Sələm – Faiz
Tərifi:
Ərəb dilində sələm, faiz mənasını daşıyan, (riba) – sözü, naqis ismlərdəndir.
Bu sözün kökü, artmaq, çoxalmaq mənasını daşıyır. Bu artma ya eyni şeyin özündə baş verir. Məsələn, uca Allah buyurur: «hərəkətə (cana) gəlib qabarar...»[1].
Yaxud bu artma və çoxalma nəyinsə müqabilində baş verir. Məsələn, bir manatı iki manata dəyişməklə.
Sələmin hökmü
Qurana, sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən sələm haramdır:
Uca Allah buyurur: «Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! (Onu borclulardan almayın!) Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!»[2]
Digər ayədə isə belə buyurur: «Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar...»[3]
Başqa bir ayədə buyurur: «Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar...»[4]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Yeddi böyük günahdan çəkinin! Səhabələr soruşdular: Ey Allahın Elçisi! Onlar hansılardır? Peyğəmbər ﷺ buyurdu: "Allaha şərik qoşmaq, sehrbazlıq, Allahın haram buyurduğu insanı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, qızğın döyüş meydanından qaçmaq, namuslu, iffətli və zinadan bixəbər mömin qadınlara böhtan atmaq»[5].
Cabir (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) sələm yeyəni (alanı), onu yedizdirəni, yazanı və ona şahidlik edənləri lənətləyərək demişdir: onların hamısı bu günahda eynidirlər»[6].
İbn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Sələmin yetmiş üç növü vardır. Onun ən yüngülünün cəzası kişinin öz anası ilə nikah bağlaması kimidir»[7].
Abdullah ibn Hanzələ Peyğəmbərdən (S.A.V.) belə rəvayət edir: «Kişinin bilərəkdən yediyi bir dirhəm sələm, otuz altı zinadan daha pisdir»[8].
İbn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim nə qədər çox sələmçilik edərsə, onun malı bir o qədər bərəkətsiz olar»[9].
Sələmin növləri
Sələm iki növdür: Nəsiə və əl-Fəzl sələmi.
Nəsiə sələmi: Bu, borc verənin borc alandan gecikdirməyə görə aldığı razılaşdırılmış əlavə məbləğdir.
Sələmin bu növü Qurana, sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən haram sayılır.
əl-Fəzl sələmi: Bu, pulu pul ilə, yeməyi yemək ilə fərqli qiymətlə (yəni, bir kq yaxşı məshulu iki kq ortabab məhsulla) satmaqdır.
Sələmin bu növü sünnəyə və İslam ümmətinin yekdil rəyinə əsasən haram sayılır. Çünki bu növ sələm, nəsiə sələminə zəmin yaradır.
Hansı məhsulların eyni növü ilə fərqli dəyərdə satılması haramdır?
Aşağıdakı hədisdə deyiləcək altı növdən başqa, heç bir məhsulun öz növü ilə fərqli qiymətə satılması sələm sayılmır.
Ubadə ibn əs-Sammit (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qızılı qızılla, gümüşü gümüşlə, buğdanı buğda ilə, arpanı arpa ilə, xurmanı xurma ilə, duzu da duz ilə eyni növdə, bərabər çəkidə, həmin razılaşmada satmaq lazımdır. Digər növləri isə istədiyiniz kimi satın. Əsas odur ki, alqı-satqı işi həmin razılaşmada tamamlansın»[10].
Əgər bu altı növ məhsul öz növündən olan bir məhsulla, məsələn, qızıl qızılla, xurma xurma ilə – satılarsa, belə halda fərqli (məsələn, 1 kq-a, 2-kq vermək) və nisyə satış haramdır. Məhsulların keyfiyyətli və ya keyfiyyətsiz olmasına baxmayaraq, gərək hər iki növün çəkisi eyni olsun və həmin razılaşmada məhsul əldən ələ alınsın (nisyə olmasın).
Əbu Səid əl-Xudri (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qızılı qızılla satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Gümüşü gümüşlə satarkən yalnız eyni növdə və bərabər çəkidə satın. Bu növlərin nəğdini nisyə ilə satmayın»[11].
Ömər ibn əl-Xəttab (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qızılı qızılla, buğdanı buğda ilə, arpanı arpayla, xurmanı da xurma ilə satmaq sələmdir. Yalnız əldən ələ (nəğd) olarsa sələm sayılmaz»[12].
