"əl-Ələq" surəsinin izahı

    22.03.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Yaradan Rəbbinin adı ilə oxu! 2. O, insanı qan laxtasından yaratdı. 3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. 4. O, qələmlə yazmağı öyrətdi. 5. İnsana bilmədiklərini öyrətdi. 6. Xeyr! İnsan, doğrudan da, həddini aşır, 7. özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. 8. Axı son dönüşün Rəbbinədir! 9. Gördünmü o kəsi ki, mane olur 10. bir bəndəyə namaz qıldığı zaman? 11. Söylə görək, əgər o bəndə doğru yoldadırsa, 12. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? 13. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? 14. Məgər o bilmir ki, Allah görür? 15. Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq – 16. yalançı, günahkar kəkilindən. 17. Qoy öz yığnağını çağırsın. 18. Biz də əzab mələklərini çağıracağıq. 19. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
əl-Ələq (Laxtalanmış qan) surəsinin izahı

Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi.
Bu, Peyğəmbərə Qurani-Kərimdən nazil edilən ilk ayələrdir. Rəvayət edilir ki, Aişə demişdir: “Allahın elçisinə ilk vəhyin gəlməsi gözəl yuxu vasitəsilə başlamışdır. Onun gördüyü elə bir yuxu yox idi ki, sübh ça­ğı­­nın ay­dınlığı kimi gerçək olmasın. Sonra onun qəl­binə tənha­lığa çəkilmək mey­li salındı. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Hira dağındakı mağa­rada xəlvətə çəki­lib, ailəsinin ya­nı­na qa­yıdana­dək müəy­yən gecələri orada ibadət edərdi. Sonra Xədicənin yanına qayı­dıb yenə bir o qə­dər müd­dət qal­maq üçün azuqə götürərdi. Nəhayət, Pey­ğəm­bər Hira dağın­dakı ma­ğa­rada olar­kən ona haqq nazil oldu. Mələk onun yanına gəlib: “Oxu!”– dedi. O isə: “Mən oxu­­ma­ğı bacarmıram!”– deyə cavab verdi.
Peyğəmbər özü bu haqda demişdir: “O zaman mələk məni tutub taqətim kəsilənə­dək sıxdı, son­ra da buraxıb: “Oxu!”– dedi. Mən də: “Oxumağı bacarmı­ram!”– dedim. O ikin­ci dəfə məni tutub nəfəsim kəsi­lənədək sıxdı, sonra da buraxıb: “Oxu!”– dedi. Mən isə: “Oxumağı bacarmı­ram!”– dedim. O üçüncü dəfə məni tutub nə­fə­sim kə­si­­lənədək sıxdı, sonra da buraxıb dedi:
“Yaradan Rəbbinin adı ilə oxu! O, insanı qan laxtasından yaratdı. Oxu! Sənin Rəbbin mü­qayisəsiz sə­xavətə ma­lik­dir. O, qələmlə yazmağı öy­rətdi. İnsana bilmə­diklərini öy­rətdi.”
Bu hadisədən sonra Peyğəmbər qorxudan ürəyi əsə-əsə hə­min ayə­lərlə ge­ri döndü. O, Xədicə bint Xuveylidin yanına daxil olub: “Üs­tümü örtün, üs­tü­mü ör­tün!”– dedi. Onun üstünü örtdülər. Nəhayət, qor­xu on­dan keçib getdi və Pey­­ğəm­bər başına gələn hadisəni Xədicəyə xəbər verib dedi: “Mən başıma bir iş gə­lə­cəyindən qorxdum.” Xədicə dedi: “Xeyr! Allaha and olsun ki, Allah səni heç vaxt rüs­vay etməz. Çünki sən qohumluq əlaqələrini möhkəm­ləndirir, zəif­lə­rin yü­künü da­şıyır, yoxsula pay verir, qonağa yaxşı baxır və haqq yolunda in­san­­la­ra yardım edirsən...” (əl-Buxari, 3).

Yaradan Rəbbinin adı ilə oxu!
Yəni, hər şeyi yaradan Rəbbin Allahın adından yardım diləyərək oxu.

O, insanı qan laxtasından yaratdı.
Uca Allah insanı digər bütün məxluqlardan üstün tutaraq yaratmışdır. O bu haqda belə buyurur: “Biz Adəm oğullarını hörmətli etdik, onları quruda və dənizdə minik üstündə daşıdıq, onlara pak ruzilər verdik və onları yaratdıqlarımızın çoxundan xeyli üstün etdik” (əl-İsra, 70).
Bu ayədə Uca Allah insanı qan laxtasından yaratmağa başladığını bildirir. Uca Allah Qurani-Kərimin digər ayələrində insanı müxtəlif inkişaf mərhələlərindən keçirərək yaratdığını xəbər verir. Peyğəmbər demişdır: “Sizlər­dən hər kəs anasının bətnində xəlq edilərkən ilk qırx gün ərzində nütfə ha­lın­da, sonrakı qırx gündə qan laxtası, daha sonrakı qırx gündə isə ət parçası olur. Sonra Allah onun yanına bir mələk göndərir. Bu mələyə dörd şeyi yaz­maq əmr edilir və ona: “Bunun əməlini, ruzisini, əcəlini, bədbəxt və ya xoş­bəxt olacağı­nı yaz!”– deyilir. Sonra ona ruh üfürülür...” (əl-Buxari, 3208).

Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi. İnsana bilmədiklərini öyrətdi.
Bu ayələrdə Uca Allah insanı elmə, şərəfə və kəramətə nail etdiyini bəyan edir. Bu elə bir şərəfdir ki, insanlığın atası Adəm onunla mələklərdən üstün tutulmuşdu. İnsana bəxş edilən elm beyində, dildə və qələmə alınan yazıda olur. Bunlar əqli, ləfzi və yazı məlumatlarıdır. Yazı məlumatları bunların ikisini özündə cəm edə bilir, lakin bu ikisi yazını əvəz edə bilmir.
 
Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.
Uca Allah bu ayədə “Xeyr!” deyərək özünü Allaha möhtac olmadığını hesab edən hər bir kəsin həddini aşdığını təsdiq edir. Lakin bu xislət möminə aid edilmir. Çünki mömin hər an özünü Allaha möhtac görür. O, daima Uca Allahdan öz ehtiyaclarının aradan qaldırılmasını diləyir və hər bir sıxıntıdan Ona sığınır.
 
Axı son dönüşün Rəbbinədir!
İnsan nə qədər həddini aşsa, təkəbbürlük etsə, özünü Allaha ehtiyacsız olduğunu görsə də, onun axır dönüşü Allahadır.    
 
Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman?
Bu ayədə Uca Allah, namaz qılmağa mane olan kəsin halının təəccüb doğurduğunu xəbər verir. Bu ayə, namaz qıldığı zaman Peyğəmbərə mane olan Əbu Cəhl haqqında nazil edilmişdir. O, öz həmqəbilələri arasında Əbul-həkəm (hökm atası) adı ilə tanınırdı. Məkkə müşrikləri mühakimə olunmaq üçün ona müraciət edirdilər, o da buna görə həmişə özünü dartırdı. Peyğəmbər bu ada qarşı çıxaraq onu Əbu Cəhl (cəhalət atası) adlandırmışdı.O, son nəfəsədək İslam dininə və onun Peyğəmbərinə qarşı çıxdı və kafir olaraq öldü. Əbu Hüreyrə rəvayət edir ki, Əbu Cəhl ərəblə­rə belə dedi: “Muhəmməd sizin yanınızda üzünü torpağa sürtürmü?” Onlar: “Bəli”– deyə cavab verdikdə o dedi: “Lat və Uzzaya and olsun ki, əgər mən onun belə etdiyini görsəm, boynundan basıb üz-gözünü torpağa bulaşdıracağam!” Peyğəmbər gəlib namaz qılmağa başladı və Əbu Cəhl dediklərini doğrultmaq üçün ona tərəf yaxınlaşdı. Lakin hər dəfə onun üstünə hücum etdikdə, əlləri ilə özünü müdafiə edərək arxaya çə­kildi. Ondan: “Sənə nə olub?”– deyə soruşduqda o dedi: “Onunla mənim aramda çox vahi­məli, atəşli bir xəndək və (Mələklərin qanadlarına oxşar) qanadlar var idi”. Peyğəm­bər dedi: “Əgər o mənə yaxınlaşsaydı, mələklər onu didib parça-parça edərdilər!” Uca Allah da bu ayələri nazil etdi: “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün eh­tiyacsız olduğunu zənn etdiyinə görə. Axı son dönüşün – Rəbbinədir! Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir, haqqı yalan sayıb üz dön­dəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tuta­cağıq – yalançı, günahkar kəkilindən. Qoy o öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!” (Səhih Muslim).
 
Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun?
Yəni, bildir görək, ey namaz qılmağa mane olan kəs, əgər bu səcdə edən bəndə Muhəmməd doğru yoldadırsa, yaxud insanlara Allahdan qorxmağı tövsiyyə edirsə, onda sən nə üçün ona mane olursan?
 
Məgər o bilmir ki, Allah görür?
Məgər o, Allahın onu və namazına mane olduğu Peyğəmbəri görmürmü? Bu ayədəki sualın mənası təhdiddir. Burada Uca Allah onu layiq olduğu cəza ilə hədələyir.
 
Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq - yalançı, günahkar kəkilindən.
Yəni, əgər Peyğəmbərə namaz qıldığı zaman mane olan Əbu Cəhl bu inadkarlığına və düşmənçiliyinə son qoymasa, Qiyamət günü o, kəkilindən yaxalanıb Cəhənnəm oduna atılacaq. Uca Allah başqa bir ayədə buyurur: “Günahkarlar simalarından tanınacaq, kəkillərindən və ayaqlarından yaxalanacaqlar” (ər-Rahmən, 41).
 
Qoy öz yığnağını çağırsın.
Yəni, əgər o, haqlı və güclüdürsə, onda öz tərəfdarlarını köməyə çağırsın.
 
Biz də əzab mələklərini çağıracağıq.
Bu ayədə Cəhənnəmdə günahkarlara əzab verən Zəbanilər adlı mələklər nəzərdə tutulur. Bu mələklər onun tərəfdarlarından daha əzəmətli və daha qüvvətlidirlər. Sonra Uca Allah buyurur:
 
Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!
Yəni, ey Peyğəmbər! Sən o adama əhəmiyyət vermə və sənə əmr olunanı yerinə yetir, Biz səni ondan qoruyacağıq. Bu ayədə “Səcdə qıl” dedikdə namaz qılmaq nəzərdə tutulur. Uca Allah bu ayədə Peyğəmbərinə səcdə etməyi və səcdə etməklə Ona yaxınlaşmağı buyurur. Çünki səcdə bəndəni Allaha yaxınlaşdıran ən üstün məqamdır. Peyğəmbər demişdir: “Qulun Rəbbinə ən yaxın olduğu məqam səcdə məqamıdır. Odur ki, səcdədə çox dua edin!” (Səhih Mus­lim).
 

 
Paylaş: