Diyənin növləri

    13.04.2015

Diyə, çətinləşdirilmiş və ya asanlaşdırılmış olur. Asanlaşdırılmış diyə, səhvən törədilən qətllərdə olur. Çətinləşdirilmiş diyə isə qəsdə oxşar qətllərə aiddir. Qəsdən törədilən qətl hadisəsində əgər qan sahibləri qisası bağışlasalar, onların diyəsi özlərinin razılığı ilə təyin olunur. Buna dəlil, Amr ibn Şueybin atasından, onun da babasından rəvayət etdikləri hədisdir. Rəvayətdə deyilir ki, «Kim qəsdən adam öldürərsə o, ölənin ailəsinə təslim edilər. Onlar istəsələr onu öldürər, yaxud diyə götürərlər. Diyənin miqdarı, otuz baş dörd yaşa keçmiş, otuz baş beş yaşa keçmiş və qırx baş boğaz dəvədir. Onlar istədikləri qiymətə də razılaşa bilərlər. Bu, çətinləşdirilmiş diyədir»[1].
Çətinləşdirilmiş diyə, qırxı boğaz olmaq şərti ilə, yüz dəvədən ibarət olmalıdır. Demək Peyğəmbər (S.A.V.) demişdir ki, «Qəsdə oxşar törədilən qətl qırmanc və ya əsa ilə olur. Belə qətlin diyəsi, qırxı boğaz olmaqla, yüz dəvədir»[2]. Bu diyə, yalnız cinayətkarın öz mal-dövlətindən verilməlidir.
Səhvən və ya qəsdə oxşar şəkildə törədilən qətlin diyəsi qatilin qohumlarının üzərinə düşür. Qatilin qohumları dedikdə, onun atası tərəfdən, həddi büluğa çatmış kişi qohumları nəzərdə tutulur.
Bura, var-dövlət sahibi olan kor, xronik xəstəliyi olan və taqətdən düşmüş yaşlı qoca qohumlar da aiddir. Amma, qadın, kasıb, azyaşlı, dəli və qatilin dinində olmayanlar bu hökmə aid olunmurlar. Çünki diyənin qatilin qohumları tərəfindən ödənilməsində əsas məqsəd köməkdir. Sadalanan qrup insanlar isə kömək edəcək deyillər.
Diyənin qohumlara vacib olmasının əsası Əbu Hureyrənin (A.R.O.) hədisidir. Hədisdə deyir ki, «Huzeyl qəbiləsindən iki nəfər qadın dava edərkən onlardan biri digərini daşla vuraraq qadını bətnindəki körpə ilə birlikdə öldürmüşdü. Peyğəmbər (S.A.V.): ölən körpənin diyəsini bir qul və ya bir qadın kölə olması, qadının diyəsinin isə qatilin qohumlarının boynuna düşməsi barədə – hökm verdi»[3].

 
[1] Hədis həsəndir. Səhih Sünən Tirmizi: № 1121. Tirmizi: 2/ 423/ № 1406. İbn Macə: 2/ 877/ № 2626.
[2] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2126. Əbu Davud: 12/ 292/ № 4524. İbn Macə: 2/ 877/ № 2627. Nəsai: 8/ 41.
[3] Buxari: 12/ 24/ № 6740. Müslim: 3/ 1309/ № 1681. Nəsai: 8/ 47-48.