Paxıllıq etməyin!
Paxıllıq etmək başqasının üstünlüyünə, xoşbəxtliyinə və ya uğuruna dilxor olmaq, gözügötürməməkdir. Paxıl o şəxsdir ki, həsəd apardığı insana verilən nemətin puç olmağını istəyir və bunun üçün də əlindən gələn imkanlardan istifadə edərək səy göstərir. Bədnəzərlər də buna aiddir. Belə ki, bədnəzərlik xəbis nəfsli, şər təbiətli paxılın əməlindən irəli gəlir. Paxıl adam Allahın başqasına nemət verməsinə nifrət edir və bunun qarşısının alınmasını arzulayır, beləliklə də, Allaha asilik etmiş olur. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Zənn etməkdən çəkinin! Həqiqətən, zənn ən yalan sözdür. Bir-birinizi güdməyin, casusluq etməyin, bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!” (Səhih əl-Buxari).
Kimə həsəd aparmaq olar?
Peyğəmbər demişdir: “Yalnız iki şəxsə həsəd aparmaq olar: O şəxsə ki, Allah ona Quranı öyrətmiş, o da, onu gecə-gündüz oxuyur. Qonşusu bunu eşidib deyər: “Kaş, ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim.” Bir də o şəxsə ki, Allah ona var-dövlət bəxş etmiş, o da, onu Allah yolunda lazımi yerlərə xərcləyir. Onu görən adam deyər: “Kaş, ona verilənin bənzəri mənə də veriləydi, onun etdiyi əməli mən də edərdim” (Səhih əl-Buxari, 5026). Bu hədisdə həsəd aparmaq dedikdə qibtə etmək nəzərdə tutulur.