Məscidə getməyin savabı yalnız kişilərə aiddirmi?
Salam aleykum. Məscidə getmək kişilərə vacib buyurulmuşdur, qadınlar isə istəsələr gedə bilərlər. Bu, Allahın onlar üçün yaratdığı asanlıqdır. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Qadınlarınızın məscidə getməsinə mane olmayın, lakin onlar üçün evləri daha xeyirlidir". (Səhih əl-Buxari).
"Qadının məscidi evinin küncüdür".
"Qadının evindəki otaqda qıldığı namaz həyətində qıldığı namazdan, şəxsi otağında qıldığı namaz isə evindəki otaqda qıldığı namazdan xeyirlidir" (Əbu Davud, 570,; ət-Tirmizi, 1173).
Burada "evindəki otaq" deyildikdə evdə qadının olduğu otaq, "şəxsi otaq" deyildikdə isə qadının şəxsi şeylərini saxladığı kiçik yer nəzərdə tutulur.
Əbu Humeyd əl-Sədinin zövcəsi Umm Humeydə (radıyəllahu anhum) rəvayət edir ki, o, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəldi və dedi: "Ey Allahın Rəsulu, mən səninlə namaz qılmağı xoşlayıram". O dedi: "Mən qəti bilirəm ki, mənimlə namaz qılmağı xoşlayırsan, lakin evində namaz qılmağın həyətində namaz qılmağından, həyətində namaz qılmağın məhəllə məscidində namaz qılmağından, məhəllə məscidində namaz qılmağın mənim məscidimdə namaz qılmağından daha yaxşıdır". (İmam Əhməd, 27135).