Talaq (boşanma)

    12.03.2015

Ötən mövzularda İslam şəriətinin müsəlman ailəsinin qorunmasına və ailədə əminamanlığın təmin edilməsinə həris olmasının şahidi olduq. Həmçinin müsəlman ailədə ər və ya arvad tərəfdən gələn problemlərin həlli üçün təklif etdiyi müalicə üsulları ilə də tanış olduq.
Lakin bəzi hallarda problem həddindən artıq çox böyüdükdə bu müalicə fayda vermir. Belə halda daha güclü üsuldan istifadə etmək lazım gəlir. Həmin üsul talaqdır.
Talaqın əhkamlarına diqqət yetirən insan, İslam şəriətinin ailə müəssisəsinə necə həris olmasını, ər-arvad bağlılığının davam etməsinə necə rəğbət göstərdiyini görər. Bu ona görədir ki, İslam şəriəti talaq etməyə icazə verəndə onu birdəfəlik etməmişdir. Yəni, bir dəfə talaq etməklə ərlə arvadın ayrılığına və heş vaxt bir araya gəlməməsinə qərar verməmişdir. Demək İslam şəriəti talaq etməyə icazə vermiş, amma bunun bir neçə mərhələdə edilməsini əmr etmişdir:
«(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[1].
Əgər kişi arvadını birinci və ya ikinci dəfə boşayarsa gözləmə müddəti bitənə qədər boşanmış arvadını evindən çıxarmağa haqqı yoxdur. Nəinki belə, hətta qadın onun evindən çıxmamalıdır. Bunun səbəbi ərlə arvad arasında boşanmaya səbəb olan qəzəbin soyuması ehtimalı və sonra ailə həyatının əvvəlki halına qayıtmasıdır. Rəbbimiz deyilənləri bu ayədə qeyd edir:
«(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini (iddəti) sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar)»[2]. Yəni, ola bilər ki, kişi talaq etdiyinə görə peşiman olsun və Allah təalə onun ürəyinə onu qaytarmaq istəyini salsın və bu onun üçün daha da asan olsun.
 
Talaqın növləri
Birinci; Deyiliş baxımından növləri:
Talaq, deyiliş baxımından iki növdür: Birbaşa və ya dolayısı ilə deyilən.
Birbaşa odur ki, nəzərdə tutulan məna deyilən sözdən dərhal anlaşılsın və başqa heç bir məna ehtimal edilməsin. Məsələn, səni boşayıram və talaqını verirəm və bu sözlərdən düzəldilmiş hər bir ifadə birbaşa deyilən talaq sayılır.
Belə halda qətiyyətlə, zarafatla və ya niyətsiz deməsindən asılı olmayaraq talaq qüvvəyə minir. Demək Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üç şey vardır ki, onların ciddi şəkildə deyilməsi ciddi, zarafatla deyilməsi də ciddi qəbul edilir: Nikah, talaq və talaqı geri qaytarmaq (rici talaq)»[3].
Dolayısı yolla deyilən talaq, həm bu həm də başqa mənanı özündə daşıyan ifadədir. Məsələn, ailənin yanına get və sairə bu kimi ifadələri misal çəkmək olar.
Belə halda talaq yalnız niyət əsasında sayıla bilər. Əgər həmin sözü deməkdə niyəti boşamaqdırsa talaq sayılır, niyəti bu deyildisə talaq sayılmır.
Aişə (A.R.O.) deyir ki, «Bint əl-Cun Peyğəmbərin (S.A.V.) yanına (onun arvadı olaraq) daxil edildi. Ona yaxınlaşdıqda qadın dedi: Səndən Allaha sığınıram. Peyğəmbər (S.A.V.) ona dedi: Sən artıq çox əzəmətli bir şeyə sığındın, ailənin yanına get»[4].
Kəəb ibn Malik (A.R.O.) özünün və iki nəfər yoldaşının təbuk döyüşünə getmədikləri üçün camaat tərəfindən baykot (həcr) edildiyi hadisənində deyir ki, Peyğəmbər (S.A.V.) onun yanına adam göndərib dedi: «Arvadını tərk et. Kəəb soruşdu: onu boşayım, ya nə edim? O dedi: Arvadını tərk et və ona yaxınlaşma. Kəəb də öz arvadına: ailənin yanına get – deyərək əmr etdi»[5].
 
