Fitrə bayramında deyilən bu təkbirlərin vaxtı, namazgaha gələndən ta namazı qılana qədərdir
İbn Əbu Şeybə deyir: Yezid ibn Harun bizə belə danışırdı ki, İbn Əbu Ziib, Zuhridən rəvayət edir ki, Peyğəmbər (S.A.V.) fitrə bayramı günü evindən çıxar, namazgaha gələnə və namazı qılana qədər təkbir edərdi. Namazı bitirdikdən sonra isə təkbir etməzdi»[1].
Albani deyir[2]: Bu sənəd mürsəl[3] olaraq səhihdir. Bu, başqa sənədlə İbn Ömərdən mərfu[4] olaraq rəvayət olunmuşdur. Rəvayəti, Beyhəqi (3/ 279): Abdullah ibn Ömərdən, o, Nafidən, o da İbn Ömərdən – sənədi ilə rəvayət etmişdir. Rəvayətdə deyilir:
«Peyğəmbər (S.A.V.) hər iki bayramda əl-Fadl ibn Abbas, Abdullah ibn Abbas, Əli, Cəfər, Həsən, Hüseyn, Usamə ibn Zeyd, Zeyd ibn Harisə və Əymən ibn Ummu Əymən (Allah onlardan razı olsun) ilə birlikdə, uca səslə təkbir və təhlil edə-edə namazgaha gələrdi. O, namazgaha dəmirçilərin yolu ilə gələr, namazı bitirdikdən sonra isə pinəçilərin yolu ilə qayıdıb evinə gələrdi». Beyhəqi deyir: «Bu, əvvəlki rəvayətdən daha yaxşıdır».
Daha sonra Albani deyir: “Bu hədisin rəvayətçiləri etibarlıdırlar. Abdullah ibn Ömər əl-Amri əl-Mükəbbirdən savayı, onların hamısı Müslimin rəvayətçiləridir. Zəhəbi onun haqqında deyir: “O, səduqdur və hafizəsində əmma var idi”. Zəhəbi və digər alimlər onu, İmam Müslimin rəvayətçisi səviyyəsində qəbul etmişlər. Belə bir rəvayətçini şahid kimi götürmək olar. Beləliklə bu rəvayətçi Zuhrinin əvvəldə qeyd olunan mürsəl rəvayətinə şahid sayıla bilər. Mənə görə hədis həm mövquf, həm də mərfu yolla səhih sayılır. Daha doğrusunu Allah bilir”.