Allah şeytanı niyə yaradıb və namaz qılıb tərk edənlərin aqibəti necə olacaq?
Sual:
Salam. Mene bir sual maraqlidir. Melum oldugu kimi dunyada ve butun yer uzunde her sheyi ALLAH yaradib. Hemchinin de sheytani... Eger sheytan pisdirse, insanlari yoldan chixarirsa, ALLAHİN yolundan ayirirsa onda Allah Teala onu niye yaradib? İkinci sualim ise namazi qilib buraxanlarin abiqeti haqqindadir. Bilmek isterdim ki, onlarin gunahi boyukdurmu?
Cavab:
Aleykum salam. Əlbəttə əslində insanların çoxunun şeytanın niyə yaradılması sualı düşündürür. Axı milyonlarla insanı yoldan çıxaran bu rəzil məxluq, nəyə görə yaradılıb? Allahın şeytanı yaratmaqda məqsədi nədir? Bizə məlumdur ki, insan kamilliyə yetişmək üçün xəlq olunmuşdur. Hər hansı bir insanın kamilliyə çatması üçün onun yollarında çoxlu imtahanlar, sınaqlar və maneələr olmalıdır. Əgər maneələr olmazsa, onda insan zəhmətsiz kamala yetişər və bu kamilliyin heç bir qiyməti olmaz. Məsələn, əgər bütün insanlar yaxşı əməl sahibi olsaydı, onda yaxşılığın heç bir qiyməti olmazdı. İnsan kamilliyə yetişdiyi zaman onun qarşısında olan iki zidd qüvvə mübarizəyə girir. İnsan isə öz ixtiyarı ilə bunlardan birini seçir. Bir sözlə, insan öz vücudunda olan bir-biri ilə mübarizəyə qalxmış ilahi saflıq ilə şeytani təhrikdən birini seçmiş olaraq özünün getdiyi yolu öz ixtiyarı ilə müəyyənləşdirir. Şeytanın vücudunun olması müsəlmanı hər dəqiqə ayıq-sayıq olmağa səsləyən bir ilahi nemətdir. Əlbbətə, bu nemət şeytanın özü üçün deyildir. Bu nemət insanlar üçündür ki, insanlar onu tanıyıb onun təhrik etdiyi işlərin əksini etməklə ilahi kamilliyə yetişə bilsinlər. Habelə şeytan və onun övladları saleh və qeyri-salehi ayırmaq üçün əvəzolunmaz bir vasitədirlər. Möminlər şeytanlara müxalif olaraq daha çox səadət əldə edə bilərlər. Hətta kamil insanlar şeytan ilə daha çox müxalifət etdiyi cəhətindən mələklərdən də uca məqama yüksələ bilər. Deməli, şeytanın yaranmasından məqsəd insanın daim ona müxalif olmaqla kamillik yolunda irəliləməsidir. Şeytan insan üçün imtahan olunma vasitəsi olub, insanı həmin imtahandan alnıaçıq çıxmaq üçün daim ayıq və sayıq olma vəziyyətində saxlayır. Şeytanın Allah tərəfindən yaradılması Allaha vəfalı olanların vəfalılığının imtahan olması üçündür. Bu xüsusda Allah Təala belə buyurur: "(Mələklər Adəmin yaradılması barədə Allahla) mübahisə apararkən mənim yuxarı aləmdən heç bir xəbərim yox idi. (Bütün onlar) mənə ancaq (sizi Allahın əzabı ilə) qorxudan bir peyğəmbər olduğum üçün bir vəhy olunur!" (Ya Peyğəmbər!) Xatırla ki, o zaman sənin Rəbbin mələklərə belə demişdi: "Mən palçıqdan bir insan (Adəmi) yaradacağam. Mən onu tamamlayıb (insan şəklinə salıb) Öz ruhumdan (Özümün yaratdığı ruhdan) üfürən (can verən) kimi ona (hörmət əlaməti olaraq) səcdə edin!" Buna görə də mələklərin hamısı birlikdə (Adəmə) səcdə etdi; Yalnız İblisdən başqa! O (səcdə etməyə) təkəbbür göstərdi və kafirlərdən oldu. (Allah) buyurdu: "Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?" (İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" (Allah) buyurdu: "Çıx ordan (Cənnətdən). Sən (Mənim rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən! Qiyamət gününə qədər Mənim lənətim sənin üstündən əskik olmasın!", (İblis) dedi: "Ey Rəbbim! Qiyamət gününə qədər mənə möhlət ver!", (Allah) buyurdu: "Sən möhlət verilənlərdənsən, (Dərgahımda) vaxtı məlum olan günə (qiyamətə) qədər!", (İblis) dedi: "Sənin izzətinə-qüdrətinə and olsun ki, onların (Adəm övladının) hamısını (haqq yoldan) azdıracağam; Yalnız Sənin sadiq bəndələrindən başqa!, (Allah) buyurdu, "Həqiqətən, doğru deyirəm, And olsun ki, Mən Cəhənnəmi səninlə (sənin cinsindən olanlarla) və sənə uyanların hamısı ilə dolduracağam!", (Ya Peyğəmbər!) De: "Mən buna (risaləti, Allahın hökmlərini təbliğ etməyə) görə sizdən heç bir əcr (mükafat) istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm! (Allahdan mənə nə vəhy olunursa, yalnız onu sizə çatdırıram. Bu Quran mənim sözüm deyil, Allah kəlamıdır!), Bu (Quran) aləmlərə (həm insanlara, həm də cinlərə) ancaq bir öyüd-nəsihətdir! Siz onun verdiyi xəbəri (Quranda deyilənlərin doğru olduğunu) bir müddətdən (öləndən, yaxud qiyamət qopandan) sonra mütləq biləcəksiniz!" (Sad, 69-88).
Əlbəttə namazı qılıb sonra tərk etmək böyük həlakedici günahlardandır. Ümumiyyətlə heç namaz qılmamaq da islamda böyük günahlardan hesab olunur. Belə şəxlər, yəni istər namazı qılıb atanlar, istərsə də namazın vacibliyin bilib heç qılmayanlar, bunların hamısı Qiyamət günü Allahın istəyi altında olacaq. Allah istəsə onları bağışlayacaq, istəməsə də Cəhənnəm əzabı ilə cəzalandıracaq. Uca Allah buyurur: "Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla! Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar; Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər): "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?" Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik; Yoxsulu da yedirtməzdik; Batilə dalanlarla birlikdə biz də dalardıq; Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər (bu vəziyyətdə qaldıq)". Şəfaət edənlərin şəfaəti onlara fayda verməz! Onlara nə olub ki, öyüd-nəsihətdən üz çevirirlər (qaçırlar)". (əl Muddəsir, 39-49); "Onlardan sonra namazı tərk edib şəhvətə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar). Tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Onlar heç bir zülm (haqsızlıq) görmədən Cənnətə daxil olacaqlar". (Məryəm, 59-60).