Haram olunan qidanın zərurət halında mübah olması
Uca Allah buyurur: «... Lakin naəlac qaldıqda (başqasının malını) zorla mənimsəmədən və həddi aşmadan (zəruri ehtiyacı ödəyənə qədər) bunlardan yeməyə məcbur olan kimsənin heç bir günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!»[1]
Digər ayədə isə buyurulur: «Kim aclıq üzündən naçar qalarsa (çətinliyə düşərsə), günaha meyl etmək niyyətində olmayaraq (zəruri ehtiyacını ödəyəcək qədər bu haram ətlərdən yeyə bilər). Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!»[2]
İbn Kəsir (Allah ona rəhmət etsin) təfsir kitabında (2/ 14) deyir:
“Ayənin mənası odur ki, kim naçarə qalıb uca Allahın buyurduğu bu haram şeylərdən yemək məcburiyyətində qalarsa bunu edə bilər. Belə halda Allah onu bağışlar, mərhəmət göstərər. Çünki uca Allah naçarə qalan bəndəsinin həmin qidaya olan ehtiyacını bilir və buna görə onu bağışlayır, rəhm edir. İmam Əhmədin “əl-Müsnəd” və İbn Hibbanın “Səhih” kitabında İbn Ömərdən (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyi rəvayət olunur: «Allah, Ona asilik edilməyi necə xoşlamırsa, Onun rüsxətlərinə əməl olunmasını da elə sevir»[3].
Buna görə də fəqihlər demişlər ki, bəzi hallarda ölü heyvanı yemək vacib ola bilər. Bu, həyatı üçün qorxub yeməyə başqa şey tapa bilmədikdə ola bilər. İnsanın düşdüyü vəziyyətdən asılı olaraq belə qidanı yemək mübah (icazəli) və ya məndub (daha yaxşı) ola bilər.
Daha sonra alimlər nə qədər yemək haqda müxtəlif fikirlər söyləmişlər. Məsələn, belə halda zəruri ehtiyacını ödəyən miqdarda yeməlidirmi? Yaxud doyana qədər yeməlidir? Yoxsa doyana qədər yeyib əlavə ehtiyat götürməlidirmi? Bu haqda “əl-Əhkam” kitablarında ətraflı qeyd edilmişdir.
İbn Kəsir daha sonra deyir: Əksər insanların düşündüyü kimi, ölü heyvan ətinin yeyilməsinin icazəli olması üçün üç gün yeməksiz qalıb başqa heç nə tapmamaq şərt deyildir. Əslində belə yeməyi yemək üçün zərurət yarandıqda onunla qidalana bilər”.