Allahın "əl-Vəhhab" adının mənası
əl-Vəhhab sözü çox bəxş edən, hədiyyə verən deməkdir. Allahın əl-Vəhhab adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur:
“Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən (əl-Vəhhab)” (Ali İmran, 8).
Həmçinin buyurur:
“Yoxsa sənin Qüdrətli və Bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır? Ya da, göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlaramı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar” (Sad, 9-10).
“Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o tövbə edib qayıtdı. O dedi: "Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən” (Sad, 34-35).
əl-Vəhhab olan Allah, layiq olmadıqları halda belə bəndələrinə nemətlər bəxş edir və bunun əvəzində heç nə tələb etmir.
əl-Vəhhab olan Allah günahları bağışlayır, çətinlikləri aradan qaldırır, yoxsulu varlandırır, xəstəyə şəfa verir, sonsuz adama övlad verir, cahili öyrədir, yolunu azana hidayət verir, şükür edənə nemətini artırır, tövbə edənin tövbəsini qəbul edir. İnsana verilən hər bir hədiyyə, hər bir sovqat Allahdandır.