Ölənin qohumlarına hansı əməlləri etmək haramdır?

    14.04.2015

 

  1. Ağı demək:

Əbu Malik əl-Əşari (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Ümmətimdə cahiliyyət dövrünün dörd xüsusiyyəti qalmışdır ki, onlardan əl çəkməyəcəklər: Nəsl-nəcabətlə fəxr etmək, nəsillərə tənə vurmaq, ulduzlardan kömək ummaq və ağı demək». Daha sonra dedi: «Əgər ağı deyən insan ölməmişdən əvvəl Allaha tövbə etməzsə, qiyamət günü qalxanda əynində qətrandan paltar, qoturdan zireh[1] olacaqdır»[2]

2.-3 Üzünü döymək və sinə paltarını cırmaq:

Abdullah (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Üzünə döyən, sinə paltarını cıran və cahiliyyət çağırışı edən bizdən deyildir»[3]
.
4. Saçı qırxmaq:

Əbu Burdə ibn Əbu Musa deyir ki, Əbu Musa əl-Əşari şiddətli ağrı hissi keçirdiyindən ürəyi getdi. Onun başı, ailəsindən bir qadının qucağındaydı. Ailə üzvlərindən bir qadın qışqırmağa başladı. Əbu Musa isə ona cavab verə bilmədi və özünə gəldikdən sonra dedi: Peyğəmbərin (S.A.V.) uzaq durduğu kimsədən, mən də uzağam. «Həqiqətən də Peyğəmbər (S.A.V.) müsibət anında ağı deyən, saçını qırxan və sinə paltarını cıran kimsədən uzaqdır»[4].

5. Saçı pırtlaşdırmaq[5]:

Demək Peyğəmbərə (S.A.V.) beyət edən qadınlardan biri deyir ki, biz Peyğəmbərə (S.A.V.) yaxşı işlərdə asilik göstərməyəcəyimizə söz vermişdik. Öhdəliyimizə götürdüyümüz həmin yaxşı işlərdən bəziləri bunlardır: “Müsibət anında üz cırmayacaq, bəd dua etməyəcək, sinə paltarını cırmayacaq və saçları pırtlaşdırmayacağıq”[6].

 
[1] Yəni, bədəni qotur xəstəliyi ilə örtülü olmaqla, sanki zirehə bənzəyəcəkdir. (tərc.)
[2] Hədis səhihdir. əl-Cənaiz: səh. 27. Silsilətus Səhihə: № 734. Müslim: 2/ 644/ № 934.
[3] Buxari: 3/ 163/ № 1294. Müslim: 1/ 99/ 103. Tirmizi: 2/ 234/ № 1004. Nəsai: 4/ 19.
[4] Buxari: 3/ 165/ № 1296. Müslim: 1/ 100/ № 104. Nəsai: 4/ 20.
[5] Yəni, ölənin yasını saxlamaq məqsədi ilə saç-saqqal uzatmaq, yaxud saçını daramamaq. (tərc.)
[6] Hədis səhihdir. əl-Cənaiz: səh. 30. Əbu Davud: 8/ 405/ № 3115.