əl-Xulu

    12.03.2015

Xulu sözü, terminoloji məna baxımından çıxarmaq, məsələn libası çıxarmaq, sözündən götürülmüşdür. Belə ki, qadın kişinin, kişi də qadının libasıdır. Uca Allah buyurur: «Onlar sizin, siz də onların libasısınız...»[1].
Fiqh alimləri xuluya belə tərif vermişlər: Xulu, kişinin arvadından götürdüyü nəyinsə müqabilində ondan ayrılmasıdır.
Bu, fidyə və iftida da adlanır[2].
 
Buna nə zaman icazə verilir?
Ərlə arvad arasında münaqişə böyüdükdə və onlar heç vəchlə razılığa gəlməsələr və qadın ərindən ayrılmaq istəsə belə halda o özünü, müəyyən məbləğdə mal-dövlətlə ərindən ayıra bilər. Onun verdiyi mal-dövlət ərinə dəyəcək ziyanı qarşılamaq üçün nəzərdə tutulur. Uca Allah buyurur: «(Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur...»[3].
İbn Abbas (A.R.O.) deyir: «Sabit ibn Qeys ibn Şəmmasın arvadı Peyğəmbərin (S.A.V.) yanına gəldi və dedi: Ey Allahın elçisi, mən Sabitin nə dinindən nə də əxlaqından gileylənmirəm. Mən, küfr etməkdən qorxuram. Peyğəmbər (S.A.V.) dedi: Sənə verdiyi bostanı ona qaytararsanmı? Qadın dedi: Bəli. Sonra bostanı ərinə qaytardı və Peyğəmbər (S.A.V.) onu boşamasını əmr etdi»[4].
Bu əməli etməmək haqqında xəbərdarlıq!!!
Sovban (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Hər hansı qadın, heç bir səbəb olmadan ərindən boşanma tələb edərsə cənnətin iyi ona haram olar»[5].
Digər hədisdə Peyğəmbərdən (S.A.V.) belə rəvayət etmişdir: «Səbəbsiz olaraq xulu (boşanma tələb) edən qadınlar münafiqlərdir (üzdə itaətkar, daxildə isə asi olanlardır)»[6].
 
Qadınlara əziyyət verən kişilərə xəbərdarlıq!!!
Əgər kişi arvadından xoşlanmazsa və ya hansısa səbəbə görə ondan soyuyarsa Allahın əmr etdiyi kimi onu xoşluqla boşasın. Qadın özü boşanma tələb etsin deyə, onu məcbur saxlayıb əziyyət vermək olmaz.  Uca Allah buyurur: «Qadınlarınızı (rici talaqla) boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. (Əziyyət və) zərər vermək məqsədilə haqlarına təcavüz edib onları saxlamayın! Hər kəs bunu etsə, şübhəsiz ki, özünə zülm etmiş olar. Allahın ayələri (hökmləri) ilə oynamayın (onlara istehza etməyin). Allahın sizə verdiyi nemətləri, öyüd-nəsihət üçün göndərdiyi Kitabı (Quranı) və hikməti xatırlayın! Allahdan qorxun və Allahın, həqiqətən, hər şeyi bildiyini anlayın!»[7]
«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! (Qadınlar) açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin (mehrin) bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun»[8].
 
Xulu talaq deyil, müqaviləni ləğv etməkdir
Əgər qadın özünü ərindən azad edib ayrılarsa, ixtiyar qadının əlinə keçir. Onun razılığı olmadan əri istəsə də onu qaytara bilməz. Bu ayrılıq talaq ifadəsi ilə baş tutsa da, talaq sayılmır. Bu, qadının vəziyyətini nəzərə alaraq onun verdiyi mal-dövlət müqabilində müqaviləni ləğv etməkdir.
İbn əl-Qəyyim (Allah ona rəhmət etsin) deyir:
«Xulunun talaq olmamasına dəlalət edən odur ki, arvadına yaxınlıq edən kişinin verdiyi sayı tamamlanmamış talaqla əlaqədar olaraq üç qayda qoymuşdur. Bu qaydaların heç biri xuluda yoxdur.
Birinci qayda: Talaqda, kişi arvadı qaytarmaq üçün daha haqlıdır.
İkinci qayda: Bir dəfə verilən talaq, üç talaqdan biri sayılır. Say tamamlandıqdan sonra qadın ərə gedib yaxınlıq etməmiş birinci ərinə halal olmur.
Üçüncü qayda: Talaq sonra gözləmə müddəti (iddə) üç heyzdir.
Amma, şəriət dəlilləri və alimlərin yekdil rəyi xuluda qaytarmaq (rici) olmadığına dəlalət edir.
Səhih sünnədə və səhabələrin sözlərində deyilir ki, xuludan sonra gözləmə müddəti (iddə) bir heyzdir.
Həmçinin şəriət dəlillərinə əsasən ikinci talaqdan sonra xulu etmək olar. Və ondan sonra hələ üçüncü talaq üçün də yer qalır.
Bu açıq-aşkar göstərir ki, xulu talaq deyil. Çünki uca Allah buyurur: «(Rici) talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir. (Ey kişilər!) Onlara (qadınlarınıza) verdiyinizdən (mehrdən) bir şey tələb etməniz sizə halal olmaz. Bu yalnız kişi ilə qadının Allahın (ər-arvadlıq) haqqındakı hökmlərini yerinə yetirə bilməyəcəklərindən qorxduqları zaman mümkündür. (Ey şəriət hakimləri!) Əgər onların (ər-arvadın) Allahın hökmlərini yerinə yetirməyəcəklərindən siz də qorxsanız, arvadın (kəbin haqqından) ərinə bir şey verməsində heç biri üçün günah yoxdur...»[9].
Bu, iki dəfə talaq verilmiş qadına xas olmasa da, həm ona həm də başqalarına aiddir. Ola bilməz ki, əvəzliklər, adı çəkilənlərə deyil, adı çəkilməyənlərə aid olsun, yaxud adı keçən və keçməyənlərə aid edilsin. Uca Allah daha sonra buyurur: «Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz...». Bu, iki dəfə boşanandan sonra, boşanma pulunu verib xulu edənə aiddir. Çünki ayədə bundan danışılır və bu, deyilən ifadənin məzmununa daxil olmalıdır. Peyğəmbərin (S.A.V.) Quranın təfsirini anlaması üçün Allaha dua etdiyi, “Quranın tərcümanı” ləqəbi ilə tanınan İbn Abbas (A.R.O.) bu ayəni belə başa düşmüşdür. Heç şübhəsiz ki, bu, qəbul olunan duadır. Xulunun əhkamları talaqın əhkamlarından fərqlənirsə, bu o deməkdir ki, onlar ayrı-ayrı şeylərdir. Bu, ayə, qiyas[10] və səhabələrin sözlərinin ehtiva etdiyi mənadır»[11].

 
[1] əl-Bəqərə: 187.
[2] Fiqhus Sünnə: 2/ 253. Mənarus Səbil: 2/ 226. Fəthul Bari: 9/ 395.
[3] əl-Bəqərə: 229.
[4] Hədis səhihdir. əl-İrva: № 2036. Buxari: 9/ 395/ № 5276.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1672. Əbu Davud: 6/ 308/ № 2209. Tirmizi: 2/ 329/ № 1199. İbn Macə: 1/ 662/ № 2055.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6681. Tirmizi: 2/ 329/ № 1198.
[7] əl-Bəqərə: 231.
[8] ən-Nisa: 19.
[9] əl-Bəqərə: 229.
[10] Qiyas, şəriətin əsaslandığı dəlillərdən biridir. Bu, şəriətin digər dəlilləri ilə müqayisə edilməklə hökmü verilən qaydadır.
[11] Zadul Məad: 5/ 199.