Qisasın icrası üçün gərəkli şərtlər

    13.04.2015

Qisasın icra olunması üçün üç şərt vardır:
1. Qisas alınacaq cinayətkarın mükəlləf (məsuliyyət daşıyan) olması: Əgər qisas alınacaq qatil, uşaq və ya dəli olarsa, cinayətkar mükəlləf sayılana qədər həbs edilməlidir.

2. Ölənin qohumlarının qisasın icra edilməsi haqqında yekdil rəyə gəlmələri: Əgər ölənin bəzi qohumları qisasdan imtina etsələr, qisas icra olunmur.
Zeyd ibn Vahb deyir ki, «başqasını öldürmüş bir kişini Ömər ibn əl-Xəttaba (A.R.O.) şikayət etdilər. Ölənin qohumları onun öldürülməsini tələb edirdilər. Ölənin bacısı, qatilin isə arvadı olan bir qadın dedi: mən ərimin boynuna düşən haqqımı bağışlayıram. Ömər dedi: Kişi qisasdan azad olundu»[1].
Zeydin digər rəvayətində deyilir ki, bir nəfər kişi öz arvadının yanına yad kişinin olduğunu görüb, arvadını öldürdü. Onun işi Ömər ibn əl-Xəttaba (A.R.O.) çatdı. Qadının bəzi qardaşları bacılarına qəzəblənib öz paylarını qatilə bağışladılar. Ömər (A.R.O.) qatilin digər qohumlara diyə verməsini əmr etdi[2].
3. Cinayətkarın ölümü başqasına zərər verməməlidir. Məsələn əgər hamilə qadın qisas cəzasına məhkum edilibsə, o, hamiləliyini bitirib, ilk günlərdə uaşağına süd verənə qədər qisas icra olunmur[3].
Abdullah ibn Bureydə atasından rəvayət edir ki, Ğamid qəbiləsindən bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: Mən zina etmişəm. Peyğəmbər (S.A.V.) dedi: «Qayıt get!». Qadın qayıdıb getdi. Səhərisi gün qadın yenə gəldi və dedi: Deyəsən Maiz ibn Maliki[4] qaytardığın kimi, məni də qaytarmaq istəyirsən? Allaha and olsun ki, mən hamilə qalmışam. O, qadına dedi: «Qayıt get!». Qadın qayıdıb getdi və səhərisi gün yenə gəldi və Peyğəmbər (S.A.V.) ona dedi: «Get, uşaqdan azad olandan sonra gələrsən». Qadın getdi və uşağı dünyaya gələn kimi onu götürüb gəldi və dedi: Budur uşağım, artıq doğmuşam. Peyğəmbər (S.A.V.) dedi: «Qayıt uşağı yemək yeyənə qədər, ona süd ver». Qadın uşaq ilə gəldi və o əlində nə isə yeyirdi. Peyğəmbər (S.A.V.) uşağı müsəlmanlardan birinə (övladlığa) verdi və onun üçün bir çuxur qazıtdırıb daşqalaq olunmasını əmr etdi. Xalid də həmin qadını daşqalaq edənlərin arasındaydı. O qadına bir daş vurdu və qadının qanı onun yanağına sıçradı. Xalid isə onu söydü. Peyğəmbər (S.A.V.) ona dedi: «Ey Xalid, tələsmə. Nəfsim əlində olana and olsun ki, bu qadın elə bir tövbə etmişdir ki, əgər insanlara zülm edib onların haqqlarını əllərindən alan insan belə bir tövbə etsəydi onun da günahı bağışlanardı». Sonra Peyğəmbər (S.A.V.) onun üçün cənazə namazı qıldı və basdırıldı.[5]

 
[1] Səhihdir. əl-İrva: № 2222. Əbdürrəzzaqın "əl-Müsənnəf" kitabı: 10/ 13/ 18188.
[2] Səhihdir. əl-İrva: № 2225. Beyhəqi: 8/ 59.
[3] Mətndə deyilən südvermə, doğuşun ilk günlərində uşağa verilən süddür. Bu süd, uşağın həyatı üçün çox zəruridir. Cinayətkar ananın doğduğu uşağa bu südü vermədən öldürülməsi, uşağa ziyandır. Qadın bu südü verdikdən sonra əgər uşağa süd analığı edə biləcək bir qadın tapılarsa uşaq həmin qadının himayəsinə verilir və qisas hökmü icra olunur. Buna əsas Müslimin hədisidir. Əgər uşağa süd analığı edən bir qadın tapılmazsa onda uşağı iki il müddətində əmizdirmək üçün anaya möhlət verilməlidir. Buna əsas isə Əbu Davudun aşağıda qeyd olunacaq rəvayətidir.
[4] Bu, az öncə haqqında danışdığımız, zina edib zinasını etiraf edən kişi idi. (tərc.)
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 3733. Müslim: 3/ 1321/ № 1695. Əbu Davud: 12/ 123/ № 4419. Rəvayətin bu mətni onundur.