əş-Şərh surəsinin izahı
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Məgər Biz sənin üçün köksünü açmadıqmı?
2. Yükünü səndən götürmədikmi?
3. Onlar belini bükürdü.
4. Biz adını sənə görə ucaltmadıqmı?
5. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
6. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
7. İşlərini qurtaran kimi Allah yolunda çalış!
8. Ancaq Rəbbinə üz tut!
əş-Şərh (Açma) surəsinin izahı
Məgər Biz sənin üçün köksünü açmadıqmı?
Bu sualın mənası təsdiqdir. Qurani Kərimdə bu cür suallara tez-tez rast gəlmək olur. Ayədə verilən sualın mənasına gəlincə, burada Uca Allah Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - köksünü açdığını təsdiq edir. Burada açmaq sözü genişlətmək deməkdir. Köksün genişlənməsi dedikdə söhbət hissi genişlənmədən deyil, mənəvi genişlənmədən gedir. Uca Allah başqa bir ayədə belə buyurur: “Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar” (əl-Ənam, 125). Sonra Allah buyurur:
Yükünü səndən götürmədikmi?
Yəni, sənin günahlarını bağışladıq və səni əfv etdik. Uca Allah Qurani Kərimdə Öz peyğəmbərinə belə buyurur:
“Həqiqətən, Biz sənə aydın bir zəfər bəxş etdik ki, Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin və Allah sənə böyük bir qələbə ilə kömək etsin” (əl-Fəth, 1-3).
Həmçinin, Muğira ibn Şobə demişdir: “Bir dəfə Rəsulullah gecə namazını qıldı və o qədər ayaq üstə durdu ki, hətta, ayaqları şişdi. Sonra ona: “Nə üçün özünü bu ağır yüklə yükləyirsən?! Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır”– deyildi. Onda o: “Şükür edən bir qul olmayımmı?!” – deyə cavab verdi.”
Onlar belini bükürdü
Yəni, onlar sənə ağırlıq gətirirdi. İnsanın beli bədəninin dayaq yeridir. Əgər yük beli yorursa, onda digər bədən üzvlərini necə yorur?! İnsanın beli ən güclü bədən üzvüdür. Belində və əlində yük daşımağına baxsan, bunun fərqini görə bilərsən. Sonra Allah buyurur:
Biz adını sənə görə ucaltmadıqmı?
Şübhə yoxdur ki, Uca Allah Peyğəmbərin adını ucaltmışdır. Birincisi, hər bir fərz namaza yüksək yerdən azan verildikdə; ikincisi, hər bir fərz namazda şəhadət verdikdə; üçüncüsü, hər bir ibadətin qəbul olunması üçün iki əsas şərti tətbiq etməklə Peyğəmbərin adını ucaltmışdır. Bu iki şərt bunlardır:
1. İxlas. İbadəti yalnız Allah rizası üçün etmək.
2. Peyğəmbərin buyurduğuna uyğun şəkildə etmək.
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir
Bu ayə Allahın Peyğəmbərə və onun ümmətinə olan müjdəsidir. Yəni, sənin üçün köksünü açıb yükünü səndən götürməklə və adını sənə görə ucaltmaqla sənə bu böyük nemətləri verdiyimiz kimi sənə üz verən çətinliyin ardınca mütləq asanlıq veriləcəkdir. Bu iki ayə haqqında görkəmli təfsir alimi İbn Abbas: “Bir çətinlik iki asanlığa üstün gələ bilməz” – demişdir. Bu iki ayədə çətinlik və asanlıq sözləri hərəsi iki dəfə işlənir, lakin ərəb dilinin qaydalarına görə çətinlik sözü müəyyənlik artikli ilə, asanlıq sözü isə qeyri-müəyyənlikdə işləndiyinə görə bir çətinlik və iki asanlıq ifadə olunur. Odur ki, çətinliyə məruz qaldıqda asanlıq gözlə. Həmçinin, bu asanlıq şəriətin buyurduğu ibadətlərdə də özünü göstərir. Məsələn, namaz ayaq üstə qılınır, bacarmadıqda oturan yerdə, onu da bacarmadıqda uzanan yerdə qılmağa icazə verilir. Habelə, oruc, həcc və başqa ibadətlərdə də asanlıq görə bilərsən. Həmçinin, müsibətə düçar olduqda, güzəranın və köksün daraldıqda məyus olma, çünki hər bir çətinliyin ardınca asanlıq gəlir. Allah sənə səbir etməyə yardım etməklə çətin işin asanlaşır. Bu o demək deyildir ki, çətinlik həmişə tamamilə götürülür. Bu o deməkdir ki, Allah sıxıntını aradan qaldırır, səbir etməyə yardım edir və çətinlik insan üçün asanlığa çevrilir. Sonra Allah buyurur:
İşlərini qurtaran kimi Allah yolunda çalış!
Yəni, işlərini qurtaran kimi digər xeyirxah əməllər etməyə çalış və dünyanın bər-bəzəyinə aldanıb özünü yaxşı işlər görməkdən məhrum etmə. Zaman insanın üzərindən keçib getməkdədir və onu tutub saxlamaq mümkün deyildir. Ona görə də aqil insan vaxtının qədrini bilərək həyatını çalışmaqla sürər. Sonra Allah buyurur:
Ancaq Rəbbinə üz tut!
Yəni, bütün işlərini yalnız Allahın rizasını qazanmaq üçün et!