyanın sahibini axtaran insandan başqa, kimsə burada itən əşyaları götürə bilməz. Həmçinin burada döyüş etmək üçün silah gəzdirmək heç kəsə yaraşmaz. Buranın heç bir ağacını kəsmək düzgün deyil. Yalnız dəvəsini yedizdirən istisnadır»[5].
Şeyx İbrahim Şəqra məsələyə açıqlama verərək deyir:
Kim bu qadağalardan hər hansını edərsə günah qazanmış olar. Belə halda o, tövbə edib bağışlanma diləməlidir. Yalnız əgər ov ovlayarsa onda ihramda olan şəxs tövbə edib bağışlanma diləməkdən əlavə qurban kəsməlidir.