Xütbətul Hacə
Peyğəmbər (S.A.V.) xütbəsini, vəzlərini və dərslərini “Xütbətul Hacə” adı ilə məşhurlaşan bu xütbə ilə başlayardı. Xütbənin mətni belədir:
Həqiqətən həmd Allaha məxsusdur. Biz Ona həmd edir, Ondan yardım və günahlarımızın bağışlamasını diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni azdıran, azdırdığı kimsəni isə doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Mən şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
"Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!"[1].
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!"[2].
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar"[3].
Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (S.A.V.) yoludur. Ən şər əməllər dinə əlavə edilmiş yeniliklərdir. Dinə əlavə edilmiş hər bir yenilik bidət, hər bidət isə zəlalətdir. Zəlalətin sonu da oddur.
Peyğəmbərin (S.A.V.) və səhabələrin xütbələrinə nəzər salan kimsə, bu xütbələrin hidayət yolunu, tövhidi, Uca Allahın ad və sifətlərini, imanın ümumi əsaslarını, Allaha dəvəti, Allahın Onu bəndələrinə sevdirən nemətlərini və Onun cəzasını xatırladıb qorxudan günlərindən bəhs edildiyini görər. Bu xütbələrdə həmçinin, Allahı bəndələrinə sevdirən zikri və şükrü etmək əmr olunar, Allahın əzəmətini, Onu bəndələrinə sevdirən sifətləri və adları xatırlanar, insanları Allaha sevimli edən zikr, şükr və itaət növləri əmr olunardı. Xütbəni eşidib ayrılan insanda Allaha qarşı sevgi artar, Allah da onları sevərdi. Peyğəmbər (S.A.V.) xütbədə çox vaxt Quran ayələri, ələlxüsus Qaf surəsini oxuyardı.[4]
Ummu Hişam bint əl-Hərs ibn ən-Noman deyir ki, «mən, Qaf surəsini yalnız Peyğəmbərin (S.A.V.) ağzından, xütbədə oxuduğu zaman öyrənmişəm»[5].