Azan verildikdə ev işləri ilə məşğul olmaq olar?

    19.01.2014
Sual: 
salam aleykum azan verildiyi zaman qap yumaq supurmey olarmi?
Cavab: 

Aleykum salam. Ev işlərini görərkən azan verilərsə, işi davam etmək eyb etməz. 
Azan və iqaməni eşidərkən müəzzinin dediklərini təkrarlamaq müstəhəbdir. Əbu Səid Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
«Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin».
Ömər ibn əl-Xəttab Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:
«Müəzzin “Allahu əkbər, Allahu əkbər” dedikdə, biriniz “Allahu əkbər, Allahu əkbər” desə, sonra “Əşhədu əllə iləhə illəllah” dedikdə, biriniz də “Əşhədu əllə iləhə illəllah” desə, sonra “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” dedikdə, biriniz “Əşhədu ənnə Muhəmmədən rəsuləllah” desə, sonra “Həyyə aləs salət” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Həyyə aləl fələh” dedikdə, “Lə havlə valə quvvətə illə billəh” desə, sonra “Allahu əkbər” dedikdə, “Allahu əkbər” desə, sonra “Lə iləhə illəllah” dedikdə, ürəkdən “Lə iləhə illəllah” desə, cənnətə daxil olar». Müslim, Əbu Davud. 
Kim müəzzinin dediklərini təkrar edərsə, yaxud müəzzin “həyyə aləs salət” və “həyyə aləl fələh” sözlərini dedikdə eşidən şəxs “Lə həvlə vələ quvvətə illə billəh” deyərsə, yaxud həm “həyyə aləs salət” və “həyyə aləl fələh” həm də “Lə həvlə vələ quvvətə illə billəh” sözlərini deyərsə, inşallah bütün hallarda doğru etmiş olar.
Müəzzin azan və ya iqaməni bitirdikdən və eşidən kimsə onun dediklərini təkrar etdikdən sonra qarşıdakı iki hədisdə deyilənləri oxuyur. Abdullah ibn Amr Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) belə eşitdiyini rəvayət edir:
«Müəzzini eşitdikdə onun dediyi kimi deyin, sonra mənə salavat deyin. Həqiqətən kim mənə bir salavat deyərsə, onun əvəzində Allah ona on salavat edər. Sonra Allahdan, mənim üçün vəsilə istəyin. Həqiqətən vəsilə cənnətin bir mərtəbəsidir. O yalnız Allah bəndələrindən birinə layiqdir. Allahdan diləyirəm ki, o adam mən olum. Kim Allahdan mənim üçün vəsilə istəyərsə şəfaətə nail olar».
 Müslim, Əbu Davud, Tirmizi.
Cabir Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: «Kim azanı eşidərkən belə deyərsə, Qiyamət günü şəfaətim ona halal olar.
“Allahım, bu mükəmməl duanın (azanın), dəyişilməyən namazın rəbbi Sənsən. (cənnətin ən yüksək məqamı) vəsiləni və (hər şeydən üstün) fəzilət məqamını Muhəmmədə bəxş et".
 Buxari, Əbu Davud, Tirmizi, Nəsa, İbn Macə.

Teqlər: 
Paylaş: