Allahı necə zikr edim?
Aleykum salam. "Zikr" sözünün mənası "yada salma", "xatırlama" "anma" deməkdir. Uca Allah buyurur: "Siz Məni yad edin ki, Mən də sizi yad edim! Mənə şükür edin, Məni inkar etməyin!" (əl-Bəqərə, 152).
Uca Allahı zikr etmək, Onu xatırlamaq deməkdir. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə (Ona Allahın salamı olsun) belə buyurur: "Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Ta Hə, 14).
Uca Allahı zikr etmək ibadətdir. Həmçinin ibadət Uca Allahın sevib razı qaldığı hər bir söz və əmələ də deyilir. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!" (ər-Ra'd, 28).
"...Axşam-səhər Rəbbini həmd-səna ilə təqdis et! (Daim Allahı zikr et və ya gündə beş vaxt namaz qıl!)" (Ğafir, 55).
"O kimsə ki, Rəbbinin adını zikr edib namaz qılar!" (əl-Alə, 15).
Lakin xüsusi zikr növünə gəldikdə isə gün ərzində "Subhənəllah" (Allah pak və münəzzəhdir), "Əlhəmdulilləh - Həmd-səna Allah üçündür), "Allahu Əkbər - Allah ən böyükdür), "Lə iləhə illəllah, Muhəmmədən Rasulullah - Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun elçisidir" və s. zikrlər etmək səhih hədislərdə gəlmişdir. Bunları daha ətraflı zikr və dualar kitablarından öyrənə bilərsiniz.