İnsan öldükdə və ruhunu tapşırdıqda qohumları aşağıda deyilənləri etməlidirlər Bəzi qohumlar, ölənin mal-dövlətindən onun borclarını ödəməlidirlər.

    14.04.2015

 

  1. - 2.  Gözlərini bağlamaq və onun üçün dua etmək:

Ummu Sələmə deyir ki, Peyğəmbər (S.A.V.) Əbu Sələmənin yanına daxil oldu. Onun gözləri açıq qalmışdı. Peyğəmbər (S.A.V.) onun gözlərini bağlayıb dedi: «Həqiqətən ruh bədəndən çıxdıqda göz onun arxasınca baxır». Bunu eşidəndə ailəsindən bəziləri hay-küy qaldırdılar. Peyğəmbər (S.A.V.) dedi: «Özünüzə qarşı yalnız xeyirli sözlərlə dua edin. Doğrudan da mələklər sizin dediklərinizə amin deyirlər». Sonra Peyğəmbər (S.A.V.) bu duanı etdi:
« اللَّهُمَّ اغْفِرْ لأَبِى سَلَمَةَ وَارْفَعْ دَرَجَتَهُ فِى الْمَهْدِيِّينَ وَاخْلُفْهُ فِى عَقِبِهِ فِى الْغَابِرِينَ وَاغْفِرْ لَنَا وَلَهُ يَا رَبَّ الْعَالَمِينَ وَافْسَحْ لَهُ فِى قَبْرِهِ. وَنَوِّرْ لَهُ فِيهِ »
«Allahummə-ğfir li Əbi Sələmə vərfə dərəcətəhu fil məhdiyyin vəxlufhu fi əqibihi fil ğabirin vəğfir lənə və ləhu ya rabbəl aləmin vəfsəh ləhu fi qabrihi və nəvvir ləhu fih».
«Ey Allahım, Əbu Sələməni bağışla, onu ilk hidayət olunanların dərəcəsinə ucalt. Onun qoyub getdiklərinə (övladlarına, ailəsinə) Sən sahib ol və onları salamat et. Ey aləmlərin rəbbi, bizi və onu bağışla. Onun qəbrini geniş və nurlu et»[1].

3. Bədənini tam bağlayan bir paltarla örtmək
Aişə deyir ki, «Peyğəmbər (S.A.V.) vəfat edəndə onun bədənini Yəməndən gətirilmiş zolaqlı əba ilə örtdülər»[2].

4. Meyidi tez hazırlamaq və çıxarmaq:

Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Cənazəni tez aparın. Əgər o, əməlisalehdirsə siz onu xeyirə qovuşdurursunuz. Yox, əgər əməlisaleh deyilsə onda siz şəri özünüzdən uzaqlaşdırmış olursunuz»[3].

5.  Hətta borcları bütün var-dövləti qədər olsa, yenə də bunu etmək lazımdır:

Cabir ibn Abdullah (A.R.O.) deyir ki, bir nəfər kişi ölmüşdü. Biz onu yuyub, kəfənləyib və ətirləyib Peyğəmbərin (S.A.V.) qarşısına, daim cənazə qoyulan, “Məqamu Cəbrail” adı ilə tanınan yerə qoyduq. Sonra biz ona cənazə namazı qılmaq üçün Peyğəmbəri (S.A.V.) çağırdıq. O, bir neçə addım gəldi və dedi: «Bəlkə yoldaşınızın borcu var?» Orada olanlar: Bəli, iki dinar borcu var – deyərək səsləndilər. Peyğəmbər (S.A.V.) bunu eşidən kimi geri qayıtmaq istədi. Bu zaman Əbu Qatadə adlı bir nəfər dedi:  Ey Allahın elçisi, onun borcu mənim boynuma!  Peyğəmbər (S.A.V.) isə dedi: «Bu iki dinar sənin boynuna düşür və artıq sənin malındadır. Ölən insan isə bu borcdan azaddır». Əbu Qatadə: Bəli – deyərək cavab verdi. Bundan sonra Peyğəmbər (S.A.V.) ona cənazə namazı qıldı. O, hər dəfə Əbu Qatadə ilə qarşılaşdıqda: «İki dinarla neynədin?» - deyə soruşurdu. Nəhayət sonuncu dəfə soruşanda cavab: «Ey Allahın elçisi, iki dinarı qaytardım!» - sözləri oldu. Peyğəmbər (S.A.V.) isə dedi: «Bax, onun dərisi indi soyudu»[4].

 
[1] Hədis səhihdir. əl-Cənaiz: səh. 12. Müslim: 2/ 634/ № 920. Əbu Davud: 8/ 387/ № 3102. Onun rəvayətində “Ruh” sözü işlədilmir.
[2] Müslim: 2/ 651/ № 942. Onun rəvayəti mətndəki kimi müxtəsər verilmişdir. Buxari: 3/ 113/ № 1241. Onun rəvayəti isə uzundur.
[3] Buxari: 3/ 182/ № 1315. Müslim: 2/ 651/ № 944. Əbu Davud: 8/ 469/ № 3165. Tirmizi: 2/ 1020. Nəsai: 4/ 42.
[4] Hədis səhihdir. əl-Cənaiz: səh. 16. Hakim: 2/ 58. Beyhəqi: 6/ 74.