Ümrəni təkrarlamaq

    15.04.2015

Peyğəmbər (S.A.V.) dörd ildə dörd dəfə ümrə etmişdir. Amma nə Peyğəmbər (S.A.V.) nə də səhabələri hər səfərdə bir dəfədən çox ümrə etməmişlər. Peyğəmbərin (S.A.V.) sağlığında, həm də vəfatından sonra səhabələrin bir səfərdə iki ümrə etmələri haqqında heç bir səhih məlumat yoxdur. Bunu yalnız Aişə (A.R.O.) etmişdir. Demək o, Peyğəmbərlə (S.A.V.) həcc edərkən aybaşı olduğu üçün həcc ilə birgə etdiyi ümrəsinin batil olduğunu zənn edib, ağlayırdı. Peyğəmbər (S.A.V.) onun bu halını görüb xətri qalmasın deyə, yeni ümrə etmək üçün qardaşı Əbdürrəhman ibn Əbu Bəkrə onunla bərabər Tənim adlı yerə getməsini əmr etmişdi.
Aişənin etdiyi bu ümrə şəxsən ona aid idi. Çünki nə kişi, nə də qadın səhabələr, Aişənin etdiyi kimi, həccdən sonra Tənim adlı yerdən ümrə etməzdilər. Əgər onlar Aişənin həccdən sonra etdiyi ümrənin onlar üçün də icazəli olduğunu düşünsəydilər o zaman onların bunu etmələri haqqında məlumatlar həddindən artıq çox olardı. İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: «Peyğəmbər (S.A.V.) özü Məkkənin kənarına çıxıb yenidən ümrəyə niyyət etməyib. Halbuki, bu gün bir çox insanlar bunu etməkdədirlər. Hətta heç bir səhabənin belə etdiyi öz təsdiqini tapmayıb».
Səhabələrin həccdən sonra ümrə etmədikləri haqqında məlumatlar necə doğrudursa, eləcə də onların il boyu ümrəni təkrarlamadıqları da təsdiqlənib. Onlar ümrə etmək üçün fərdi və toplum şəkilində Məkkəyə yollanardılar. Onlar bilirdilər ki, ümrə, Kəbəni təvaf etmək, Səfa və Mərva dağları arasında səy etməkdən ibarət olan bir ziyarətdir. Onlar yəqinliklə bilirdilər ki, Kəbəni təvaf etmək səy etməkdən daha əfzəldir. Onlar etdikləri ümrəyə əlavə olaraq, Tənim adlı yerə gedib, təzə ümrə üçün hazırlığa vaxt sərf etməkdənsə, bu vaxt ərzində Kəbəni təvaf edərdilər. Bildiyimiz qədər təzə ümrəyə görə Tənim adlı yerə getmək üçün sərf olunan vaxtın müqabilində, Kəbəni yüz dəfələrlə təvaf etmək olar. Ona görə Tavus (Allah ona rəhmət etsin) deyərdi: «Bilmirəm, tənimdən ümrə edənlərə savab verilər, ya əzab olunar!!»
Ondan təəccüblə soruşdular: Əzab olunar?!
O isə dedi: «Çünki o, kəbəni təvaf etməyi tərk edir. Əvəzində dörd millik yol gedir və geri qayıdır. Halbuki həmin məsafəni qət etmək əvəzində o, iki yüz dəfə təvaf edə bilərdi. Onun hər dəfə kəbəni təvaf etməsi, başqa iş ardınca getməsindən daha xeyirli olar».
Peyğəmbərin (S.A.V.) əməli sünnəsi və səhabələrin (Allah onlardan razı olsun) feli, ümrənin deyilən şəkildə təkrar edilməməsinə dəlildir. Bilin ki, Peyğəmbərimiz (S.A.V.) özünün və sonra Raşidi Xəlifələrinin sünnəsindən tutunmağı əmr edərək buyurmuşdur: «Mənim və məndən sonra hidayət yolunu tutan Raşidi Xəlifələrimin sünnəsindən tutunun, ona azı dişlərinizlə yapışın».

 
[1] Məlumatlar, “İrşadus Səri” kitabından nəql edilmişdir.