Bayram günü edilən müstəhəb əməllər

    14.04.2015

 

  1. Qüsl etmək: Əlidən (A.R.O.) qüsl etmək haqqında soruşurlar və o, belə cavab verir: «Qüsl, cümə, ərəfa, fitrə və qurban günləri edilir»[1].
  2. Ən gözəl paltar geyinmək: İbn Abbas deyir ki, «Peyğəmbər (S.A.V.) bayram günü qırmızı əbasını geyinərdi»[2].
  3. Fitrə bayramı günü namaza getmədən öncə yemək yemək: Ənəs deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə bayramı günü bir neçə ədəd xurma yeməmiş evindən çıxmazdı»[3].
  4. Qurban bayramı günü, öz qurbanından yemək üçün, səhər yeməyini gecikdirmək: Əbu Bureydə deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə bayramı günü yemək yeməmiş evindən çıxmazdı. Qurban bayramı günü isə, qurban kəsməmiş yemək yeməzdi»[4].
  5. Getdiyi yolu dəyişib başqa yolla qayıtmaq: Cabir deyir ki, «Peyğəmbər (S.A.V.) bayram günləri getdiyi yolu dəyişib başqası ilə qayıdardı»[5].
  6. Hər iki bayram günü təkbir etmək:

Uca Allah buyurur: «... fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz»[6]. Bu, fitrə bayramına aiddir.
Qurban bayramı haqqında isə, Uca Allah belə buyurur: «Sayı bəlli olan günlərdə Allahı yada salın (təkbirlə zikr edin)»[7]. Həmçinin buyurmuşdur: «...Allah sizi doğru yola yönəltdiyi üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi»[8].

 
[1] Beyhəqi, Sünənul Kubra: 3/ 278.
[2] Hədisin sənədi yaxşıdır. Silsilətus Səhihə: № 1279. Heysəmi “Məcməuz Zəvaid” adlı kitabında (2/ 201) deyir ki, bu hədisi Təbərani əl-Avsat əsərində rəvayət etmişdir və sənəd rəvayətçiləri etibarlıdırlar.
[3] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: № 448. Buxari: 2/ 446/ № 953. Tirmizi: 2/ 27/ № 541.
[4] Hədis səhihdir. Səhih Sünən ət-Tirmizi: № 447. İbn Xuzeymə: 2/ 341/ № 1426. Tirmizi: 2/ 27/ № 540. Onun rəvayətində, “Namaz qılmamış...” – sözləri qeyd olunur.
[5] Hədis səhihdir. əl-Mişkat: № 1434. Buxari: 2/ 472/ № 986.
[6] əl-Bəqərə: 185.
[7] əl-Bəqərə: 203.
[8] əl-Həcc: 37.