İntihar etməyin haram olması

    13.04.2015

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim özünü dağtan atıb intihar edərsə, o, əbədi olaraq cəhənnəm atəşində diyirlənə-diyirlənə yanar. Kim zəhər qəbul edib intihar edərsə, zəhəri əlində ola-ola əbədiyyən cəhənnəmdə yanar. Kim özünü dəmir alətlə vurub intihar edərsə, həmin dəmir alətlə özünə zərbə yetirə-yetirə əbədi olaraq cəhənnəmdə yanar»[1].
Cundub ibn Abdullah (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: Sizdən əvvəlki ümmətlərdə bir nəfər kişi yaralı idi. O ağrıya dözə bilməyib, bıçaqla əlini kəsdi. Sonra axan qanın qarşısını almayıb öldü. Uca Allah isə belə dedi: «Qulum öz nəfsini mənə tez təslim etdi. Mən isə cənnəti ona haram etdim»[2].
Cabir deyir ki, Tufeyl ibn Amr əd-Dovsi Peyğəmbərin (S.A.V.) yanına gəldi və dedi: Ey Allahın elçisi, sən özünə cangüdən, hami götürmək istəyirsənmi? (cahiliyyət dövründə cangüdənlik Dovs qəbiləsinin əlində idi). Peyğəmbər (S.A.V.) bundan imtina etdi. Bu (Peyğəmbərin müdafiəsi), Allah tərəfindən ənsarlar üçün qorunub saxlanılan bir nemət idi. Peyğəmbər (S.A.V.) Mədinəyə hicrət edəndə, Tufeyl ibn Amr və tayfasından olan bir kişi onun yanına hicrət etdilər. Onlar Mədinəyə gəldikdə çətinliklə üzləşdilər. Tayfasından olan kişi xəstələndi. Xəstəliyə dözə bilməyib nizə ucluğu ilə barmaqlarının uclarını kəsdi və əllərini qan apardı və öldü. Sonra Tufeyl ibn Amr onu yuxusunda gördü. Onun zahiri görünüşü gözəl idi. Amma əllərini örtmüşdü. Tufeyl ona dedi: Rəbbin sənə nə etdi? O dedi: Onun Peyğəmbərinin (S.A.V.) yanına hicrət etdiyim üçün məni bağışladı. Tufeyl dedi: Əllərini nə üçün örtmüsən? O dedi: Mənə dedilər ki, biz, sənin korladığını düzəldən deyilik. Sonra Tufeyl bu hadisəni Peyğəmbərə (S.A.V.) danışdı və o dedi: «Allahım onun əllərini də bağışla»[3].

 
[1] Buxari: 10/ 247/ № 5778. Müslim: 1/ 103/ № 109. Tirmizi: 3/ 260/ № 2116. Əbu Davud: 10/ 354/ № 3855. Nəsai: 4/ 67. O, ancaq özünü zəhərləyərək intihar edəni qeyd etmişdir.
[2] Buxari: 6/ 496/ № 3463. Müslim: 1/ 107/ № 113.
[3] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: 97. Müslim: 1/ 108/ № 116.