İkinci; Asılılıq və ya birbaşa təsir baxımından növləri:
Talaqın deyiliş qaydası ya birbaşa təsir etməli, yaxud da nədənsə asılı olmalıdır.
Birbaşa təsir edən talaq ifadəsi, süzü deyən şəxsin dərhal talaqın sayılmasını nəzərdə tutmasıdır. Məsələn, ərin öz arvadına, "mən səni boşadım" – sözü ilə xitab etməsidir.
Bu talaq deyilən andan dərhal qüvvəyə minir.
Asılı olan talaq ifadəsi, talaqın kişi tərəfindən hansısa şərtlə bağlanmasıdır. Məsələn, kişinin öz arvadına, "sən filan yerə getsən səni boşayacam" – deməsi buna misaldır.
Əgər talaq deyən kişi şərtin həyata keçməsi ilə boşanmağı nəzərdə tutarsa talaq sayılır. Yox əgər onun məqsədi qadını hansısa işə sövq etmək və ya çəkindirməkdirsə bu, anddır. Əgər onun and içdiyi baş verməzsə ona kəffarə düşmür. Yox əgər baş verərsə o zaman kişi and kəffarəsi verməlidir.
 
Üçüncü: Sünnəyə və ya bidətə uyğunluq baxımından növləri:
Talaq bu baxımdan, "sünni talaq" və "bidi talaq" növlərinə ayrılır.
Sünni talaq odur ki, kişi əvvəllər evli olduğu arvadını aybaşıdan sonra yaxınlıq etmədiyi təmizlik vaxtında bir talaq ifadəsi ilə boşasın.
Uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[6].
Digər ayədə isə buyurur: «(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın...»[7].

Peyğəmbər (S.A.V.) bu ayəni açıqlamışdır. Demək, İbn Ömər (A.R.O.) arvadını aybaşı halında boşayarkən Ömər ibn əl-Xəttab (A.R.O.) bu haqda Peyğəmbərdən (S.A.V.) soruşdu və o, dedi: «Ona de, arvadı geri qaytarsın. Sonra yeni aybaşıdan təmizlənənə qədər saxlasın. Sonra yenə heyz olsun və təmizlənsin. Bundan sonra istəsə saxlasın və ya yaxınlıq etmədən boşasın. Bu, Allahın qadınları boşamaq haqqında əmr etdiyi "iddə"dir (müddətdir)»[8].
Bidi talaq, şəriətin icazə verdiyi talaqa zidd olan boşanmadır. Məsələn, qadın heyz olarkən və ya yaxınlıq etdiyi təmizlikdə, yaxud üç talaqı birdən "səni üç dəfə boşadım" və ya bir məqamda üç dəfə "səni boşadım, səni boşadım, səni boşadım" – deməklə,  talaq vermək buna misaldır.
Bu növ talaq vermək haramdır və bunu edən insan günah daşıyır.
Əgər heyzli vaxtda talaq veribsə boşanma sayılır. Əgər talaq ricidirsə qadını qaytarması, sonra onu heyzdən pak olana qədər saxlaması, sonra yenidən heyz olması və yenidən təmizlənməsinə qədər saxlaması əmr olunur. Bundan sonra Peyğəmbərin (S.A.V.) İbn Ömərə (A.R.O.) əmr etdiyi kimi, istəsə qadını arvadı kimi saxlayar, yaxud yaxınlıq etmədən öncə boşayar.
Belə talaqın sayılmasına dəlil, Buxarinin rəvayətidir. Demək Səid ibn Cubeyr, İbn Ömərin belə dediyini rəvayət edir: «Həmin talaq mənim üçün bir sayıldı»[9].
Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) "Fəthul Bari" əsərində (9/ 353) deyir:
«Belə halda qadını qaytarmağı əmr edən, bundan sonra İbn Ömərə boşanma haqda göstəriş verən də Peyğəmbərdir (S.A.V.). İbn Ömərin, "həmin talaq mənim üçün bir sayıldı" – deməsi, bunun qeyri Peyğəmbər (S.A.V.) tərəfindən təyin edilməsi uzaq ehtimaldır. Çünki hadisənin gedişi də buna dəlalət edir. Necə ola bilər ki, İbn Ömər bu hadisə zamanı öz rəyi ilə hərəkət etsin və sonra Peyğəmbərin (S.A.V.) onun hərəkətinə hirsləndiyini desin? Necə ola bilər ki, o, baş verən hadisə haqqında Peyğəmbərlə (S.A.V.) məşvərət etməsin?
Daha sonra İbn Həcər deyir: İbn Vahb "Müsnəd" əsərində İbn Əbu Zibdən rəvayət edir ki, Nafi ona demişdir: «İbn Ömər, arvadını heyzli halda boşamışdı. Ömər də bu haqda Peyğəmbərdən (S.A.V.) soruşduqda o, belə cavab vermişdi: Ona de, arvadını geri qaytarsın sonra pak olana qədər saxlasın». Sonra İbn Əbu Zib hədisdə Peyğəmbərdən (S.A.V.) bu sözləri birbaşa rəvayət etmişdir: «Bu bir sayılır». Daha sonra İbn Əbu Zib deyir: Hənzələ ibn Əbu Sufyan mənə danışmışdır ki, o, Səlimdən rəvayət edib o da atasının Peyğəmbərdən (S.A.V.) belə rəvayət etdiyini demişdir.
Daha sonra İbn Həcər deyir: Bu rəvayəti, Darəqutni, Yezid ibn Harundan o da İbn Əbu Zibdən və İbn İshaqdan onların hər ikisi isə Nafidən, o da İbn Ömərdən Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət etmişlər: «Bu, bir sayılır»[10]. Deyilən rəvayət, ixtilaflı məsələ haqqında bir dəlildir və ona əsaslanmaq vacibdir».
 
