Namaz qılmayıb sadəcə Allahı zikr etməklə kifayətlənmək olar?
Aleykum salam. Təbii ki, Uca Allahı hər zaman zikr etmək olar və bu çox gözəl əməllərdəndir. Amma şəriətə görə namazsız təkcə bununla kifayətlənmək olmaz. Hər bir müsəlman gündə beş dəfə namaz qılmalıdır və bunu əvəz edəcək bir əməl yoxdur. Müsəlman üçün zikrlərin ən önəmlisi və ən böyüyü elə namaz qılmaqdır. Namaz dinin dirəyidir və bəndə ilə Rəbbi arasında olan bir bağdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizdən biri namaz qıldıqda öz Rəbbi ilə gizli söhbət edir".
Namaz bəndənin öz Rəbbinə olan məhəbbətinin əlaməti və Onun nemətlərinin qədirini bilməsidir. Namaz Peyğəmbərə (salləllahu aleyhi və səlləm) və onun ümmətinə vacib buyurulan ilk ibadət ayini, tək Allaha olan itaətin və təslimiyyətin göstəricisi və nəfsin tərbiyəsidir. Namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) belə demişdir: "Deyin görüm, əgər sizdən birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada müəyyən vaxtlarda yuyunarsa, onun üzərində çirkdən əsər-əlamət qalarmı?" Onlar dedilər: Xeyir, Ya Rəsulullah! Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz". O (salləllahu aleyhi və səlləm) buyurdu: "Elə isə beş vaxt qılınan namazın misalı da belədir. Uca Allah onun vasitəsilə günahları silib yox edir". (əl-Buxari, 528; Muslim, 667, 1077; "Şərhu Riyədus-Salihin", 1042, 1043, 1044; ət-Tirmizi: "Əmsal", 5).
Zikr etməyiniz isə öz növbəsində gözəl və bəyənilən əməllərdəndir. Çalışın Uca Allahı zikr etməyinizlə yanaşı, namazı öyrənib qılasınız. Daha ətraflı namaz haqqında məqaləyə baxın.