Namazdan sonra hansı zikrlər edilir və onlar vacib sayılırmı?
Aleykum salam. Namazdan sonra edilən zikr və dualar vacib deyil. Fəqət bəyənilən əməllərdəndir. Sovban adlı səhabə deyir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) namazını bitirdikdən sonra üç 3 dəfə "əstəğfirullah" deyərək istiğfar edər (Allahdan bağışlanma diləyirəm), sonra da belə deyərdi: "Allahummə əntəs sələmu və minkəs sələm, təbəraktə yə zəl cələli val ikram - Ey Allahım, Sən bütün naqisliklərdən və eyiblərdən uzaqsan. Əminamanlıq bəxş edən Sənsən. Ey qüvvət və lütf sahibi, Sən həqiqətən böyüksən". (ət-Tirmizi: 1/184, №: 299).
Həmçinin, belə deyərdi: "Lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu va huva alə kulli şeyin qadir. Lə havlə valə quvvatə illə billəh. Lə iləhə illəllahu, valə nə'budu illə iyyəhu. Ləhun ni'mətu va ləhul fadlu va ləhus sənəul həsən. Lə iləhə illəllahu, muxlisinə ləhud dinə, valov kərihəl kəfirun - Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir. Günahlardan qorunmaq və itaətlərin icrasına müvəffəq olmaq yalnız Allahladır. Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. Biz Ondan başqasına ibadət etmirik. Nemət də, lütf də, gözəl tərif də Ona məxsusdur. Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. Ona inanmayanlar istəməsələr də bizim etdiklərimiz yalnız Onun üçündür". (Muslim, 1/415).
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) salam verib namazını bitirdikdən sonra belə deyərdi: "Lə iləhə illəllahu, vahdəhu lə şərikə ləhu, ləhul mulku va ləhul həmdu va huva alə kulli şeyin qadir. Allahummə lə məniə limə a'taytə, valə mu'tiyə limə məna'tə, valə yənfəu zəl cəddi minkəl cədd - Allahdan başqa ibadətə layiq haqq olan məbud yoxdur. O təkdir, heç bir şəriki yoxdur. Malikanə və həmd-səna Ona məxsusdur. O hər şeyə qadirdir. Sənin əta etdiyinə heç kəs mane ola bilməz. Sənin qadağan etdiyini isə heç kəs əta edə bilməz. (mal dövləti və cah-cəlalı ilə) Güclü olan insan, bununla Səndən (Sənin əzabından) qurtula bilməz". (əl-Buxari, 2/325, №: 844).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hər namazdan sonra edilən zikrlər vardır ki, onları deyənlər və ya edənlər xəsarətə uğramazlar. Otuz üç (33) dəfə təsbih "Subhənəllah - Allah pak və münəzzəhdir" otuz üç (33) dəfə təhmid "Əlhəmdulilləh - Həmd-səna Allah üçündür", və otuz üç (33) dəfə təkbir "Allahu Əkbər - Allah ən böyükdür". (Muslim, 1/418/596).
Muaz ibn Cəbəl (Allah ondan razı olsun) deyir ki, bir gün Peyğəmbər (salləllahu aleyhi və səlləm) mənim əlimdən tutdu və dedi: "Ey Muaz, Allaha and olsun ki, mən səni sevirəm. Mən dedim: Atam, anam sənə fəda olsun, Allaha and olsun ki, mən də səni sevirəm. O dedi: Ey Muaz, mən sənə tövsiyə edirəm ki, namazdan sonra bunları deməyi tərk etmə: "Allahummə əinni alə zikrikə və şukrikə və husni ibədətikə - Ey Allahım, Səni zikr etməyim, Sənə şükrlü olmağım və gözəl ibadət etməyim üçün mənə kömək ol". (Əbu Davud, 1522; ən-Nəsai, 1303).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim hər fərz namazdan sonra "Ayətul-Kursi"ni (əl-Bəqərə, 255) oxuyarsa, onun cənnətə daxil olması üçün yalnız ölüm maneəsi kifayətdir". (Əhməd "Musnəd", 4/155; Əbu Davud, 1523; ən-Nəsai, 1336). Başqa rəvayətdə isə "əl-İxlas", əl-Fələq və ən-Nas surələrini də əlavə edilmişdir. (üç dəfə). (ət-Tirmizi, 3575; Əbu Davud, 5082).