Birdəfəyə üç talaq verməyin hökmü
Əgər kişi bir ifadə ilə üç talaq, yaxud bir məqamda üç dəfə talaq verərsə, bu, bir sayılır. Demək İmam Müslim İbn Abbasın belə dediyini rəvayət edir: «Peyğəmbərin (S.A.V.) zamanında, həmçinin Əbu Bəkrin və bir neçə il Ömərin xilafəti vaxtında (dalbadal deyilən) üç talaq bir sayılırdı. Bir dəfə Ömər ibn əl-Xəttab dedi: İnsanlar, onlara genişlik verilmiş bir işdə çox tələsirlər... Bəlkə bunu onlar üçün üç sayaq? Sonra bunu onlar üçün üç talaq saydı»[11].
«Ömərin (A.R.O.) bu rəyi ictihad idi. Ən yaxşı halda o, bunu məqsədəuyğun saydığına görə belə etmişdir. Amma buna əsaslanıb, Peyğəmbərin (S.A.V.) fitvasını, onun vaxtında olan səhabələrin əməl etdikləri və Əbu Bəkrin xilafətində olan bir hökmü tərk etmək olmaz»[12].
Dördüncü: Qaytarıb qaytarmamaq baxımından talaqın növləri:
Talaq ya rici, ya da birdəfəlik olur. Birdəfəlik talaq böyük və ya kiçik halda ola bilər.
Rici talaq, yaxınlıq edilmiş qadının, mal-dövlətin əvəzində deyil, birinci və ya ikinci dəfə boşanılmasıdır.
Uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir...»[13].
Rici talaq ilə boşanılmış qadın iddə gözlədiyi vaxtda kişinin arvadı sayılır. İddə zamanı kişi istədiyi vaxt qadını qaytara bilər. Bu işdə onun və ya qəyyumunun razılığı gərək deyil. Uca Allah buyurur: «Boşanan qadınlar üç dəfə (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər. Əgər (o qadınlar) Allaha və qiyamət gününə inanıblarsa, Allahın onların bətnlərində yaratdığını (uşağı) gizlətmək onlara halal olmaz. (Bu gözləmə müddəti içərisində) ərləri barışmaq istərlərsə, onları geri almağa (hər kəsdən) daha çox haqlıdırlar...»[14].

 
[1] əl-Bəqərə: 229.
[2] ət-Talaq: 1.
[3] Hədis həsəndir. əl-İrva: 1826. İbn Macə: 1/ 658/ № 2039. Əbu Davud: 6/ 262/ № 2180. Tirmizi: 2/ 328/ № 1195.
[4] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 3199. Buxari: 9/ 356/ № 5254. Nəsai: 6/ 150. Onun rəvayətində deyilir: «Kəllabiyyə qəbiləsindən olan qadın onun yanına daxil edildikdə...».
[5] Buxari: 13/ 113/ № 4418. Müslim: 4/ 2120/ № 2769. Əbu Davud: 6/ 285/ № 2187. Nəsai: 6/ 152.
[6] əl-Bəqərə: 229.
[7] ət-Talaq: 1.
[8] Buxari: 9/ 482/ № 5332. Müslim: 2/ 1093/ № 1471. Əbu Davud: 6/ 227/ № 2165. Rəvayətin mətni onundur. Nəsai: 6/ 138.
[9] Hədis səhihdir. əl-İrva: № 128. Buxari: 9/ 351/ № 5253.
[10] Hədisin sənədi səhihdir. əl-İrva: 7/ 134. Darəqutni: 4/ 9/ № 24.
[11] Müslim: 2/ 1099/ № 1472.
[12] Fiqhus Sünnə: 2/ 270.
[13] əl-Bəqərə: 229.
[14] əl-Bəqərə: 228.