əz-Zumər surəsinin 42-ci ayəsinin təfsiri

    26.06.2015
Sual: 
Salam aleykum. zəhmət olmaxsa zumər surəsi 42ci ayənin tam təfsirini yazardınız. Allah razı olsun.
Cavab: 

Aleykum salam. Qeyd etdiyiniz ayədə Uca Allah belə buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır". (əz-Zumər, 42).

Təfsiri: "Uca ayədə qeyd edir ki, yalnız O, Öz məxluqlarının taleyinə sərəncam verir. Onların oyaq olma­sın­dan və ya yuxuya getməsindən, yaşamasından və ya ölməsindən asılı olmayaraq, Uca Allah onlarla istədiyi kimi rəftar edir. O, qullarının ölüm anında, yəni, dünya həyatından ayrıldıqları zaman, canını alır. Bu, ölüm mələyinin öz köməkçiləri ilə birlikdə ölən insanın ruhunu bədənindən çıxar­ma­larına zidd deyildir. Elə buna görə də Uca Allah Öz Elçisinə (sallallahu aleyhi və səlləm) buyurur ki, belə desin: "... Sizin tapşırıldığınız ölüm mələyi sizi vəfat et­dirəcək və sonra siz Rəb­binizə qaytarılacaqsınız". (əs-Səcdə, 11).
Quranda həmçinin belə deyilir: "...Sizdən birinizə ölüm gəl­dik­də, Bizim elçilərimiz onun canını alırlar və onlar qüsura yol ver­mirlər". (əl-Ən'am, 61).
Uca Allah bəzən də bu və ya digər əməli Özünə aid edir. Çünki məhz O, Vahid Xaliq və Kainatın Hökmdarı­dır. Amma bəzən də, hər hansı bir əməli Öz məxluq­la­rına aid edir. Çünki ilahi müdrikliyi tələb edir ki, Kai­natda baş verən hər şeyin öz səbəbi olsun! Sonra Allah Təala bildirir ki, O insanların ru­hunu onlar yuxuda olarkən bədənlərindən çıxarıb götürür. Bu onu göstərir ki, yuxu kiçik ölümdür. Yəni az bir müddət ərzində davam edən ölüm halı və onun xüsusi formasıdır. Əgər insanın qismətinə yuxuda olduğu zaman ölmək yazılmışdırsa, onda Uca Allah onun ru­hunu bir daha bu dünyaya qaytarmır. Lakin əgər insana yuxu­dan oyanmaq nəsib olacaqsa, onda onun ruhu bədəninə qayıdır və müəyyən müddət keçənə qədər həyatdan zövq al­maqda da­vam edir. Həqiqətən, bütün bunlarda düşünən insanlar üçün də­lillər, ibrətlər vardır. İnsan bunların üzərində fikirləşərsə, ona ay­dın olar ki, Uca Allah nə qədər qüdrətli və öldükdən sonra insanları diriltməyə nə qədər qadirdir. Bu sözlərdən belə məlum olur ki, ruh və bədən müxtəlif var­lıqlardır. Onların mövcudluğu bir-birindən fərqlidir və müx­təlif mahiyyətə malikdirlər. Ruh da Uca Allahın yaratdığı məxluqdur və Onun hakimiyyəti altındadır. Ruh ölmür və başqa bir aləmə düşmək imkanına malikdir və orada digər insanların ruhları ilə görüşə bilər, hətta onlarla söhbətləşə də bilər. Canlı insanlar yu­xudan oyandıqları anda onların ruhu bədənlərinə qayıdır. Ölmüş insanların ruhu isə bu imkandan məhrumdur. Sonra Uca Onun hüzurunda özlərinə şəfahətçilik et­mək üçün başqa havadarlar axtaran, onlara böyük ümidlər bəsləyən və hətta onların himayəsinə layiq olmaları üçün hava­darlarına ibadət edən müşrikləri qınayır". (Quran Təfsiri: Abdurrahmən ibn Nasir əs-Səədi).

Mənbə: http://qurantafsiri.blogspot.com/

Teqlər: 
Paylaş: