Allahın həlak etdiyi qövmlərə aid misallar göstərə bilərsinizmi?

    17.04.2015
Kimdən: 
mammadov murshud
Sual: 
Allahin yox etdiklerine misallar
Cavab: 

Salam aleykum. Uca Allah buyurur: "Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allahın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: "Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!" - demişdilər. (İbrahim, 9).

"Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb: "O, dəlidir!"– dedilər və ona hədə-qorxu gəldilər. O, Rəbbinə yalvarıb: "Məni üstələdilər! (Mənə) kömək et!”– dedi. Biz göyün qapılarını leysan yağışı ilə açdıq. Yeri yarıb bulaqlar qaynatdıq. (Göydən tökülən və yerdən çıxan) sular əzəldən yazılmış bir iş üçün bir-birinə qovuşdu. Biz onu taxtalardan pərçimlənib mismarlanmış gəmidə daşıdıq. İnkar edilmiş (peyğəmbərə) mükafat olaraq o (gəmi) Gözlərimiz önündə üzüb gedirdi. Biz onu (həmin hadisəni) (nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir yada salan varmı? (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı? Ad (qövmü) də (elçiləri) yalançı saydı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu! Biz uzun sürən uğursuz bir gündə onların üstünə çox soyuq külək göndərdik. O, insanları kökündən çıxardılmış xurma kötükləri kimi qopardıb atırdı. (Görəydin) Mənim əzabım və qorxutmağım necə oldu!" (əl-Qamər, 9-21).

"Zülm edənləri isə qorxunc bir səs yaxaladı və onlar öz evlərində üzüqoylu düşüb qaldılar. Sanki orada heç yaşamamışdılar. Həqiqətən, Səmud qövmü öz Rəbbini inkar etdi. Məhv olsun Səmud qövmü!" (Hud, 67-68).

"Səba (qəbiləsinin) yaşadığı yerdə nişanə – (biri) sağda, (digəri də) solda olan iki bağça var idi. (Onlara:) "Rəbbinizin ruzisindən yeyin və Ona şükür edin. Gözəl diyar və Bağışlayan Rəbb!" - (deyilmişdi). Amma onlar üz döndərdilər, Biz də üstlərinə güclü sel göndərdik. Onların iki bağçasını acı meyvəli, yulğunlu və (içində) bir az sidr ağacı olan iki bağla əvəz etdik. Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba qəbiləsiilə) bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən (bir-birinə yaxın) şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!" - (demişdik.) Onlar isə: "Ey Rəbbimiz! Səfərlərimizdə (dayanacağımız şəhərlər arasındakı) məsafəni uzaq et!" - dedilər və öz-özlərinə zülm etdilər. Biz onları əfsanələrə çevirib dilə-dişə saldıq, özlərini də pərən-pərən etdik. Həqiqətən, səbrli və şükür edən hər kəs bundan ibrət alar". (Səba, 15-19).

"(Mələklər) dedilər: "Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə yola düş. Qoy içinizdən, arvadından başqa heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?” Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil­ daşları ardıcıl olaraq onların üstünə yağdırdıq. (O daşlara) Rəbbinin yanında işarə qoyulmuşdur. Onlar zalımlardan da uzaq deyildir. Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: "Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin. Mən sizi bolluq içində görürəm və qorxuram ki, başınıza (hər şeyi) bürüyən günün əzabı gələ". (Hud, 81-84).

"Bu, sənə söylədiyimiz məmləkətlər haqqında hekayətlərin bəzisidir. Onlardan (izi) qalanı da vardır, yerlə-yeksan olanı da. Biz onlara zülm etmədik, lakin onlar özləri özlərinə zülm etdilər. Rəbbinin əmri gəldikdə Allahdan başqa çağırdıqları bütlər onları heç nədən qurtara bilmədilər. (Bütlər) onların ancaq tələfatını artırdı. Rəbbin, haqsızlıq edən məmləkətləri yaxaladığı zaman belə yaxalayır. Onun yaxalaması həqiqətən də, üzücüdür, şiddətlədir". (Hud, 100-102).

"Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi. Ad (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman Biz onların üstünə xeyir-bərəkətsiz bir külək göndərmişdik. O (külək) üstündən keçdiyi hər bir şeyi sovurub külə döndərirdi. Səmud (qövmünün) hekayətində də (ibrət) vardır. O zaman onlara: “Müəyyən vaxtadək dolanıb-keçinin!”– deyilmişdi. Onlar öz Rəbbinin əmrindən çıxdılar və onları gözləri baxa-baxa ildırım vurdu. Onlar ayağa qalxa bilmədilər və onlara kömək edən də olmadı. Daha əvvəl Nuh qövmünü (məhv etdik.) Çünki onlar fasiq adamlar idilər". (əz-Zəriyət, 40-46).

Teqlər: 
Paylaş: