Zihar
Kim arvadına, "sən mənim üçün anam kimisən" – sözlərini deyərsə artıq zihar etmişdir. Bununla arvadı ona haram sayılır. Allahın kitabında dediklərini etmədikcə, ona yaxınlıq edə, yaxud hər hansı yolla ondan həzz ala bilməz. Uca Allah buyurur:
«Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!»[1]
Xuveylə bint Malik ibn Səaləbə deyir ki, «ərim, Ovs ibn əs-Samit mənimlə zihar etdi. Mən Peyğəmbərin (S.A.V.) yanına gəlib şikayət etdim. O da mənimlə ərim haqqında münaqişə edir və deyirdi: Allahdan qorx, o sənin əmin oğludur. Az keçmədi ki, Quran ayəsi nazil oldu: (Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi. Allah sizin danışığınızı eşidir. Həqiqətən, Allah (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir! Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır. Qadınları ilə zihar (qanuni nikahlarını özlərinə haram) edib, sonra sözlərindən dönənlər onlarla yaxınlıq etməzdən əvvəl (kəffarə vermək üçün) bir kölə azad etməlidirlər. Bu sizə (zihar barəsində) verilən öyüddür. Allah nə etdiklərinizdən xəbərdardır! Kim (azad etməyə bir kölə) tapmasa, qadını ilə yaxınlıq etməzdən əvvəl iki ay sərasər oruc tutmalı, buna da gücü çatmasa, altmış yoxsulu yedirdib doydurmalıdır. Bu sizin Allah və Onun Peyğəmbərinə iman gətirməniz üçündür. Bunlar Allahın hədləridir (onları aşmaq olmaz). Kafirləri şiddətli bir əzab gözləyir!» (əl-Mucadələ: 1-4). Peyğəmbər (S.A.V.) dedi: Kölə azad etsin. Qadın dedi: Buna imkanı yoxdur. Peyğəmbər (S.A.V.) dedi: İki ay dalbadal oruc tutsun. Qadın dedi: Ey Allahın elçisi, o yaşlı adamdır, oruc onluq deyil. Peyğəmbər (S.A.V.) dedi: Elə isə altmış yoxsulu yedirsin. Qadın dedi: Onun sədəqə etməyə heç nəyi yoxdur. Qadın deyir ki, həmin vaxt bir zənbil xurma gətirdilər və mən dedim: Ey Allahın elçisi, mən ona başqa bir zənbil xurma ilə kömək edə bilərəm. Peyğəmbər (S.A.V.) dedi: Sən artıq yaxşılıq etmisən. Get bu xurma ilə onun əvəzinə altmış nəfər yoxsulu yedizdir və əmin oğlunun yanına qayıt. Rəvayətçi deyir: Zənbil isə altmış saa[2] xurma tutur.[3]
Urvə ibn əz-Zubeyr, Aişənin (A.R.O.) belə dediyini rəvayət edir: Eşitməyi ilə hər şeyi əhatə edən Allah pakdır, müqəddəsdir. Mən Xovlə bint Sələbənin söhbətinin bir hissəsini eşidir, qalanını isə eşitmirdim. O, öz ərindən Peyğəmbərə (S.A.V.) şikayətlənir və deyirdi: Ey Allahın elçisi, cavanlığımı ona həsr etmişəm, bətnimi ona açmışam. İndi isə yaşa dolduqda, uşaqların arası kəsildikdə məndən zihar edib. Allahım mən sənə şikayətlənirəm. Çox keçmədi ki, Cəbrail bu ayələri nazil etdi: «(Ya Peyğəmbər!) Əri barəsində səninlə mübahisə edən və Allaha şikayət edən qadının sözünü Allah eşitdi...»
Kim öz qadınına: sən bir gün, yaxud bir ay və ya başqa vaxta qədər mənə anam kimisən – deyərsə, artıq zihar etmişdir. Əgər o andına sadiq çıxarsa ona heç bir kəffarə düşmür. Əgər dediyi müddətdən öncə arvadına yaxınlıq edərsə zihar kəffarəsi verməlidir.
Sələmə ibn Saxr əl-Bəyadi deyir: Mən qadınlara çox yaxınlıq edər və heç kəsin mənim qədər yaxınlıq etdiyini düşünmürdüm. Ramazan ayı gələndə ay bitənə qədər arvadımdan zihar etdim. Bir gecə o mənimlə söhbət edərkən onun bədənindən nə isə gördüm və mən özümü saxlaya bilməyib ona yaxınlıq etdim. Səhər açılanda tayfamın yanına getdim və başıma gələnləri danışdım və dedim: Bu haqda mənim üçün Peyğəmbərdən (S.A.V.) soruşun. Onlar dedilər: Biz bunu edə bilmərik. Ola bilər Allah bizim haqqımızda ayə nazil edər, yaxud Peyğəmbər (S.A.V.) bizə bir söz deyər və bu, bizim üçün eyib olaraq qalar. Lakin səni öz günahınla birgə buraxırıq. Peyğəmbərin (S.A.V.) yanına get və başına gələnləri danış. Evimdən çıxıb onun yanına gəldim və hadisəni danışdım. Peyğəmbər (S.A.V.) dedi: Bunu sən etmisən? Mən dedim: Bəli, mən etmişəm. Ey Allahın elçisi, budur mən gəlmişəm və Allahın mənə verəcəyi hökmə səbr etməyə hazıram. Peyğəmbər (S.A.V.) dedi: «Kölə azad et». Mən dedim: Səni haqq ilə göndərənə and olsun, mən özümdən başqa heç kəsə sahib deyiləm. Peyğəmbər (S.A.V.) dedi: «Elə isə iki ay dalbadal oruc tut». Mən dedim: Ey Allahın elçisi, elə başıma gələn bu bəla oruc səbəbi ilə olmayıbmı?! Peyğəmbər (S.A.V.) dedi: «Ya sədəqə ver, ya da altmış kasıbı yedizdir». Mən dedim: Səhi haqq ilə göndərənə and olsun ki, bu gecə şam yeməyimiz olmadan yatmışıq. Peyğəmbər (S.A.V.) dedi: «Bənu Zureyqin sədəqəsini toplayan adamın yanına get, qoy sədəqəni sənə versin. Onunla altmış kasıbı yedizdir və qalanından istifadə et»[4].
Hədisdən görsəndiyi kimi Peyğəmbər (S.A.V.) onun zihar etməsinə etiraz etmədi. Sadəcə onun vəd etdiyi vaxtdan öncə qadınına yaxınlıq etməsinə etiraz etdi.
Ziharın hökmü
Zihar etmək haramdır. Çünki uca Allah bu əməlin pis və yalan söz olduğunu vurğulayaraq zihar edənlərə etiraz etmişdir: «Sizdən öz qadınları ilə zihar edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır. Onlar, əlbəttə, pis və yalan söz danışırlar. Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır»[5].