Meyiti dəfn etməyin qaydası

    15.04.2015

Meyit kafir olsa belə, onu dəfn etmək vacibdir. Əbu Talib öləndə, Peyğəmbər (S.A.V.) Əli ibn Əbu Talibə (A.R.O.): «Get onu basdır»[1] - deyə əmr etmişdi.
Sünnəyə əsasən meyit qəbiristanlıqda basdırılmalıdır. Çoxsaylı səhih rəvayətlərə əsasən Peyğəmbər (S.A.V.) öz vaxtında ölənləri “Bəqi” qəbiristanlığında basdırardı. Sələflərdən heç kəsin qeyri qəbiristanlıqda basdırıldığı təsdiq edilməmişdir. Çoxsaylı səhih rəvayətlərə əsasən yalnız Peyğəmbər (S.A.V.) öz evində basdırılmışdır. Bu, Peyğəmbərin (S.A.V.) özəl xüsusiyyətlərindən biridir. Aişədən (A.R.O.) rəvayət olunan hədis buna dəlalət edir. Rəvayətdə deyilir: “Peyğəmbər (S.A.V.) vəfat edəndə səhabələr arasında onun dəfn olunması barədə fikir ayrılığı oldu. Əbu Bəkr (A.R.O.) dedi ki, mən Peyğəmbərdən (S.A.V.) belə bir şey eşitmişəm və heç də unutmamışam. O, deyirdi: «Allah, hər bir Peyğəmbərin harada basdırılmasını istəyirsə onun canını da o yerdə alır». Bundan sonra Peyğəmbəri (S.A.V.) öldüyü yerdə də basdırdılar”[2].
Bu yerdə, döyüş meydanında şəhid olanlar istisnadır. Belə ki, onlar şəhid olduqları yerdə basdırılır, qəbiristanlıqlara daşınmırlar. Demək Cabir (A.R.O.) deyir ki, «Uhud döyüşü günü şəhid olanlar Bəqi qəbiristanlığında basdırılmaq üçün daşınırdılar. Bu vaxt Peyğəmbərin (S.A.V.) carçısı: “Peyğəmbər (S.A.V.), ölüləri oldükləri yerdə basdırmanızı əmr edir!” – deyə car çəkdi»[3].

 
[1] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1895. Nəsai: 4/ 79.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 5649. Tirmizi: 2/ 242/ № 1023.
[3] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 1893. Əbu Davud: 8/ 446/ № 3149. Nəsai: 4/ 79. Tirmizi: 3/ 130/ № 1771.