Cümə gününün ədəb qaydaları
Cümə namazında iştirak etmək istəyən hər bir kəsin aşağıdakı hədislərdə deyilən qaydalara əməl etməsi müstəhəbdir:
Salman əl-Farisi Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, saçını yağlayar[1], evində olan ətirdən ətirlənər, sonra (evindən) çıxıb məscidə gələr və (ön tərəfə keçmək üçün) iki nəfəri ayırmaz, istədiyi qədər namaz qılar və imam xütbə verdiyi zaman susarsa, qıldığı cümə ilə qarşıdakı cümə arasında baş verəcək günahları bağışlanar"[2].
Əbu Səid deyir: «Kim cümə günü qüsl alar, ən gözəl paltarını geyinər, imkanı çatan ətirdən ətirlənər, sonra məscidə gələr, məsciddə insanların başı üzərindən keçməz, istədiyi qədər namaz qılar, imam (minbərə) çıxdıqdan sonra namaz qurtarana qədər danışmazsa, bütün bunlar onun keçən cümədən bu cüməyə qədər olan günahlarının bağışlanmasına səbəb olar»[3].
Əbu Hureyrə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Cümə günü məscidin hər qapısının üzərində mələklər dayanar və namaza gələnlərin adlarını gəldikləri vaxta əsasən qeydə alarlar. İmam minbərə çıxıb oturduqda onlar da yazdıqları səhifələri bağlayar və oturub xütbəni dinləyərlər. Kim daha erkən gələrsə bir dəvə sədəqə etmiş adama bərabər olar, ondan sonra gələn inək, sonrakı qoyun, daha sonra gələn toyuq, sonuncu gələn isə yumurta sədəqə vermiş adama bərabər olar»[4].