Satılması qadağan olan şeylər

    15.04.2015

1. Sərxoşedici içkilər: Aişə (A.R.O.) deyir ki, əl-Bəqərə surəsinin axırıncı ayələri nazil olanda Peyğəmbər (S.A.V.) camaat qarşısına çıxıb dedi: «Sərxoşedici içkilərin alış-verişi haram edildi»[1].

2. Ölmüş heyvan, donuz və büt:

Cabir ibn Abdullah (A.R.O.) Fəth ilində Məkkədə olarkən Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Həqiqətən Allah və Onun rəsulu sərxoşedici içkilərin, ölmüş heyvanın, donuzun və bütlərin alıb-satılmasını haram edir. Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs ölmüş heyvanların piylərini necə? Onunla gəmilər rənglənir, quru dərilər yağlanır, insanlar ondan işıqlandırma üçün istifadə edirlər. Bu halda da olmaz? Peyğəmbər (S.A.V.) dedi: Xeyr, haramdır. Sonra sözünə əlavə edərək dedi: Allah, yahudiləri öldürsün! Allah, iki növ heyvanın (inək və qoyunun) piyini onlara haram etdikdə onlar piyləri əridib satdılar və beləliklə ondan qazandıqlarını yedilər»[2].

3. İt: Əbu Məsud əl-Ənsari (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) it satmağı, zina etməyə və fala baxdırmağa görə verilən bəxşişi, qadağan etmişdir»[3].

4. Canlı məxluqatı əks etdirən rəsmlər: Səid ibn Əbul Həsən deyir: «Mən İbn Abbasın (A.R.O.) yanında idim. Bu zaman bir nəfər kişi onun yanına gəldi və dedi: Ey İbn Abbas, mən öz əlimin zəhməti ilə dolanan bir insanam. Bax mən bu rəsmləri çəkirəm. İbn Abbas dedi: Mən sənə yalnız Peyğəmbərdən (S.A.V.) eşitdiyimi danışacağam. O demişdir: «Kim bir rəsm çəkərsə, çəkdiyi rəsmə ruh verincəyə qədər Allah ona əzab verər. Amma o, heç vaxt ona ruh verə bilməyəcək. Kişi bunu eşidər-eşitməz vahiməyə düşdü, rəngi saraldı. Sonra İbn Abbas ona dedi: Əgər sən rəsm çəkməkdə israr etsən, onda cansız əşyaların şəklini, ağac və s. – çək»[4].

5. Yetişməmiş meyvə: Ənəs ibn Malik (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.), «meyvə yetişənədək, xurma isə bütövlənənədək onun satılmasını qadağan etmişdir. Orada olanlar dedilər: Xurmanın bütövləşməsini necə bilək? O dedi: Xurmanın bötövləşməsi, qızarması və ya saralmasıdır»[5].
Ənəs (A.R.O.) digər rəvayətdə deyir ki, «Peyğəmbər (S.A.V.) bötövləşməmiş meyvənin satılmasını qadağan etdi. Orada olanlar dedilər: Meyvənin bütövləşməsini necə bilək? O dedi: Bötövləşməsi, qızarmasıdır. Daha sonra Peyğəmbər (S.A.V.) dedi: Əgər Allah, meyvənin yetişməsinə mane olsa, siz öz qardaşınızın malını (əvvəlcədən meyvənin dəyərini) nə haqla götürərsiniz?»[6].
6. Dənələri yetişməmiş əkin məhsulu: İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bütövləşməmiş xurmanın, yetişməmiş və tələfolma təhlükəsi soyumamış sünbülün satılmasını qadağan etmişdir. Bu qadağa, həm satana, həm də alana şamil edilmişdir»[7].

 
[1] Buxari: 4/ 417/ № 2226. Müslim: 3/ 1206/ № 1580. Əbu Davud: 9/ 380/ № 3473. Nəsai: 7/ 308.
[2] Buxari: 4/ 424/ № 2236. Müslim: 3/ 1207/ № 1581. Tirmizi: 2/ 281/ № 1315. Əbu Davud: 9/ 377/ № 3469. İbn Macə: 2/ 737/ № 2167. Nəsai: 7/ 309.
[3] Buxari: 4/ 426/ № 2237. Müslim: 3/ 1198/ № 1567. Əbu Davud: 9/ 374/ № 3464. Tirmizi: 2/ 372/ № 1293. İbn Macə: 2/ 730/ № 2159. Nəsai: 7/ 309.
[4] Buxari: 4/ 416/ № 2225. Rəvayətin mətni ona məxsusdur. Müslim: 3/ 1670/ № 2110. Nəsai: 8/215. Onun rəvayəti müxtəsərdir.
[5] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 6928. Buxari: 4/ 397/ № 2167.
[6] Buxari: 4/ 398/ № 2198. Rəvayətin mətni ona məxsusdur. Müslim: 3/ 1190/ № 1555. Nəsai: 7/ 264.
[7] Hədis səhihdir. Müxtəsər Səhih Müslim: № 917. Müslim: 3/ 1165/ № 1535. Əbu Davud: 9/ 222/ № 3352. Tirmizi: 2/ 348/ № 1245. Nəsai: 7/ 270.