Əbu Səid əl-Xudri (A.R.O.) deyir ki, Peyğəmbərin (S.A.V.) vaxtında ruzimiz, növü bilinməyən qarışıq xurma olardı. Biz belə xurmanın iki saasını (5 kq-ı) bir saaya (2,5 kq-a) satardıq. Bu məlumat Peyğəmbərə (S.A.V.) çatdı və o dedi: «İki saa xurmanı bir saaya, iki saa buğdanı bir saaya, bir dirhəmi iki dirhəmə satmaq olmaz»[13].
Əgər bu altı növdən biri başqa növ ilə: məsələn, qızıl gümüş ilə, buğda arpa ilə – satılarsa çəkiləri fərqli etmək (1 kq-ı 2 kq-a satmaq) olar. Əsas şərt odur ki, alqı-satı həmin anda tamamlansın, nisyə olmasın.
Ubadə ibn əs-Samitin ötən rəvayətində Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunurdu: «Digər növləri isə istədiyiniz kimi satın. Əsas odur ki, alqı-satqı işi həmin razılaşmada tamamlansın»[14].
Əbu Davud və digər alimlərin Ubadədən rəvayət etdikləri başqa hədisdə Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Qızılı gümüş ilə, çoxu gümüş olmaqla – satmaq olar. Əsas odur ki, alqı-satqı həmin anda tamamlansın, nisyə olmasın. Buğdanı arpa ilə, çoxu arpa olmaqla – satmaq olar. Əsas odur ki, alqı-satqı həmin anda tamamlansın, nisyə olmasın»[15].
Əgər bu altı növdən hansınısa, qeyri cinsi və fərqli mahiyyəti olan növ ilə, məsələn, qızıl ilə buğda, gümüş ilə duz – satılarsa belə halda birini az, digərini çox etmək (1 kq buğdaya, 1 qr qızıl dəyişmək) və nisyə vermək olar.
Aişə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bir nəfər yəhudidən nisyə yemək aldı və əvəzində zirehini girov qoydu»[16].
Əl-Əmir əs-Sənani "Subulus Səlam" adlı kitabında (3/ 38) deyir:
«Bil ki, alimlərin yekdil rəyinə əsasən, sələmə daxil olan altı növ məhsulun fərqli cinslərini, məsələn, qızıl ilə buğdanı, gümüş ilə arpanı və digər məhsulları – nisyə və bir-birindən fərqli qiymətə satmaq (1 kq buğdaya, 1 qr qızıl dəyişmək) olar».
Təzə yetişmiş yaş xurmanı, quru xurma ilə satmaq olmaz. Bunu yalnız xurma ağacları olmayan kasıb insanlar (ərəb. əl-Ərayə sahibləri) edə bilərlər. Demək onlar, təzə yetişmiş xurmanı ağacdan dərib yemək üçün xurma sahibindən dəymiş halda alaraq, xurmanın miqdarını quru xurma kimi hesablayıb ödəyə bilərlər.
Abdullah ibn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) əl-Müzabənə etməyi qadağan etmişdir. Əl-Müzabənə, xurmanı xurma ilə satmaq, üzümü isə kişmiş ilə satmaq deməkdir»[17].
Zeyd ibn Sabit (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) özünün xurma ağacı olmayan kasıb insanın (ərəb. əl-Ərayə sahiblərinin) təzə yetişmiş xurmanı quru xurma ilə bərabər çəkidə satmasına icazə vermişdir»[18].
Peyğəmbərin (S.A.V.) yaş xurmanın quru xurma ilə satılmasına qoyduğu qadağanın səbəbi, yaş xurma quruduqda onun çəkisinin azalmasıdır.
Səd ibn Əbu Vaqqas deyir ki, «Peyğəmbər (S.A.V.) yaş xurmanın quru xurma ilə satılması haqqında soruşuldu və o, dedi: Yaş xurma quruduqda çəkisi azalırmı? Orada olanlar: Bəli – deyə cavab verdilər. Ona görə Peyğəmbər (S.A.V.) bu alış-verişi qadağan etdi»[19].
Sələmə daxil olan altı növü öz cinsi və başqa növlə qarışıq olanı ilə satmaq olmaz.
Demək Fudalə ibn Ubeyd (A.R.O.) deyir ki, mən Xeybər günü on iki dinara bir boyunbağı aldım. Onun üzərində qızıl və digər daş-qaşlar var idi. Mən onları bir-birindən ayırdım və gördüm ki, orada on iki dinardan çox qızıl var. Sonra bu haqda Peyğəmbərə (S.A.V.) danışdıqda, o dedi: «Belə halda bir-birindən ayırmadan satmaq olmaz»[20].