Allahın "əl-Afuvvu" adının mənası
əl-Afuvvu sözü əfv edən, günahdan keçən deməkdir. Allahın əl-Afuvvu adı Qurani-Kərimdə beş dəfə zikr edilir. Uca Allah buyurur:
“Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır" (ən-Nisə, 43).
əl-Afuvvu olan Allah, bəndələri nə qədər haqsızlıq etmiş olsalar belə tövbə edib Onun itaətinə qayıtdıqları halda onların günahlarını əfv edən və bunlara görə cəza verməyəndir. Uca Allah buyurur:
“Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram” (Tahə, 82).
əl-Əfuvvu olan Allah günahları silib yox edir. Allahın əfv etməsi bağışlamasından daha üstündür. Əgər insan günah etsə, Allah onun günahını dünyada və Axirətdə örtə bilər və həmin günaha görə əzab verməz. Lakin həmin günah mövcud olaraq qalır. Uca Allahın əfv etməsi isə günahı tamamilə silib yox edir və insan həmin günahı etməmiş kimi olur.