Məryəm surəsinin 71-ci ayəsinin təfsirini yaza bilərsinizmi?

    03.05.2015
Kimdən: 
ZAMI
Sual: 
Salam Alekum Meryem suresi 71 ci ayenin tefsirini yazardizda Allah sizden razı olsun
Cavab: 
Aleykum salam. Qeyd etdiyiniz ayədə Uca Allah belə buyurur: "Hər biriniz ora girəcəksiniz. Rəbbinin qəti qərarı belədir". (Məryəm, 71).
Ayənin təfsirində deyilir: "Bu sözlər bütün məxluqatlara – əməlisaleh insanlara, əxlaqsız fasiqlərə (günahkarlar, asilər), möminlərə, kafirlərə, müşriklərə və münafiqlərə yönəldilmişdir. Elə bir insan yoxdur ki, oda daxil olmamış olsun, çünki Allahın qəti qərarı belədir. Uca Allah Özünə söz vermişdir ki, məhz belə etsin və bunu qullarına vəd etmişdir. Əlbəttə ki, Onun vədi mütləq icra ediləcəkdir. İslam alimləri və Quran təfsirçiləri bu ayənin mənası barədə müxtəlif rəylər söyləmişlər. Bəziləri hesab edirdilər ki, bütün məxluqlar Cəhənnəm qarşısında dayanacaqlar və onun qarşısında qorxu sınağından keçəcəklər, sonra isə Uca Allah təqva (səmimi Allah qorxusu) sahibi olan əməli salehləri xilas edəcəkdir. Digərləri isə belə sayırdılar ki, mütləq bütün insanlar Cəhənnəmə girəcəklər, ancaq möminlər üçün Cəhənnəm Odu sərin və salamatlıq olacaqdır. Üçüncü qrup alimlərin fikrincə isə bütün insanlar Cəhənnəmin lap ortasından çəkiləcək Sirat körpüsündən keçməli olacaqlar. İnsanlar körpü­dən öz əməllərinə müvafiq olaraq keçə biləcəklər. Bəziləri onu bir göz qırpımında ötüb keçəcəklər. Digərləri onu külək sürəti ilə qaçaraq keçəcəklər. Üçüncülər körpünü təcrübəli cins at süvari­ləri kimi çapıb keçəcəklər. Dördüncülər bu körpünü qaça-qaça ötəcəklər. Beşincilər onun üstündən piyada addımı ilə yeriyib keçəcəklər. Elə insanlar da olacaq ki, körpünü sürünə-sürünə adlayacaqlar. Lakin elələri də olacaq ki, Sirat körpüsün­dən bir­başa Cəhənnəmə düşəcəklər. Hər kəs körpünü öz təqvasından (Allahdan səmimiyyətlə qorxmaq) asılı olaraq keçə biləcəkdir. Ona görə də Uca Allah bu ayənin ardınca belə buyurur: "Sonra Biz təqvalıları xilas edəcəyik, zalımları isə orada diz çökmüş halda saxlayacağıq". (Məryəm, 72).
Mənbə: Quran Təfsiri - Abdurrahmən ibn Nasir əs-Səədi. http://qurantafsiri.blogspot.com
Teqlər: 
Paylaş: