Qəbirləri ziyarət etmək

    15.04.2015

Axirəti yada salmaq və ibrət almaq üçün qəbirləri ziyarət etmək olar. Lakin bir şərtlə ki, orada Uca Allahı qəzəbləndirən ifadələr işlədilməsin. Yəni, dua edib ölüləri çağırmaq, Allahı qoyub onlardan kömək istəmək və s. bu kimi.
Əbu Səid əl-Xudri (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Amma indi onları ziyarət edin. Həqiqətən bunda bir ibrət dərsi vardır. Amma orada Uca Allahı qəzəbləndirən ifadələr işlətməyin»[1].
Qəbirləri ziyarət etməyin icazəli olması kişilər kimi qadınlara da şamildir. Çünki onların hər ikisi ziyarətə səbəb olan amildə (yəni, axirəti xatırlamaqda və ibrət dərsi almaqda) eynidirlər. Həmçinin ötən hədislərdə də Aişənin (A.R.O.) qəbiristanlıq ziyarəti zamanı nə deməsi haqqında soruşması, Peyğəmbərin (S.A.V.) ona dua öyrətməsi və ziyarəti qadağan etməməsi buna bir dəlildir. Çünki bu zaman Peyğəmbər (S.A.V.) qadınların qəbiristanlığı ziyarət etmələrinin qadağan olmasını vurğulamamışdır.

 
[1] Hədis səhihdir. əl-Cənaiz: səh. 179. Hakim: 1/ 374. Beyhəqi: 4/ 77. Onların rəvayətlərində sonuncu cümlə yoxdur. Bu cümlə, Bəzzarın (1/ 407/ № 861) rəvayətindədir.