Həcc zamanı cinsi yaxınlıq etməyin cəzası
Əvvəldə də dediyimiz kimi, kim birinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə onun həcci batil olar və o bir dəvə kəsməlidir. Əgər birinci təhəllüldən sonra, ikinci təhəllüldən əvvəl cinsi yaxınlıq edərsə onun həcci batil olmaz, lakin buna görə bir qoyun kəsməlidir.
İbn Abbasdan (A.R.O.) ifadə təvafını etmədən öncə, hələ minada ehramda olarkən cinsi yaxınlıq edən bir nəfər haqqında soruşurlar. O da, onun bir dəvə qurban kəsməli olduğunu deyir[1].
Amr ibn Şueyb atasından rəvayət edir və deyir: Bir kişi Abdullah ibn Amrın (A.R.O.) yanına gəlib ihramda olarkən qadını ilə cinsi yaxınlıq edən haqqında soruşdu. Amr ona, Abdullah ibn Öməri (A.R.O.) göstərib: get ondan soruş – dedi. Həmin kişi İbn Öməri tanımadığı üçün Şueyb də onunla getdi və o, İbn Ömərdən soruşdu. Onun cavabı: Sənin həccin batildir – sözləri oldu. Kişi dedi: Bəs indi mən nə edim? İbn Ömər dedi: Camaat ilə birlikdə yola çıx və onlar edənləri et. Əgər gələn ilə yetişsən həcc et və qurban kəs. Sonra kişi mənimlə bərabər Abdullah ibn Amrın yanına qayıtdı və bunu xəbər verdi. Abdullah ibn Amr ona dedi: İbn Abbasın (A.R.O.) yanın get və ondan soruş. Şueyb deyir ki, mən də onunla bərabər İbn Abbasın yanına getdim və ondan soruşdu. Onun da cavabı İbn Ömərin cavabı kimi oldu. Sonra yenidən mənimlə bərabər Abdullah ibn Amrın yanına qayıtdı və İbn Abbasın dediklərini ona çatdırdı və dedi: Bəs sən nə deyirsən? Abdullah ibn Amr dedi: Mənim dediyim də onların dediyi ilə eynidir[2].
Səid ibn Cubeyr deyir ki, bir nəfər kişi öz qadını ilə birlikdə ümrəyə niyyət etmişdi. Qadın ziyarətini yerinə yetirib saçını qısaltmadan öncə yoldaşı ona cinsi yaxınlıq etdi. Sonra bu haqda İbn Abbasdan (A.R.O.) soruşdu. ... İbn Abbas qadına dedi ki, sən nəsə kəsməlisən.
Qadın: Nə kəsməliyəm?
İbn Abbas: Dəvə, inək yaxud qoyun kəsməlisən.
Qadın: Bunların hansı daha yaxşıdır?
İbn Abbas: Dəvə kəsmək daha yaxşıdır.[3]
Kim kəsməyə dəvə və ya qoyub tapa bilməsə onda üç gün həccdə, yeddi gün isə qayıdandan sonra oruc tutmalıdır.
Uca Allah buyurur: «...ümrə edib həcci yerinə yetirən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar...»[4].
Üç günün orucunu Ərəfa günündən öncə tutmaq daha yaxşıdır. Belə etməyən kimsə isə bu orucu təşriq (zülhiccənin 11, 12 və 13-cü) günlərində tuta bilər. Belə ki, İbn Ömər və Aişə (A.R.O.) deyərdilər: «Təşriq günləri, kəsməyə qurban tapmayan kimsələrdən başqa, heç kəsə oruc tutmağa icazə verilmirdi»[5].
Diqqət: Bu məsələdə qadınla kişi arasında fərq yoxdur. Sadəcə olaraq əgər qadın cinsi yaxınlığa məcbur edilərsə, ona yaxınlıq edən ərindən fərqli olaraq, onun boynuna qurban kəsmək düşmür və həcci də səhihdir[6].
Səid ibn Cubeyr deyir ki, bir nəfər kişi İbn Abbasın (A.R.O.) yanına gəldi və dedi: mən ziyarəti bitirmədən öncə yoldaşımla cinsi yaxınlıq etmişəm. Nə edim?
İbn Abbas dedi: Əgər yoldaşın sənin bu işinə kömək olubsa hərəniz bir gözəl dəvə kəsməlisiniz. Əgər yoldaşın səni bu işə təhrik etməyibsə onda sən, bir gözəl dəvə kəsməlisən[7].
Həcc zamanı müxtəlif hallarda kəsilən heyvanlar:[8]
1. Təməttu və Qiran həccində kəsilən heyvan: Demək bu, ümrə edib sonra həcc (təməttu həcci) edəcəyinə, yaxud həcc və ümrəyə (qiran həccinə) niyyət edən şəxsin kəsəcəyi heyvandır. Uca Allah buyurur: «...ümrə edib həcci yerinə yetirən şəxs müyəssər etdiyi bir heyvan kəsməlidir. Qurbanlıq tapmayanlar bunun əvəzində həcc ziyarəti günlərində üç gün və (vətəninə) qayıdandan sonra yeddi gün oruc tutmalıdırlar...»[9].
2. Fidyə (bağışlanma) üçün kəsilən heyvan: Bu, hansısa çətinliyə və ya zərurətə görə saçını qırxması halında kəsilən heyvandır. Uca Allah buyurur: «...Əgər (ihramda ikən, ziyarət zamanı) sizdən xəstələnən və yaxud baş ağrısına tutulub əziyyət çəkən olarsa, belə şəxs (başını qırxdırmağın əvəzində) fidyə olaraq (üç gün) oruc tutmalı və ya sədəqə verməli, yaxud da bir qurban kəsməlidir...»[10].
3. Cəza üçün kəsilən heyvan: Bu, ihramda olarkən quru heyvanı ovlayan şəxsin kəsdiyi heyvandır. İhramda olarkən dəniz heyvanları ovlayana heç bir cəza yoxdur (bu haqda az öncə danışmışdıq).
4. İhsar üçün kəsilən heyvan: Bu, xəstəlik, düşmənçilik və ya hansısa üzürlü səbəbdən dolayı həccini tamamlaya bilməyən və ihrama girərkən şərt kəsməyən şəxsin boynuna düşən heyvandır. Uca Allah buyurur: «...əgər arada sizə maneçilik olarsa, (sizə) müyəssər olan bir qurban kəsin...»[11].
5. Cinsi yaxınlığa görə kəsilən heyvan: Bu, həcinin həcc vaxtı yoldaşı ilə cinsi yaxınlıq etdiyinə görə kəsdiyi heyvandır (bu haqda da az öncə danışmışdıq).