Yalandan içilən and (əl-Yəmin əl-Ğəmus) və hökmü
Bu and, kiminsə haqqını tapdalamaq, yaxud fasiqlik və xəyanət məqsədi üçün içilən anddır. Ərəb dilində bu andın "əl-Ğəmus" adlanmasına səbəb, yalandan içilən andın and sahibini günaha sonra isə cəhənnəmə salmasına görədir.
Bu böyük günahlardan biridir və buna görə kəffarə yoxdur. Çünki uca Allah buyurur: «...lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar...»[1]. Bu, qeyri məqbul anddır. Çünki məqbul sayılan andın kəffarəsi vardır. Yalandan içilən andda əsla xeyirli bir iş yoxdur.
Uca Allah buyurur: «Aralarınızdakı andlarını yalana çevirib fitnə-fəsad aləti etməyin. Yoxsa ayağınız möhkəm olduğu ikən sürüşər (imana gəldikdən sonra ondan xaric olarsınız) və (insanları) Allah yolundan döndərdiyinizə görə (dünyada) əzabı dadarsınız. (Hələ axirətdə də) sizi dəhşətli bir əzab gözləyir!»[2]
Təbəri (Allah ona rəhmət etsin) demişdir:
«Ayənin mənası odur ki, əslində verdiyiniz əhdlərə xəyanət etdiyinizi bilə-bilə, zahirən bu əhdlərə sadiq olduğunuzu göstərməklə onları arxayın salmaq üçün, içdiyiniz andları xəyanət kimi istifadə etməyin»[3].
Abdullah ibn Amr (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə rəvayət etmişdir: «Böyük günahlar bunlardır: Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, günahsız insanı öldürmək və yalandan and içmək»[4].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Beş şeyin: Allaha şərik qoşmağın, haqsız yerə insanı öldürməyin, möminin malını mənimsəməyin, döyüş meydanından qaçmağın və ya yalandan and içib haqsız yerə başqasının malını yeməyin kəffarəsi yoxdur»[5].