Müsəlmanın dəyəri çox əzəmətlidir
Uca Allah buyurur: «Ey iman gətirənlər! ... özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! Hər kəs təcavüz və zülm etməklə bu işləri görərsə, Biz onu cəhənnəm oduna atarıq. Şübhəsiz ki, bu da Allah üçün çox asandır!»[1]
Digər ayədə isə buyurur: «Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!»[2]
Başqa bir ayədə isə belə buyurur: «Buna görə də İsrail oğullarına (Tövratda) yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur...»[3].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Özünüzü yeddi böyük günahdan qoruyun». Orada olanlar dedilər: Ey Allahın elçisi, onlar hansı günahlardır? O dedi: «Allaha şərik qoşmaq, sehrbazlıq etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını mənimsəmək, döyüş meydanından qaçmaq və zinadan xəbəri olmayan namuslu, ismətli mömin qadınları zinada ittiham etmək»[4].
Abdullah ibn Ömər ibn əl-Xəttab (Allah onlardan razı olsun) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allah üçün, dünyanın yox olması, bir nəfər müsəlmanın qətlə yetirilməsindən daha yüngüldür»[5].
Əbu Səid əl-Xudri və Əbu Hureyrə (Allah onlardan razı olsun) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edirlər: «Əgər göy və yer əhli bir nəfər möminin qanına şərik olsalar, Allah onların hamısını cəhənnəmə atar»[6].
Abdullah ibn Məsud (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «(Qiyamət günü)İnsanlar arasında ilk mühakimə olunacaq hüquq, qan haqqları olacaqdır»[7].
Digər hədisdə isə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qiyamət günü bir kişi digərinin əlindən tutub gəlcək və deyəcəkdir: Ey Rəbbim, bu məni qətlə yetirib. Allah da ona deyəcəkdir: Onu nə üçün öldürmüşdün? O deyəcəkdir: Səni izzətləndirmək üçün onu öldürmüşəm. Allah deyəcəkdir: İzzət də mənə məxsusdur. Sonra başqa bir nəfər birinin əlindən tutub gələcək və deyəcəkdir: Bu məni qətlə yetirmişdir. Allah ona deyəcəkdir: Onu nə üçün öldürmüşdün? O deyəcəkdir: Filankəsi izzətləndirmək üçün onu öldürmüşəm. Allah deyəcəkdir: İzzət filankəsə məxsus deyil. Beləliklə qətlin günahını daşıyacaqdır»[8].