Qəbirin dərin, geniş və rahat edilməsi vacibdir

    15.04.2015

Hişam ibn Amir (A.R.O.) deyir ki, «Uhud döyüşü baş verən gün müsəlmanlardan ölən ölmüş, qalanlar isə yaralanmışdı. Ona görə də biz: “hər insan üçün qəbir qazımaq bizə ağırdır, bizə bir yol göstər?” – deyərək, Peyğəmbərə (S.A.V.) müraciət etdik. O, dedi: «Qəbirləri dərin, geniş, rahat qazıyın və iki yaxud üç nəfəri bir qəbirdə basdırın. Aralarında Quranı daha çox bilənləri qəbirə birinci qoyun». Rəvayətçi deyir ki, atam qəbirə qoyulan üç nəfərdən biri idi. O, Quranı başqalarından daha çox bildiyi üçün qəbirə birinci qoyuldu»[1].
Qəbiri “Ləhd”[2] və “Şəqq”[3] formasında qazımaq olar. Belə ki, Peyğəmbərin (S.A.V.) vaxtında qəbirlər bu iki formada qazılardı. Lakin birinci növ (Ləhd) daha yaxşıdır. Demək Ənəs ibn Malik (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) vəfat edəndə Mədinə şəhərində iki nəfər qəbirqazan var idi. Onlardan biri “Ləhd”, digəri isə “Şəqq” formalı qəbir qazıyırdı. Səhabələr dedilər ki, Allaha istixarə edək və onların ardınca adam göndərək. Hansı birinci gəlsə o da qəbiri qazısın. Beləliklə onların ardınca adam göndərdilər və “Ləhd” qazıyan birinci gəldi və Peyğəmbərin (S.A.V.) qəbirini ləhd formasında qazıdılar»[4].
Meyiti qəbirə qadınlar deyil, kişilər endirməlidirlər. Hətta meyit qadın olsa da bu belədir. Çünki bu, Peyğəmbərin (S.A.V.) vaxtında belə idi və bu günə qədər də müsəlmanların adəti belədir.
Meyitin yaxınları onu qəbirə endirməkdə daha haqlıdırlar. Uca Allahın bu ayəsinin ümumi ləfzi buna dəlildir. Ayədə deyilir: «Allahın Kitabında, qohumlar bir-birinə daha yaxındırlar...»[5].
Əli (A.R.O.) deyir ki, mən Peyğəmbəri (S.A.V.) yuyarkən, meyitin hansı hala düşdüyünə baxmaq istəyirdim. Amma mən heç bir şey görə bilmədim. Peyğəmbər (S.A.V.) öləndə də sağlığındakı kimi gözəl idi. Onun dəfnini və hazırlanmasını dörd nəfər icra edirdi. Əli, Abbas, Fəzl və Peyğəmbərin (S.A.V.) köləsi Saleh. Peyğəmbərin (S.A.V.) qəbiri ləhd formasında qazılıb, qarşısı dik düzülmüş yastı daşlarla bərkidildi[6].

 
[1] Hədis səhihdir. əl-Cənaiz: səh. 146. Nəsai: 4/ 80. Əbu Davud: 9/ 34/ № 3199. Tirmizi: 3/ 128/ № 1766.
[2] Ləhd: meyiti qoymaq üçün yerin, qəbirin qiblə tərəfindəki divarında açılmasıdır. (tərc.)
[3] Şəqq: meyiti qoymaq üçün yerin, qəbirin orta hissəsində açılmasıdır. Hal-hazırda ölkəmizdə qazılan qəbirlər bu formada olur. (tərc.)
[4] Rəvayətin sənədi həsəndir. İbn Macə: 1/ 496/ № 1557.
[5] əl-Əhzab: 6.
[6] Rəvayətin sənədi səhihdir. Hakim: 1/ 362. Beyhəqi: 4/ 53.