Satılacaq əşyanı, əldə etmədən satmaq

    15.04.2015

İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim qida məhsulu alarsa, onu tam əldə etməmiş satmasın». İbn Abbas deyir: «Mənə elə gəlir ki, hər bir şeyin alış-verişi qida məhsulu kimidir»[1].
Tavus İbn Abbasdan (A.R.O.) rəvayət edir ki, Peyğəmbər (S.A.V.) belə demişdir: «Kim qida məhsulu alarsa onu tam ölçüb almamış, başqasına satmasın». Mən İbn Abbasdan: Nə üçün? – deyə soruşdum. O dedi: Çünki onlar qida məhsulunu əldə etmədən, qızıl (yaxud, nəğd pul) ilə[2] alış-veriş edirlər»[3].
1. Digər müsəlman qardaşının alış-verişinə qarışmaq
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Biriniz digərinizin alış-verişinə qarışmasın»[4].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Bir müsəlman digər müsəlmanın almaq istədiyi malı həmin anda bahalaşdırıb almasın»[5].
2. əl-Eynə alış-verişi
Eynə alış-verişi, başqasına nisyə qiymətə mal stıb, malı ona çatdırmaq, sonra həmin müştəri, aldığı malın qiymətini ödəməmiş satıcının həmin malı nəğd qiymətə nisyə qiymətindən aşağı almasıdır.
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Siz əl-Eynə alış-verişi etdikdə, inəklərin quyruğundan yapışdıqda, əkin-biçinlə qənaətləndikdə və cihadı tərk etdikdə Allah sizə elə bir zəlillik verər ki, dininizə qayıtmayıncaya qədər o zəlilliyi sizdən uzaqlaşdırmaz»[6].
3. Malı uzun müddətə baha qiymətə satmaq (Kredit)
Bu günlərdə malı uzun müddətə baha qiymətə satmaq çox geniş yayılmışdır. Buna kreditli satış deyilir.
Bu alış-verişin mahiyyəti: malın uzunmüddətli ödənişlə, uzun vaxtda görə baha qiymətə satılmasıdır. Məsələn, nəğd qiyməti min manat olan malı, uzun müddətə min iki yüz manata kreditlə satmaq. Bu alış-veriş qadağan olunmuş növlərdəndir[7].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət etmişdir: «Kim bir satışda iki alış-veriş edərsə, ya az qiymətə razılaşmalı, yaxud sələmə (faizə) düçar olmalıdırlar».

 
[1] Müslim: 3/ 1160/ № 1525. Rəvayətin mətni onundur. Buxari: 4/ 349/ № 2135. Əbu Davud: 9/ 393/ № 3480. Nəsai: 7/ 286. Tirmizi: 2/ 379/ № 1309.
[2] Məsələn, deyək ki, buğdanı satıcıdan yüz manata alır və mal onun tam səlahiyyətinə keçməmiş, eyni zamanda həmin malı yüz on manata başqasına satır. Belə çıxır ki, bu halda o, yüz manatı, yüz on manta satıb. (tərc.)
[3] Müslim: 3/ 1160/ № 1525. Rəvayətin mətni onundur. Buxari: 4/ 347/ № 2132. Əbu Davud: 9/ 392/ № 3479.
[4] Buxari: 4/ 373/ № 2165. Müslim: 3/ 1154/ № 1412. İbn Macə: 2/ 333/ № 1271.
[5] Hədis səhihdir. əl-İrva: № 1298. Müslim: 3/ 1154/ № 1515.
[6] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 423. Əbu Davud: 9/ 335/ № 3445.
[7] Bu rəy müəllifin daha üstün saydığı rəydir. Digər alimlər bu növ alış-verişin icazəli olmasını deyirlər. Mənim fikrimcə bu rəy daha üstündür. Çünki müəllifin gətirdiyi hədis bu növə şamil olunmur. Belə ki, burada deyilən səbəb yoxdur. Yəni, alıcı malı ya nəğd alır, yaxud da nisyə kreditlə. O hansı alışa müqavilə bağlasa o da sayılır. Daha doğrusunu Allah bilir! (tərc.)